KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Hadisə Rusiya-Türkiyə əlaqələrini daha da gücləndirəcək” – SORĞU

“Hadisə Rusiya-Türkiyə əlaqələrini daha da gücləndirəcək” – SORĞU

Hasan Oktay Hasan Oktay - - 13 dk okuma süresi
446 0

Dünən Ankarada Rusiya səfiri Andrey Karlovun “Kalininqraddan Kamçatkayadək Rusiya” adlı sərgidə çıxış edərkən türkiyəli polis tərəfindən öldürülməsi dünyanın hər yerində müzakirə mövzusudur. Təyyarə vurulandan sonra Türkiyə ilə Rusiya arasında az qala müharibə başlayacaqdı, amma göründüyü kimi, olmadı. Əksinə, iki ölkə arasında münasibətlər əvvəlki ilə müqayisədə daha da gücləndi. Bəs səfirin öldürülməsi hadisələrə necə təsir göstərəcək? Ilkin yaşanan olaylar Moskvada və Ankarada bunun xaricdən ssenariləşdirildiyini və türk-rus münasibətlərini pozmağa hesablandığını yaxşı başa düşdüklərini ortaya qoyur. Yəni bu qətl olayı iki ölkəni daha da yaxınlaşdıracaq. Elə rəyini öyrəndiyim çox sayda ictimai fikir sahibi olan şəxslər də eyni mövqeyi bölüşür – Ankara-Moskva dostluğu daha da güclənəcək. Təki belə olsun. Gəlin bir-birindən zəngin fikirlərə nəzər salaq:

– Hüseyn Üzər, iqtisadçı:

– Ankarada Rusiya səfirinin öldürülməsi əsla təsadüfi deyil. Nəzərə alaq ki, bir neçə gün sonra Rusiyada Suriyanın gələcəyini maraqlandıran çox vacib zirvə görüşü keçiriləcək və Türkiyənin xarici işlər naziri də Moskvada səfərdədir. Bu hadisəni analiz etmək istəyiriksə, onun kim və ya kimlərin işinə yaradığına fikir verməliyik. Məncə bu Türkiyə-Rusiya əlaqələrini pozmaq üçün qurulan ssenaridir. Çünki rus səfirin qətli yenicə TANAP, nüvə reaktorunun tikintisi və milli valyuta ilə ticarət etmək kimi sazişlər bağlayan Türkiyə və Rusiyanın marağına qətiyyən uyğun deyil. Ona görə də tərəddüd etmədən demək olar ki, bu, yaxınlaşmadan narahat olan dövlətlərin işidir. Amma hadisəyə görə Ankara ilə Moskva əldə etdikləri əlaqələri kəsməyəcəklər. Hər iki tərəf vəziyyəti başa düşür və qiymətləndirir. Əksinə, düşünürəm ki, hadisə Rusiya-Türkiyə münasibətlərini daha da yaxınlaşdıracaq.

Ərcümənt Yıldırım, Fransada yaşayan iş adamı:

– Öldürülən terrorçunun Allahu Əkbər deməsini nəzərə alsaq, ola bilər səfiri Rusiyanın Suriyadakı fəaliyyətinə cavab olaraq vurublar. Bu həm Suriya müxaliflərinin işi ola bilər, həm də İŞİD-in. Amma sual çıxır ki, njiyə məhz bunu Türkiyədə etdilər? Çünki Türkiyəyə istər dağdan enmək, istərsə də mühacir olaraq girib-çıxmaq çox asandır. Bunun Rusiya-Türkiyə dostluğu ilə əlaqəsi olmamalıdır. Terrorçu türkiyəlidir və bunun Rusiyanın Əsədə dəstəyinə cavab olduğunu zənn edirəm. Ola bilər o şəxs Hələbdə öldürülən mülki insanların acısından təsirlənib.

Seyfəddin Altaylı, təqaüddə olan telejurnalist:

– Bu hadisə mənə görə yüz faiz Qərbin oyunudur. Türkiyə indiyə kimi Qərbin qarşısında sözəbaxan rol oynayırdı, ancaq indi rolunu dəyişib və Qərb də bundan olduqca qəzəblidir. Qərb dünyası 11-ci əsrdən bəri bizi Anadoludan atmağa çalışdı, ancaq bacara bilmədi və indi ayrı yol sınayır. Xüsusilə də cahil kütlələri qızışdırıblar. Sadəcə, onlarla kifayətlənmirlər, beyni yuyulmuş yazıqları da bugünki hadisədə “cəhənnəmə göndərilən fətullahçı polis kimi” qızışdırıb, maşa kimi istifadə edirlər. həm Rusiya rəhbərliyi, həm də Türkiyənin dövlət xadimləri soyuqqanlı davranmasa, bundan ikisi də ziyan çəkəcək. Təyyarənin vurulması kimi bu da tamamilə təxribatdır. Qərb Türkiyəni də, Rusiyanı da dünyadan təcrid etməyi planlaşdırır, bəziləri ağalığını itirmək istəmir. Türkiyə nə zaman ayağa qalxmaq istəyir, Qərbdən badalaq atılır. Bu da növbəti qorxunc təxribatdır. Rusiya ilə əlaqələri düzətməyə çalışdığı üçün Türkiyənin qarşısını almaq istəyirlər. Türkiyə daha diqqətli addım atmaq, daxili və xarici təhlükəsizliyi əmin əllərə təslim etmək məcburiyyətindədir. FETÖ-çülərin hamısı dövlət pillələrindən silinməlidir. Yoxsa xalqımız və dövlətimiz bu cür oyunlarla yenə qarşılaşacaq. Kənan Evren və dəstəsinin fətullahçıları dövlət sisteminə sızdırmasının nəticəsidir bunlar. Prezident Ərdoğan da papağını qarşısna qoyub, düşünərək qərar verməlidir. Dövlətin din adamları və qaydaları ilə idarə olunmayacağı aşkardır.

Ersin Karaca, iş adamı:

– Ölkəmizdə baş verən bu cür istənilən hücumu qınayıram və düşünürəm ki, hamısı xarici güclərin ssenarisi əsasında edilir. Uzun illərdir Türkiyənin inkişafını istəməyən, fürsət düşdükcə bunu terror aktları törətməklə və ya iqtisadi böhran yaratmaqla əngəlləyən çalışan Qərb bizi xaosa sürükləməyə səy göstərir. Amma bu dəfə arzuları ürəklərində qalacaq. Çünki türk xalqı, Atatürkün dediyi kimi, ağıllı və çalışqandır, oyunlara gəlməyəcək. Hesab edirəm ki, bunun necə məkrli oyun olduğunu Moskva da başa düşəcək. Əgər başa düşməyəcəksə, hər iki dövlətin ziyanı böyük olacaq. Türkiyə özü kimi güclü qonşularının olmasını istəyir və qonşuların da Türkiyəyə ehtiyacı var.

Hasan Oktay, KAFKASSAM-ın direktoru:

– Hadisəni iki aspektdən analiz eləmək lazımdır. Birincisi, Suriya hadisələrinin Türkiyə mətbuatında şişirdilmiş və birtərəfli işıqlandırılmasının nəticəsi olaraq sarsıntı keçirən polisin fərdi şəkildə qisas almaq istəməsi. Burada əsl məsuliyyət hökumətyönümlü medianın üzərinə düşür. Yanlış məlumatlandırma nəticəsində insanlar psixaloji baxımdan təsirə məruz qalıblar. Polisin hücumunu bu şəkildə analiz eləsək, hadisəyə fərdin törətdiyi cinayət kimi damğa vurulacaq. İkincisi müstəvidən yanaşanda, beynəlxalq tərəfləri ortaya çıxır. Təyyarə vurulanda iki ölkə arasında münasibətlər son dərəcə təhlükəli həddədək – müharibənin astanasınadək gerilədi və ortaya bir fakt çıxdı: Türkiyə ilə Rusiya arasında müharibə başlatmaq asandır. Amma bu an İsrail proseslərə müdaxilə edərək Türkiyə-Rusiya-İsrail əlaqələrini normallaşdırdı və müharibə təhlükəsi aradan qalxdı. Bunu həzm edə bilməyən ABŞ və müttəfiqləri Türkiyədəki yerli əlaltılarını hərəkətə keçirib, 15 iyul dövlət çevrilişinə cəhd olayını yaratdı. Bu da uğurlu alınmayınca Türkiyə daxilində vətəndaş müharibəsi çıxarmaq, terror aktları törətmək kimi ssenarilər işə salındı. Səfirin öldürülməsinə bu baxımdan yanaşsaq, olay Türkiyə-İsrail-Rusiya ittifaqına atılmış güllə kimi görünəcək. Bunun arxasında hansı dövlətin olduğunu demək çətin olsa da, İran-ABŞ ittifaqı daha çox qabarır. Xatırlayırsınızsa, İran təsadüfən Rusiyanı Suriya bataqlığına salsa da, sonradan tək buraxılmışdı və nəticədə Tehran ABŞ-la əməkdaşlıq edərək özünə qarşı embarqolardan xilas olmuşdu. İran görür ki, İsrail, Türkiyə və Rusiya kimi bölgə ölkələri ittifaq qurur və hətta Netanyahunun səfərindən sonra Azərbaycanın da bu birliyə çəkilməsi gözlənilir. İran şimal sərhədində yaranmaqda olan ittifaqdan çox narahatdır və na görə də ABŞ-la məcburi işbirliyi qurub bu hadisəni törədə bilər. Hazırda Türkiyə ictimaiyyətində əsas düşüncə budur ki, səfiri öldürən polis FETÖ-nün adamıdır. Hesab edirəm ki, istənilən halda bu olay Türkiyə və Rusiyaya daha çox şey qazandıracaq.

Rəhim Hümbətov, Krımın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri:

– Ankarada törədilən faciə, şübhəsiz, Türkiyənin əleyhinə hazırlanmış təxribatdır. Bu addımı atmaqla Türkiyəni zəiflətmək istəyirlər. Düşünürəm ki, bu akt Rusiya ilə Türkiyə arasındakı münasibətlərə qırıcının vurulması ilə bağlı hadisə kimi təsir etməyəcək. Paradoksal olsa da, bu terror akti iki ölkənin münasibətlərinin daha da genişlənməsinə gətirib çıxaracaq.

Çağatay Balçı, beynəlxaq məsələlər üzrə mütəxəssis:

– Məqsəd tam aydındır: Türkiyə ilə Rusiyanın arasını vurmaq. Bu hücum ABŞ və Avropa Birliyinin birbaşa dəstəyi ilə, FETÖ terror təşkilatının üzvləri tərəfindən edilib. Hər halda bu çox güclü ehtimaldır. Eyni zamanda, hücum edənin səsləndirdiyi şüarlar Hələb məsələsinə işarə edir. Bu vəziyyət Türkiyədə Hələb və türkmənlərlə bağlı həssasiyyət göstərən bütün qrupların nəzarətə götürülməsinə yol aça bilər. Çünki Türkiyədə Rusiyanı tənqid edən və Hələbə dəstək üçün etiraz aksiyaları keçirən qruplar vardı son günlərədək. Bu qruplar da təəssüf ki, ittihamlarla üzləşə bilərlər. Amma onların heç birinin bu suiqəsddə əlinin olmadığına əminəm.

Dilşat Tərzi, iraqlı iqtisadçı:

– Təbii ki, hadisə çox acınacaqlıdır. Hücumun bölgəmizin yanıb-qovrulduğu bir vaxtda meydana gəlməsi diqqətçəkicidir. Bunun arxasında Hələb və Suriyada cərəyan edən olaylar dayana bilər. Ancaq son aylar düzələn və hətta inkişaf edən Türkiyə-Rusiya əlaqələrini pozmağa yönəlmiş cəhdin olması da mümkündür. Rusiyanın hadisəni terror aktı olaraq tanıması, iki ölkə arasında münasibətlərin pozulmayacağına işarədir.

Varol Esen, Böyük Turan Hərəkatı Partiyasının sədri:

– Hadisə təşvişyaradıcıdır. Hesab edirəm kimlərsə bu ssenarini düzüb-qoşub. İstəyirlər Türkiyəni xaosa sürükləsinlər və məqsədləri də Türkiyə-Rusiya əlaqələrini pozmaqdır. Məncə burada hər iki ölkə rəhbərliyinin tutacağı mövqe çox vacibdir. Qarşıdan gələn günlərdə nəyin olub-bitəcəyini görəcəyik. Arzu edirəm heç bir sıxıntılı hal yaşanmasın.

Yusuf Suiçməz, Orta Doğu Universiteti İlahiyyət Fakültəsinin dekanı:

– Rusiya təyyarəsini vuranlarla səfiri öldürənlər, hesab edirəm ki, eyni qüvvədir. Məqsəd Türkiyə-Rusiya münasibətlərini pozmaqdır. Təbii ki, bu olayın arxasındakı güclərin deşifrə edilməsi lazımdır. Rusiya tərəfinin açıqlamalarına baxdığımızda, onlar da məsələni təxribat kimi dəyərləndirirlər. Məncə Türkiyə-Rusiya münasibətləri bu terror aktından təsirlənməyəcək. Amma kəşfiyyat və təhlükəsizlik tədbirlərinin zəifliyi məsələsinin gündəmə gələcəyi aydındır.

Kaya Boztəpə, ABŞ-da yaşayan iş adamı:

– Məncə bu olaydan sonra nəinki münasibətlər pisləşməyəcək, əksinə, daha da güclənəcək. Rusiya da bunun oyun olduğunu yaxşı bilir. Xüsusilə də səfirin belə bir vacib tədbirdən az əvvəl öldürülməsi şübhələri artırır. Terrorun arxasında FETÖ-nün çıxa bilməsi mümkündür.

Abdurrahman Mustafa, Suriya Türkmən Məclisinin üzvü:

– Məsələ hadisə Suriya və Hələblə bağlı olsaydı, Rusiya səfirinin yerinə Rusiya-Türkiyə yaxınlaşmasını istəməyənlər hədəf seçilərdi. Bu hücum, sadəcə, Türkiyə-Rusiya əlaqələrini pozmağa istiqamətlənib, Rusiya təyyarəsini vuranlar və Əl-Babda türk əskərlərini şəhid edənlər tərəfindən qurulmuş ssenaridir. Hesab edirəm bu hadisə Ankara ilə Moskva arasında əlaqələri daha da gücləndirəcək. Çünki hər iki ölkədə hücumun arxasında duranların kimliyini və məqsədlərini yaxşı bilirlər.

Hafta.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir