KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Bakı-Ankara görüşünün pərdəarxası məqamları: “Qarabağın aqibəti Ukraynadakı proseslərə bağlıdır”

Hasan Oktay: Bakı-Ankara görüşünün pərdəarxası məqamları: “Qarabağın aqibəti Ukraynadakı proseslərə bağlıdır”

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
353 0

Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Antalya şəhərində 4 saat sürən görüş həm regional, həm də qlobal məsələləri hədəf almaqla yeni strateji xəttləri müəyyən etmiş oldu. Görüşün açıq olan tərəfinə görə müzakirədə Cənubi Qafqazda postmünaqişə dövrü, Avropa bazarına qaz ixracının artırılması və ən əsas da Ukraynada müharibə yer alıb. Lakin qeyd etmək lazımdır ki, iki qardaş ölkənin rəhbərləri Qarabağda gedən məsələləri müzakirə edərkən, regionda ermənilərin təxribatına cavab olaraq, başladılması ehtimal olunan anti-terror əməliyyatlarına dair bəzi pərdəarxası məqamları da müzakirə edilib. Bu barədə KAFKASSAM-ın rəhbəri, türkiyəli siyasi ekspert Həsən Oqtay Ednews-a açıqlaması zamanı deyib.

Hasan Oktay, KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi sitesinin yazarı

“Ərdoğanla Əliyev arasında 4 saatlıq görüş istər-istəməz bütün diqqətləri öz üzərinə çəkib. Tərəflər arasında həm də İlham Əliyevin əvvəlcə Ukraynaya getməsi, daha sonra Rusiyanın Ukraynaya hücum etdiyi günündən iki gün öncə Moskvada imzalanan müttəfiqlik bəyannaməsi həmin 4 saatlıq görüşdə müzakirə olunub. Qeyd etməliyəm ki, bu gün bütün post Sovet dövlətlərinin diqqəti Rusiya ilə Ukrayna üzərindədir və onlar Rusiyanın müharibədəki uğurlu və ya uğursuz vəziyyətinə uyğun olaraq mövqe tutacaqlar. Bu kontekstdə Azərbaycan və Cənubi Qafqaz çox önəmlidir,” deyə, o, belə vurğulayıb.

Siyasi analitik əlavə edib ki, Rusiya öz ənənəvi siyasətini hələ də davam etdirir və bu cəhətdən də Qarabağdakı proseslər olduqca əhəmiyyət daşıyır.

“Çar Rusiyası Cənubi Qafqazı ələ keçirdikdən sonra bütün Türküstan coğrafiyasına nəzarəti əlinə alaraq həm sovet, həm də federasiya dönəmində də bu strategiyanı davam etdirdi. 1991-ci ildə Sovet İttifaqı dağılanda Cənubi Qafqazda Dağlıq Qarabağ uğrunda gedən döyüş, rusların yeni müstəqillik qazanmış türk respublikaları üzərində hökmranlıqlarını qurmaq üçün istifadə etdiyi kobud güc üsuludur. 44 günlük Vətən müharibəsindən sonra imzalanan 10 noyabr atəşkəs müqaviləsi çərçivəsində Rusiya, Sülhməramlı qüvvələrinin adı ilə Qarabağın bir hissəsini yenidən öz nəzarətinə aldı. Bu məsələlər Ərdoğanla Əliyev arasında heç şübhəsiz müzakirə olunub. Çünki Qarabağ məsələsi, Xəzərin enerji potensialı, Ukraynanın gələcəyi və türk dünyası üçün çox önəmlidir.

Ekspert həmçinin Ukraynadakı silahlı münaqişənin başa çatmasından sonra Cənubi Qafqazda proseslərin nə kimi dəyişəcəyi və bunun Qarabağla bağlı müsbət və ya mənfi, təsirinin ola bilməsi ehtimalına da toxunub.

“2-ci Rusiya-Ukrayna müharibəsinin nəticəsinin necə formalaşacağı hələlik məlum olmadığı bir məqamda, Türkiyə Ermənistanla münasibətləri ən qısa zamanda yaxşılaşdırmağa başlayıb. Bununla Türkiyə həm də üçlü münasibəti səfərbər etməklə, Rusiya Sülhməramlı Qüvvələrinin Qarabağda və ümumiyyətlə, Cənubi Qafqazda qalmasını tələb edən səbəbləri aradan qaldırmaq istəyir. Əgər Rusiya qarşıdakı dövrdə Ukraynadan istədiyini alaraq qələbəsini elan etsə, bu, bütün keçmiş sovet respublikaları üçün böyük təhlükəyə çevriləcək. Ukrayna üzərində mümkün qələbə nəticəsində Rusiyanın əldə edəcəyi uğur həm də Türk dünyasına xələl gətirə bilər.

Hazırda Azərbaycanın etməli olduğu müharibə deyil, Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərini düzəltmək, Rusiya ordusunun Qarabağda qalmaq bəhanəsini sıradan çıxarmaq olmalıdır. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq hüquqa əsasən Qarabağın Azərbaycan ərazisi olmasını təmin edib. Bu səbəbdən də Qarabağda erməni hökmranlığı mümkün deyil. Hazırda Rusiya regionda qalmaq üçün bu idarəçiliyi davam etdirir. Hesab edirəm Ukrayna böhranı həll olunmamış, Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri birmənalı olaraq normallaşmalıdır”.

Elnur Ənvəroğlu

https://m.ednews.net/az/news/analytical-wing/508131-baki-ankara-gorusunun-perdearxasi-meqamlari

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir