KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala SADIQOV: Qafqazda xristiyan coğrafiyası yaratmağın gizlinləri və açmasına dair

Həsənbala SADIQOV: Qafqazda xristiyan coğrafiyası yaratmağın gizlinləri və açmasına dair

Kafkassam Editör Kafkassam Editör - - 19 dk okuma süresi
289 0

Mən yaşın və elmin mənə verdiyi səlahiyyətə dayanaraq bildirəm ki, bizim itirdiklərimizin çoxu dinə sahib ola bilməməyimizlə əlaqədardır. İctimai əxlaqın qorunmasında dinin çox mühüm rol oynadığını söyləyənlərin tərəfindəyəm. Cəmiyyət hadisələrinin tabe olduğu ən ümumi qanunauyğunluluq ideyasını daima inkişaf etdirməli olduğumuzu, itirdiklərimizi(öz günahımız üzündən və ya bizdən asılı olmayan səbəb üzündən-HS) və tarixi mərhələləri heç vaxt yaddan çıxarmamalıyıq. Ona görə ki, tarixin belə bir az qala yaşayan və təkrarlanan qızıl qanunu var ki, yaddan çıxaranı təzədən əvvəlkindən də ağır cəzalandırır. Son cəzalandırma nə az, nə çox düz 30 il davam etdi. Beynəlxalq təşkilatlardan umduqlarımızı onlardan heç cür ala bilmədik. Sanki beynəlxalq təşkilatlar Ermənistanın azərbaycan torpaqlarını işğal etməsini görmürdülər. Yenə də günahı bərabərləşdirməyə çalışırdılar.
BMT-nin işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi haqqında 4 qətnaməsi yerinə yetirilməmiş qaldı. Məğlub edilmiş millət adını daşımaq çox ağır idi. Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal olunmuş torpaqları 44 günlük Vətən müharibəsi ilə azad etdi. Bizə, Vətən müharibəsindəki qələbəmiz bizə dünyada Qalib Millət adını qazandırdı.
Bizim adımız “müsəlman” olsa da çox halda “həqiqətən müsəlmanıq?” sualına ürək açan cavab verə bilmirik. Tariximizdə çox əsrlik xristiyan həmrəyliyi ilə qarşı qarşıya olduğumuz halda ona qarşı regionda, dünyada sağlam, demokratik dəyərlərə dayanan çox vacib olan işlək və hadisələrə təsir edə biləcək Müsəlman həmrəyliyinə nail ola bilməmişik.
Dinin Azərbaycanda mühüm amil olduğunu Rusiya imperatoru 1831-ci ildə qəbul etdiyi “Yeni işğal edilmiş ərazilərin müvəqqəti idarəsi haqqında əsasnamədə” çox müstəmləkəçik və assimlyatorçuluq formasında ifadə etmişdir.. “Bu kitab–Quran” nə qədər ki, Rusiya tərəfindən yeni işğal edilmiş ərazidə yaşayan xalqların əlindədir bu xalqı kölə(tabe, təbə) etmək olmaz. “
Nə etməli? sualına da özünə yaraşan cavab verir və yerinə yetirilməsini tələb edir. 1.​Quran müxtəlif formalı qadağanlarla əhalinin əlindən alınsın, 2.Görkəmli və xalq arasında böyük nüfuzu olan din xadimləri müxtəlif bəhanələrlə gedər gəlməzə çox halda Sibirə, bir-biri ilə görüşə bilməyəcək yerlərə sürgün edilsinlər. 3.​Xalq içərisində hörmətsiz olan, dini təhsilsiz və dindən xəbəri olmayan, təsadüfü insanlara Quranın təbliği tapşırılsın.4.​Nəticədə Quran həqiqətləri xalqa çatdırılmayacaq. Din xadimləri isə “səviyyəsini“ gördükdən sonra cəmiyyətdə nüfuzsuz qrup təşkil edib cəmiyyətdən ayrılmış və cəmiyyətin lağ yeri olacaqlar.
Şimali Azərbaycan torpaqlarının işğalı Rusiyaya Şərqə doğru daha da irəliləmək üçün əlverişli şərait yaratdı. Hətta o zamanda gizlədilsə də çar Rusiyası isti dənizlərə yol açılması prosesində azərbaycanlıları öz siyasətinə mane hesab edirdilər. Buna görə də dilə gətirilməsi belə çox ağır olan bir siyasət yerinə yetirməyə çalışırdılar. Yeni planlanan xristiyan coğrafiyanın yaranmasında ermənilərə yeni torpaqlar vermək üçün çox qəddar və amansız siyasət- azərbaycanlıları neçə min illik ata-baba torpaqlarından-Qafqazdan sıxışdırıb çıxarmaq siyasətini yerinə yetirməyə başladılar.
Hətta Azərbaycanda olan hakim ali müsəlman silkinin – zümrəsinin nümayəndələri də siyasi cəhətdən hüquqsuz və etibarsız idilər. Onlar yüksək dövlət vəzifələrinə yaxın buraxılmırdılar. Azərbaycanlı gənclərə yeni işğal həyata keçirmiş Rusiya dövləti silah etibar etmirdi. Bu səbəbdən də azərbaycanlıları orduya çağırmırdı. Rusiya tərəfindən işğal olunan Azərbaycanda da dövlət idarələrində bütün dəftərxana işləri rus dilində aparılırdı. Qafqazda, o cümlədən yeni işğal edilmiş ərazilərdə məqsədli v planlı köçürmə və ruslaşdırma siyasəti yeridilirdi. Tarixən Rusiyanın işğalına qədər Azərbaycanda bir nəfər də olsun rus yaşamamışdı. XIX əsrin sonunda Şimali Azərbaycan əhalisinin 10%-ni, Bakı şəhəri əhalisinin isə üçdə birini ruslar təşkil edirdi. Xanlıqlar dövründə Bakı şəhərində cəmi 3-5 gəlmə erməni ailəsi yaşayırdı.
Rusiyanın Azərbaycanda tətbiq etdiyi təhsil sistemi xalqımızı ruslaşdırmağa və çarizmə sədaqət ruhunda tərbiyə etməyə yönəlmişdi. Artıq həmin dövrdə çar hakimiyyəti nümayəndələri azərbaycanlı gənclərə hətta rus dilində də keyfiyyətli təhsil vermək niyyətində deyildilər. Rəsmi sənədlərin birində yazılmışdı:”Burada təhsili elə qurmaq lazımdır ki, rusca bilik alan tatar(azərbaycanlı-HS) tam bir heçliyə çevrilsin. Rus dilində yazanda çoxlu səhvlər buraxsın,, nəinki qubernatordan, hətta sıravi dəftərxana məmurundan da qorxsun.”
Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən erməni mənşəli rus polkovniki Qazaros Lazaryan (Lazaryev) İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: “Orada (yəni Şimali Azərbaycanda-HS) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz. İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların (yəni ermənilərin-HS) bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik”. Daim köçəri həyat sürməyə, yerdəyişmələrə adət etmiş ermənilərə bu dəfə təlqin edilirdi ki, “İran çörəyi yeməkdənsə, rus otu yemək daha yaxşıdır”.
Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi.
Rusiya bu qəddar və müsəlman düşmənçiliyini təsdiq edən gizli planını bunun üçün ilk növbədə Cənubi Qafqazın az sayda olan xristian əhalisinə arxalanmaq istəyirdi. Başlıca olaraq İrandan və Türkiyədən köçürülmüş ermənilərə, həmçinin Qafqazın qədim sakinlərindən olan, Rusiya himayəsini qəbul etmiş gürcülərə arxalanırdı. Xristiyan amili şüarı altında türk əsilli xristiyan albanlardan da, Azərbaycanın xristian-alban əhalisindən də çox məharətlə istifadə etdilər. Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Bütün vasitələrlə, hətta məcburiyyət vasitələrindən də çəkinməyərək yerli müsəlman əhalinin zorla xristianlaşdırılmasına başlandı.
Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gətirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi.
Amerika tarixçisi professor Justin Makkarti 1915-ci il hadisələri ilə əlaqədar Amerikada çap olunan “Ölüm və sürgün” kitabında qeyd edir ki, Rusiyanın Şimali Azərbaycan torpaqlarını işğal etməsi ilə yeni xristiyan coğrafiyasının yaradılmasına başlandı. Rusiyanın regionda geniş işğallara başlaması ilə Cənubi Qafqazda Bizans imperiyasından sonra xristian amili ikinci dalğa yenidən dirçəldildi. Azərbaycan torpaqlarına Osmanlı dövləti və Qacarlara məxsus olan İran yaylası ərazilərindən xristian əhalinin köçürülüb gətirilməsi prosesi daha da genişləndirildi.
XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. “Erməni vilayəti”nin əyalət və dairələrində gəlmə ermənilərin artımı və yerli azərbaycanlıların çar təzyiqinə davam gətirməyərək İran və Türkiyə ərazilərinə köçməsi nəticəsində əhalinin etnik tərkibindəki fərq meydana gətirməyə çalışırdılar.
Çox halda Rusiyada amansız xarici işğal siyasətinə demokratik xarakter vermək haqqında da düşünürlər. Güya işğal öncəsində Azərbaycanda yerli hakimlər-xanlar Rusiyanın yerli xalq üzərində himayəsi olmasaydı ölkənin yerli əhalisini qılıncdan keçirəcəklərmiş. Hətta heç bir arxivşünaslıq əsası və əxlaqı olmadan yerli əhalinin Rusiyaya “himayə məktublarının” da olduğu əsassız şəkildə iddia edilir. Mən qeyd olunan arxivlərdəki “himayə müraciətlərinin” müasir dövrdə hazırlanmasının tərəfdarıyam. Güya bütün bəlalar Azərbaycanda xanlıqların çox olmasındadır. Halbuki Azərbaycanda mərkəzləşmə prosesi Rusiyanın müdaxiləsi olmazdısa tamamlana bilərdi.
1815-cu ildə Almaniyada 360 mikro dövlətin olduğunu mənbələr təsdiq edir. 1815-ci il Vyana konfransından sonra Yeni Avropa xəritəsi tərtib olunanda 36 dövlət müəyyən edildi. Avropa dövlətlərindən heç biri Rusiya kimi Almaniyada feodal pərakəndəliyi var deyib o yerləri işğal etmədi. Nəticə ondan ibarətoldu ki, 50 il sonra Birləşmiş Almaniya dünyaya millətçilik və dövlətçilik nümunəsi təqdim etdi.
Əlahəzrət işğalçılar, Azərbaycanın mərkəzləşmə prosesini siz pozdunuz. Əslində əlahəzrət tarix gec də olsa cavab soruşmalıdır. Buna görə də Rusiyanın XIX əsr xarici siyasəti amansızlıq indeksinə görə dünyada çox irəlildədir. Dünyada qəbul edilmiş qaydalara görə dövlətlərin xarici siyasətinin amansızlığını müəyyən edən ən mühüm amillərdən biri işğal prosesində taxtda olan hakimlərin öldürülməsidir. Rus işğalı prosesində Azərbaycan xanlarının əksəriyyəti “gələcəkdə mane olmamaq” şərti ilə fiziki olaraq məhv edilmişdilər. Varis olaraq qalanlardan bir çoxu rəsmi olaraq “hakimiyyətə iddiaçılıqdan” Rusiyanın qurduğu ssenarilərə əsasən imtina etmişdilər.
Ermənlərlə bağlı xarici siyasətin ilk addımla rından biri Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında-keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə və heç bir əsas-etnik say zəmini olmadan “Erməni vilayəti” yaradıldı. Bununla da Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin yaradılmasının faktiki əsası qoyuldu. Erməni vilayəti (1828-1840)-İrəvan və Naxçıvan xanlıqlarının Rusiya imperiyası tərəfindən işğalından sonra onların ərazisində yaradılmış inzibati-ərazi vahidi idi.
Fransız mənşəli rus tədqiqatçısı U.Şopen Paskeviçin tapşırığı ilə 1829-32-ci illərdə “erməni vilayəti”ndə kameral siyahıyaalma keçirmişdir. Burada kəndlərin və əhalinin sayı göstərilmişdir. “Erməni vilayəti”ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türkləri yaşayırdı. İrəvan xanlığının ərazisi, ayrı-ayrı işğalçı imperiyaların hökmranlıq dövrləri istisna edilməklə, ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Bu torpaqlar həm də Azərbaycan-türk tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlardan biri idi.
Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən də çəkinmirdilər.
Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.
Erməni vilayətinin meydana gəlməsini bir sıra hallarda bir təsadüfə bağlayırlar. Əslində məsələ elə deyildir. Azərbaycan torpaqlarına köçürülmələrinin 10 ili tamam olmamasına baxmayaraq ermənilər Erməni vilayətinin yaranmasında-texniki prosesdə sadəcə müşahidəçi olmamışlar. Ermənilərin təkidi ilə vilayətin yeni statusunun möhkəmləndirilməsi naminə onun gerbi də qəbul olundu. Gerbin aşağı hissəsində Ağrı dağının şəkli çəkilmişdi. Onun fonunda tac və Eçmiədzin (Üçmüəzzin) monastırı, gerbin yuxarı hissəsində isə Rusiya taxt-tacının emblemi olan ikibaşlı qartal təsvir edilmişdi Gerb Rusiya çarı tərəfindən 1833-cü il fevral ayının 27-də təsdiq olundu. Bu gerbdə tam əsassız olaraq və tarixi gerçəklikləri yox sayaraq həmin ərazilərin türklərlə bağlılığını xatırladan heç bir əlamət yox idi.
Bir cəhətin qeyd edilməsinə də ehtiyac vardır. Azərbaycan xalqı bütün dövrlərdə çarizmin erməniləri himayə siyasətinə qarşı qarşı mübarizə aparmışdır. 1840-cı ildə «Erməni vilayəti» ləğv olunduqdan sonra İrəvan və Naxçıvan əyalətləri Rusiya imperiyasında olan inzibati ərazi vahidi kimi -qəzaya çevrilmişdilər.
1849-cu ildə isə həmin Azərbaycan torpaqlarmda yeni inzibati-ərazi vahidi-İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi.
Bölgədəki bütün yer adları-toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu qəbiristanlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı.
Professor Həsənbala SADIQOV
Azərbaycan Respublikasının Əməkdar müəllimi
7

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir