KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala SADIQOV: Bəşəriyyətə qarşı törədilmiş ən qanlı soyqırımlarının müəllifi məhz Fransadır

Həsənbala SADIQOV: Bəşəriyyətə qarşı törədilmiş ən qanlı soyqırımlarının müəllifi məhz Fransadır

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
302 0

Terroru və soyqırımını dövlət siyasəti kimi qəbul edən Fransa Əlcəzairdə 1,5 milyon insanı, həmçinin Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə sakini məhv etmişdir
Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, böyük fransız inqilabının prinsiplərinə dəfələrlə xəyanət etmiş, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törətmişdir.
Əvvəlcə bir suala cavab vermək lazımdır: nə üçün Fransa parlamenti düşüncə və söz azadlığına zərbə vuran bir məsələni – qondarma erməni soyqrımının inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan layihəni müzakirə edərək qanunlaşdırır? Çoxları iddia edir ki, guya parlament üzvləri seçkilərdə ermənilərin səsi uğrunda dəridən-qabıqdan çıxırlar. Əslində, bunun yalnız hansısa məhdud, azsaylı seçici qrupunun – ermənilərin səsi ilə əlaqələndirilməsi məsələni çox sadələşdirir. Fransızları ermənilərlə yaxınlaşdıran, onların hamisi olaraq çıxış etməyə vadar edən xristian təəssübkeşliyi ilə yanaşı, türk düşmənçiliyidir, islami dəyərlərə qarşı barışmazlıqdır.
Fransa tarixinin heç bir dövründə nə Osmanlı imperiyasının, nə də Türkiyə Cümhuriyyətinin dostu olmuşdur. 100 ildən artıq bir müddətdir ki, Fransada məktəb dərsliklərində türk düşmənçiliyi tədris edilir. Fransız Morqan XX əsrin əvvəllərində “Erməni xalqının tarixi”ni yazmaq sifarişini aldıqda qeyd edirdi ki, “bu məsələ, yəni erməni xalqının tarixinin yazılması Fransanın dünya müharibəsində iştirakından, hətta qələbəsindən də daha əhəmiyyətlidir”. Birində türk-islam düşmənçiliyi varsa, o birində xristian təəssübkeşliyindən qidalanan ermənisevərlikdir. Fransanın tarixində ermənisevərliyində qabarma və çəkilmə dövrləri olsa da, ümumi siyasət dəyişməz olaraq qalmışdır.
Fransanı ən çox narahat edən məqam tarixi ilə üzləşməkdir. Fransa böyük coğrafi kəşflərdən başlayaraq XX əsrin sonlarına qədər işğal etdiyi torpaqlarda – üç qitədə olan müstəmləkələrində hələ də tarixin arxivlərində saxlanılan soyqırımı aktları həyata keçirmişdir. Fransanın XIX əsrin 30-cu illərindən başlayan tarixinə işıq tutsaq, aydın olar ki, bu ölkənin tərcümeyi-halı soyqırımı aktları ilə nə qədər zəngindir. Fransa aparıcı dövlətlərin soyqırımı reytinqində ön sıralarda durur. Soyqırımı aktlarını ört-basdır etmək üçün öz gözündə tiri görməyib, başqalarının gözündə saxta soyqırımı tükünü axtarır.
Fransanın törətdiyi soyqırımı silsiləsi, əvvəlki dövrlər nəzərə alınmasa, 1830-cu ildə Əlcəzairin işğalı ilə başlanmışdır. İşğal prosesi çox vəhşiliklərlə müşayiət olunmuş, qarşı qüvvələr tamamilə qılıncdan keçirilmiş və güllələnmişdir. Fransızlar yerli əlcəzairlilərə “ən yaxşı əlcəzairli – ölü əlcəzairlidir” fəlsəfəsi ilə yanaşmışlar. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar soyqırımı cinayətlərini daim artırmışlar. Hətta Amerika, Avropa mənbələri aydın göstərir ki, Fransa Əlcəzairdəki müstəmləkəçilik müddətində 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Bu gün fransızların Əlcəzairdəki soyqırımına aid sənədlər informasiya agentliklərinin saytlarında geninə-boyuna sərgilənir. Gedib tarixin dərin qatlarında saxta soyqırımı axtarmağa ehtiyac yoxdur. Saxta soyqırımını parlamentə çıxarmaqdansa Fransa XX əsrin 50-60-cı illərində Əlcəzairdə mədəni dünyanın, bu gün yaşayan insanların gözləri qarşısında həyata keçirdiyi soyqırımı cinayətlərindən utanmalıdır. Saxta erməni soyqırımını müzakirə etmək, ona qiymət vermək böyük fransız inqilabının vətənində insan haqlarının, düşüncə azadlığının tam qiymətsiz olduğunu aşkarlayır.
Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmiş hərbi birliklərini Əlcəzairdə başlanmış xalq hərəkatını boğmaq üçün gətirmiş və bu hərəkata qarşı hücum birlikləri təşkil etmişdi. Fransa Əlcəzairdəki hərbi hava qüvvələrindən də geniş istifadə etmiş, Vyetnamdakı məğlubiyyətin əvəzini bu ölkədə çıxmışdır.
Fransızlar yalnız partizanlara deyil, mülki əhaliyə qarşı da amansızlıqla qırğın həyata keçirmişlər. Mənbələrdən görünür ki, fransızlar Əlcəzairdə dəhşət yaratmaq üçün əldə etdikləri partizanları göyə qaldırır, onları şəhərlərə, insanların çox olduqları yerlərə atırdılar. Bununla da yerli əhaliyə “fransızlara müqavimətdən vaz keçməsəniz, sizin də taleyiniz belə olacaqdır” mesajını verirdilər.
Fransızlar əlcəzairliləri məcbur etmək üçün ölkənin mühasirəsini təşkil etmiş, Əlcəzair sahillərinə gəmilər vasitəsilə gələn və gələ biləcək hər cür hərbi və iqtisadi köməyin qarşısını alırdılar. Ölkəni aclıqla təslim olmağa məcbur edərkən insanların qırılmasına səbəb olmuşdular.
Əlcəzairdə müqavimət hərəkatı 1954-cü ildən /1962-ci ilin 19 martına qədər davam etmişdir. Hər gün orta hesabla 557 əlcəzairli öldürülməklə 1,5 milyon insana qarşı soyqırımı həyata keçirilmişdir. Əlcəzair qurtuluş müharibəsinə başladıqda əhalisinin sayı 9 milyon olmuşdur. Qurtuluş müharibəsindən sonra 7,5 milyon əlcəzairli qalmışdır. Bəs Fransa bunları nə vaxt parlamentin müzakirəsinə çıxaracaq? Nə zaman əlcəzairlilərdən üzr istəyəcəkdir? Nə zaman “Əlcəzairdə soyqırımı olmuşdur” deyənləri həbs edəcək və pul cəzası tətbiq edəcəkdir?
Fransanın soyqırımı tərcümeyi-halı yalnız Əlcəzairlə məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı vermirmiş.
Bu ölkənin soyqırımı izləri Afrikanın hər yerində vardır. Mərakeş ərazisində fransız müstəmləkəçiliyinin izləri bu gün də mətbuat səhifələrində aydın görünür.
XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olur. O zaman Cibuti qəbilələrin federasiyası əsasında idarə olunurdu. Fransızlar qəbilə rəislərini görüşə dəvət edir, onlarla ayrıca müqavilə bağlayırdılar. Müqavilə bağlanmasına baxmayaraq, bölgənin müsəlman əhalisi fransız müstəmləkəçiliyi ilə barışmamış, ona qarşı mübarizə aparmışdır. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğuldu, 100 minlərlə insan öldürüldü. Fransız səlahiyyətliləri Cibutidə islama qarşı da ciddi mübarizə aparırdılar. İnsanları islam dinindən uzaqlaşdırmaq üçün ciddi missionerlik fəaliyyətinə başlamışdılar. Bir tərəfdən ölkədə islami təhsili yasaq edir, missionerlər vasitəsilə xristianlaşma prosesini həyata keçirirdilər. Lakin bu sahədə əsaslı uğurlar qazana bilmədikdə Avropadan xristianları köçürərək Cibutiyə yerləşdirdilər. Hazırda Cibutidə olan xristianlar yerli əhali olmayıb, Avropadan ora köçürülənlərdir.
Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin soyqırımı tərcümeyi-halının bir parçasıdır. Yerli xalqın uzun müddət ciddi müqavimət göstərməsinə baxmayaraq, XIX əsrin sonlarına doğru ingilislər, fransızlar və almanlar Çad gölünün ətrafının bölünməsinə nail oldular. 1911-ci ildə Fransa Çadı tamamilə ələ keçirə bildi. Fransız işğalçıları qətliamlara haqq qazandrmaq üçün iddia edirlər ki, onlara qədər Çadda xalq ibtidai vəziyyətdə yaşamışdır. Çadda məscid və mədrəsələr dağıdıldı, islam dini qadağan edildi, müsəlman alimləri həbs edildi. Fransızların ən dəhşətli soyqırımının yeni adını elm adamlarının soyqırımı adlandırmaq olar. Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq üçün konfrans təşkil etdiklərini bildirirlər. Konfransa hər yerdən fransızların dini islahatlar keçirmək vədlərinə inanan elm adamları toplaşmağa başlayır. Konfransın başlanmasına bir neçə saat qalmış fransız əsgərləri salona girərək elm adamlarının hamısını öldürürlər. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımını davam etdirmişlər.
Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. Kamerunda da fransızların törətdiyi milli, mənəvi soyqırımı izlərinə aid sənədlər elmi mübadiləyə daxil edilmişdir. Fransa Nigeriyada da 1960-cı ilə qədər qırğınlar törətmiş, müqavimət göstərənləri öldürmüş, xristianlaşmanı həyata keçirmişdir.
1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada da ən amansız dəhşət, terror, azacıq müqavimət göstərənlərə qarşı soyqırımı keçirən rejim qurdular. Onlar öz missionerlərini Tunis mənşəli xalqın nümayəndəsi adından təqdim edir və dəstəkləyirdilər. Burgiba adlı birisi uzun illər Tunisdə Fransanın ssenarisini həyata keçirmişdir. Fransızların təşkil etdikləri hərbi mərkəzlər zülm, işgəncə, soyqırımı düşərgələri idi.
Budur Fransanın həyata keçirdiyi soyqırımı tarixinin coğrafiyasının bir parçası. Xəyali, saxta erməni soyqırımı yerinə Fransa doğrudan da tarix boyunca həyata keçirdiyi soyqırımı aktlarını parlamentində müzakirə edib qərarlaşdırmış olsaydı, dünyada “insan haqlarının və düşüncə azadlığının” vətəni olduğunu sübut etmiş olardı.

Həsənbala SADIQOV,

Gəncə Dövlət Universitetinin professor

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir