KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Əriyən buzlar və dostluq naminə dostluq – Türkiyə-ərəb dünyası münasibətlərində yeni era

Hasan Oktay: Əriyən buzlar və dostluq naminə dostluq – Türkiyə-ərəb dünyası münasibətlərində yeni era

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
313 0

Təxminən iki il əvvəl Qətər xaricində, Türkiyə ilə ərəb dövlətləri arasında münasibətlər olduqca gərgin vəziyyətdə idi. Məsələn, Ankara ilə Ər-Riyad arasında ziddiyyətlər o dərəcəyə çatmışdı ki, heç bir barışıqdan söz açmaq mümkün deyildi. Lakin siyasi xəttə baş verən dəyişkənlik tədricən sərt buzları əridə bildi.

Söhbət, ilk növbədə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay Səudiyyə Ərəbistanına planladığı səfərindən gedir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında xoş münasibətlər qurulub. Əslində münasibətlərin bu formada dəyişməsi üçün bir səbəb olmalı idi. Həmin səbəb isə hakimiyyəti dövründə ərəb dövlətlərini öz təsiri altında saxlaya bilən Trump erasının bitməsi və yeni Bayden erasının başlanğıcı idi. Məhz hazırkı ABŞ prezidenti Cozef Baydenin hakimiyyətə gəlməsindən sonra Türkiyə son bir ildə BƏƏ ilə münasibətləri normallaşdırıb.

Hazırda prezident Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri həm də, ABŞ-dakı hakim demokratlarla ərəb münasibətləri arasındakı münasibətlərlə bağlıdır. Çünki demokratlar artıq Trump dönəmindəki kimi Krallığa silah tədarükü üçün yüz milyardlıq sənədlərə imza atmır. Görünür Fars körfəzində təklənmək istəməyən Kral ailəsi, Türkiyəyə qarşı bütün nifrətləri və anti-Türkiyə ritorikasını bir kənara qoyaraq rəsmi Ankara ilə danışıqlar aparmağa məcbur olub.

Həqiqətən də Krallıq başa düşür ki, Birləşmiş Ştatlar əvvəlki kimi çox sərt anti-İran mövqe tutmaq niyyətində deyil. Belə bir halda, Krallıq dəstək olmadan Yaxın Şərqin bir neçə güclü ölkəsi ilə qarşılaşmağa hazır deyil.

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı danışıqların qısa və uzaq perspektivdəki nəticələri barədə türkiyəli siyasi analitik, Qafqaz Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Həsən Oqtay EDNews.net-ə açıqlama verib.

“Qeyd edim ki, prezident Rəcəb Tayyib Ərdoğan 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Camal Qaşıqçının qətlindən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edəcək. Buna baxmayaraq, “böyük düşmənçilik” ifadəsi indiki şəraitdə o qədər də real deyil. Beynəlxalq münasibətlərdə mütləq düşmənçilik və ya mütləq dostluq yoxdur. Tarix bunun nümunələri ilə doludur. Bir-birinə qarşı iki dünya müharibəsi aparan Avropa dövlətləri bu gün az qala Aİ-nin çətiri altında vahid dövlətə çevrilirlər. Türkiyə-Səudiyyə Ərəbistanı münasibətləri həssas bir prosesdən keçir. Bunun üçün geniş təhlilə ehtiyac var.

O ki qaldı iki dövlət arasındakı münasibətlərin korlanmasına, bilirsiniz ki, bu, prezident Ərdoğanın Yeni Zelandiyada baş verən terror aktına sərt reaksiyasından sonra ortaya çıxıb. Türkiyənin bu hücumu ən yüksək səviyyədə pisləmək üçün bir heyət göndərməsinə baxmayaraq, Qərb liderlərinin və Səudiyyə Ərəbistanı da daxil olmaqla İslam dünyasının bu hücumlara reaksiya verməməsi Səudiyyə Ərəbistanının İslam dünyasındakı imicinə dərindən təsir etdi. Ərəb dünyası ilə münasibətlərdə, ərəblər arasında ideoloji çəkişmələrdə Türkiyə tərəf olmalı idi və bu Türkiyəyə çox mənfi təsir göstərə bilərdi.

Bundan əlavə, Türkiyə bütün Yaxın Şərq və Körfəz regionu ilə yeni və müsbət əlaqələr inkişaf etdirməyə çalışır. O cümlədən burada İsrail və Birləşmiş Ərəb Əmirliklərindən də söhbət gedir. Hesab edirəm ki, prezident Ərdoğanın keçmiş səhvlərini düzəltmək üçün atdığı addım regional sülh üçün son dərəcə əhəmiyyətlidir”.

Siyasi Analitik həmçinin uzun müddət Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münaqişəyə səbəb olan Camal Qaşıqçı məsələsinə, habelə onun danışıqlar prosesinə hər hansı bir təsirinin olub-olmamasına toxunub.

“Camal Qaşıqçının qətli beynəlxalq və diplomatiya hüququ çərçivəsində qiymətləndirilməli bir hadisədir. Bir qayda olaraq, konsulluq binaları toxunulmazdır. İmmunitetin təmin edilməsinə dövlət cavabdehdir. Başqa sözlə, Türkiyə Səudiyyə Konsulluğunun qorunmasına cavabdeh idi. Bu baxımdan qətl baş verdikdən sonra Türkiyə istintaqın bütövlüyü baxımından işə müdaxilə etdi. Ona görə də, Türkiyə üzərinə düşən öhdəliklər çərçivəsində hərəkət etdi. Bu baxımdan Türkiyənin Camal Qaşıqçı cinayətinə yanaşması siyasi deyil, sadəcə qanun çərçivəsində aparılan bir istintaq işidir. Burada hadisə şişirdilərək diplomatik səviyyəyə qədər qabardılıb və nəticədə dövlətlər arası münaqişəyə çıxarıb”.

Bundan əlavə, Həsən Oqtay Türkiyənin Səudiyyə Ərəbistanı ilə münasibətləri vasitəsilə ölkədə yatırımların artırılması imkanları barədə söz açıb.

“Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərə bütünlüklə baxmaq lazımdır, başqa sözlə, bu inkişafa Türkiyənin Yaxın Şərq və Körfəz genişlənməsi kimi yanaşmaq gərəkir. Məlum olduğu kimi, Türkiyə bu yaxınlarda həm Birləşmiş Ərəb Əmirlikləri, həm də İsraillə yeni münasibətlərin inkişafı təşəbbüsü ilə çıxış edib. Bu çərçivədə Türkiyə-Səudiyyə Ərəbistanı görüşü təkcə iqtisadi xarakter daşımayacaq. Bunun sosial və siyasi təsirləri yaxın gələcəkdə özünü göstərəcək. Səudiyyə rəhbərliyi Türkiyəni olduğu kimi qəbul edəcək, Türkiyənin tarixi keçmişinə uyğun davranacaq və keçmişi birlikdə təhlil edərək gələcəyə daha sağlam zəmin hazırlayacaq. Bölgədə təhlükəsizlik problemi yaşamamaq və Türkiyədəki iqtisadi böhrandan çıxmaq üçün hər iki dövlətin bir-birinə ehtiyacı var”.

Elnur Ənvəroğlu

EDNews.net

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir