Türkiyə Suriyadakı prosesləri Suriya hökuməti ilə birlikdə idarə etmək istəyir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Türkiyə və Suriya hakimiyyətlərindən dialoqun bərpasına ciddi maraqla bağlı siqnallar gəlir. Lavrovun sözlərinə görə, Rusiya danışıqlar prosesinin tezliklə yenidən başlanmasına fəal kömək edəcək. Rusiyalı nazir qeyd edib ki, Dəməşq və Ankaranın mövqelərində əvvəllər aşkar edilmiş fikir ayrılıqları danışıqlar prosesində fasiləyə səbəb olub: “Suriya hökuməti israr edir ki, ilk növbədə Türkiyə hərbi kontingentinin ölkə ərazisindən çıxarılması barədə qərar qəbul etmək lazımdır. Türkiyədə, prinsipcə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyirlər. Lakin öz ordusunun ölkədən getməsi məsələsinə daha sonra qayıtmağı təklif edirlər. Çünki hər iki paytaxtdan dialoqun bərpasına ciddi maraqla bağlı siqnallar gəlir. Odur ki, biz danışıqlar prosesinin tezliklə yenidən başlanmasına fəal kömək edəcəyik”. Lavrov həmçinin vurğulayıb ki, Suriya-Türkiyə arasında münasibətlərin normallaşması Suriyadakı vəziyyətin sabitləşməsi və Yaxın Şərqdə təhlükəsizliyin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Diplomat əlavə edib ki, Rusiya Dəməşq və Ankara arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün ardıcıl səylər göstərir. Lavrov xüsusi maraq doğuran mövzular arasında suriyalı qaçqınların geri qayıtması, terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyinin təmin edilməsini önə çəkib.
Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay “Sherg.az”a bildirib ki, Rusiya xarici işlər naziri Kazanda keçirilən BRICS toplantısı çərçivəsində “Hürriyyət” qəzetinə geniş açıqlama verib və Suriyadakı hadisələrlə bağlı olan beş mühüm mövzuya diqqət çəkib. Professor xatırladıb ki, daha sonra xarici işlər naziri Hakan Fidan həmin qəzetə bu məsələlərlə danışıb:
“Türkiyə ilə danışıqların aparılması üçün Əsədin “türk əsgərlərinin Suriyadan çıxarılması” şərti anlaşılan deyil. Türk ordusunun Suriya ərazisində olması problem deyil. Suriyada Əsəd hökumətinə qarşı geniş silahlı müxalifəti dəstəkləyənlər arasında Rusiya və ABŞ də daxil olmaqla digər dövlətlərin qoşunları da var. Əgər Türkiyənin bölgədən əsgərlərini çəkməsi Suriyaya sülh və əmin-amanlıq gətirəcəksə, Ankara əsgərlərini dərhal geri çəkməyə hazırdır. Lakin Türkiyənin bölgədəki varlığının hədəfi Suriya hökuməti deyil, terrorçu ünsürlərin fəaliyyətinin qarşısını almaq, onların Türkiyəyə təhdid yaratmasının önünü kəsməkdir. Türkiyə Suriyada sülhün və sabitliyin təminatçısı kimi Əsədlə görüşməyə hazırdır. Türkiyə Suriyadakı prosesləri Suriya hökuməti ilə birlikdə idarə etmək istəyir”.
İsmayıl Qocayev
https://sherg.az/siyaset/279253