KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Gürcüstan yeni güc axtarışında: Saakaşvilinin möhtəşəm dönüşü alınmır

Gürcüstan yeni güc axtarışında: Saakaşvilinin möhtəşəm dönüşü alınmır

Hasan Oktay Hasan Oktay - - 17 dk okuma süresi
407 0

Gürcüstan 8 oktyabr parlament seçkisinə hazırlaşır. Mərkəzi Seçim Qurumu artıq 45 siyasi partiyanın seçkiyə qatılmasına izn verib. 19 siyasi partiya isə gərəkli səsləri toplaya bilmədiyi üçün isə bu hüququ qazana bilməyib.
Maraqlıdır ki, öncəki seçkilərdən fərqli olaraq bu dəfə vətəndaş fəallığı o qədər də yüksək deyil. Seçkiyə çox qısa zaman qalsa da keçirilən sorğularda vətəndaşların 22 faizi hələ də kimə səs verəcəklərini qərarlaşdırmadıqlarını bildirib. Bu, Gürcüstan üçün xarakterik durum deyil. Sovetlər Birliyi dağılandan sonra bütün seçkilər yüksək vətəndaş fəallığı ilə keçib, kampaniya başlamazdan xeyli öncə favorit siyasilər və partiyalar bəlli olub. Ancaq bu dəfə durum fərqlidir.
Ancaq Gürcüstanın yeni hökumətini formalaşdıracaq seçkilərə vətəndaş marağının az olmasını seçicilərin seçki prosesinə inamsızlığından yarandığını düşünmək son dərəcə yanlış olardı. Gürcüstan keçmiş Sovetlər Birliyi ölkələri içərisində demokratik seçki gələnəyi yaradan tək-tük ölkələrdən biridir. İndiyə qədərki bütün seçkilərdə xalqın iradəsi qalib gəlib, prosesi kim qazanıbsa, bütün siyasi düşərgə onun qələbəsini tanıyıb. Görünür, vətəndaşların prosesi kənardan izləməsinin tək səbəbi yeni güclü siyasi partiyanın, eləcə də liderin ortaya çıxmamasıdır. Siyasi vitrinin tez-tez dəyişməsinə öyrəşən seçicini prosesdən soyudan da çox güman, bu məqamdır.
Gürcüstan toplumu yenilikləri sınamaqdan, hətta risk sayıla biləcək addımları atmaqdan çəkinməyən toplumdur. Bağımsızlığın yaxın tarixinə baxsaq, görərik ki, ən başarılı siyasi partiyalarda belə parçalanma təbii qarşılanır. Bu gün bir siyasi partiyanın ən üst düzeyində mövqe tutan siyasətçi üçün sabah yeni bir partiya qurmaq, ya da siyasi həyatını dəvət aldığı başqa bir partiyada davam etdirmək sıradan olaydır. Bu mənada Gürcüstanla Azərbaycan qəti müqayisəyə gəlmir. Çünki Azərbaycanda ideologiyaları ən yaxın partiyalardan belə transferlər sədaqətsizlik sayılır, bundan doğan incikliyi xəfiflətmək bir illərlə mümkün olmur.
Qayıdaq Gürcüstana. Ölkədə keçmiş prezident Mixeil Saakaşvilinin qurduğu Vahid Milli Hərəkat ana müxalifət sayılsa da, seçkidə səslərin 40 faizini belə toplayacağı real görünmür.
Xarizmatik lider olmasına, Gürcüstanın dirçəlməsi üçün ciddi işlər görməsinə baxmayaraq, seçicilərin çoxu onun öz missiyasını artıq başa vurduğunu düşünür.
Saakaşvilini aşağılar sevsə də, iş həyatı ilə uzaqdan-yaxından ilgisi olanlar onun yenidən ölkəyə dönüşünü kəsinliklə arzu etmir. Çünki, prezidentliyi dönəmində onun repressiyasını ən çox hiss edən iş dünyası olub. İş adamlarından qanunsuz yollarla böyük pullar tələb olunub, tələbləri yerinə yetirilməyənlər iflasa məhkum edilib, həbslərdə çürüdülüb. Saakaşvili tərəfdarları bu haqda danışarkən bildirir ki, yeni Gürcüstan qurmaq, xalqı yaşatmaq üçün ciddi paralar gərək olub. Dünya fondlarının leqal dəstəyi ölkəyə çatana qədər həmin böyük pulları yerli iş adamlarından savayı kim ayıracaqdı ki? Müdafiə arqumentlərindən biri də odur ki, onsuz da həmin böyük paraları iş dünyası leqal yolla əldə etməyib. Sovetlərdən qalan mirasların bölüşdürülməsi zamanı ədalət prinsipi qorunmayıb, vergi verilməyib, qısacası, bəlli bir qrup millətin haqqı olan iri vəsaitləri ələ keçirib. Keçiribsə, demək, gərək olduqda millət yolunda xərcləməyi də bacarmalıdır – zor, ya da xoş. Sözsüz, iş dünyası bu yanaşmanı qəbul etmir. Onlar bu gün də Saakaşvili dönəmində hökumətin reketlə məşğul olduğunu iddia edirlər.
Vətəndaşın Saakaşvili dönəmindən məmnunluqla xatırladığı islahatların hərdən yüksək, hərdən də aşağı templə olmasına baxmayaraq heç dayanmamasıdır. Bütün olumsuzluqlara rəğmən Saakaşvili Gürcüstanda vətəndaşı ən çox rahatsız edən bir problemi – rüşvəti yox edə bilmişdi. Yalnız rüşvəti vətəndaşdan birbaşa alan məmur deyil, o məmurun bağlı olduğu rəislər, qurum başqanları daxil hər kəs ədalət məhkəməsi qarşısına çıxarıldı. Saakaşvili deyirdi ki, rüşvət zəncirdir, yuxarılar tələb etməsə aşağılar almaz. Kiçik məmur alırsa, demək ki, büyük məmur ondan bunu tələb edir. Bu yanaşma ilə ölkədə minlərlə insan həbs edilmişdi. Daha sonra onların çoxu Avropa İnsan Haqları Məhkəməsində bəraət alıb. Çünki konkret olayda birbaşa iştiraklarını təsdiq edəcək faktlar yoxdur. Tədbir repressiv sayılsa da sonuc sıravi vətəndaş üçün yararlı oldu – rüşvət kəsildi. Öz xalqının mental xüsusiyyətlərini gözəl bilən Saakaşviliyə aydın idi ki, qanunlara tabe olmağa alışıq olmayan gürcüləri zor, qorxu, xof yaratmadan qanunlara tabe etmək mümkün olmayacaq. Bu addımlarla vətəndaşlar həm də vəzifəsindən, ictimai nüfuzundan asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğuna da inandı.
Yolu məhkəmələrdən keçən iş adamlarının çoxu sonradan müxalifətə keçdi və indiki iqtidar “Gürcü arzusu”nda birləşdi.
Amma faktlar göstərir ki, indiki iqtidar da iş dünyasına böyük imkanlar yarada bilmədi. Ölkə iqtisadiyyatının inkişafına yönəlik ciddi addımların atılmaması, vəd edilən islahatların gerçəkləşdirilməməsi, yeni istehsal sahələrinin yaradılmaması, ölkəyə investisiyaların cəlb edilməməsi sonucda milli valyuta larinin dollar qarşılığında 2 dəfəyə yaxın dəyər itirməsinə səbəb oldu. Bu gün Gürcüstan dövlət büdcəsinin iki əsas qaynağı var – Bakı-Tiflis-Ceyhan neft xətti üçün Azərbaycanın ödədiyi tranzit haqqı və turizm gəlirləri. Bu qaynaqların hər ikisi Saakaşvilinin mirasıdır. “Gürcü arzusu” bu mirasa sahib çıxsa da, bu mirası oluşduran siyasi xətti qorumadı – avroatlantik məkanla mümkün qədər məsafə saxlamaqla Kremlə yaxınlaşmaq yolunu seçdi.
“Gürcü arzusu” geopolitik anlamda Rusiyaya yaxınlaşmanın faydalı olmasını işğal məsələsi ilə bağlayır. Partiyanın qurucusu Bdzina İvanişvili və ardıcılları hesab edir ki, Abxaziya və Osetiya sorununu Kremllə yaxınlaşmadan çözmək mümkün deyil.
Ancaq faktlar göstərir ki, Kreml heç bir yaxınlaşma qarşılığında işğalçı siyasətindən əl çəkən deyil… Moskva nəinki işğala son vermək, tam əksi asılılığı qorumaq üçün işğalı uzatmaq niyyətindədir.
“Gürcü arzusu” aşırı batıyanlılığın Rusiya bazarlarına da yolu bağladığını, bunun da vətəndaşa ciddi ziyan vurduğunu iddia edir. Ancaq Rusiya ilə yaxınlaşma, Rusiya bazarlarına yolun açılması iqtisadiyyatda ciddi rəqəmlərlə ifadə olunmadı. Onsuz da Gürcüstanın Rusiya bazarına təklif etdiyi çox az sayda məhsul var – mineral sular, spirtli, spirtsiz içkilər, pendir… Başqa nə var?.. “Gürcü arzusu” bunu böyük açılım kimi təqdim etməyə çalışsa da bu məhsulların heç birinin ölkəyə ciddi gəlirlər gətirəcək gücdə olmadığını iqtisadi savadı olmayanlar belə bilir.
“Gürcü arzusu”nun Rusiyaya yaxınlıq meylləri Batının da regionda aktivləşməsinə səbəb oldu. NATO ilə yaxınlaşma, Qara dənizin Gürcüstan sahillərində birgə təlimlər, ABŞ zabitlərinin Batuma gəlişi, Avropa Birliyi ilə viza rejiminin qaldırılması Batının Gürcüstanı heç bir halda Rusiyaya “bağışlamaq” fikrində olmadığının sübutlarıdır. Batı çox gözəl anlayır ki, “açarlarını” Kremlə təslim etmiş Azərbaycan və Ermənistanı geri almaq qolay deyil və Güney Qafqazda dayaq nöqtəsi ola biləcək tək ölkə Gürcüstandır.
“Qərbin (batının) ən etibarlı gürcüsü” Saakaşvili olsa da o, indi Ukraynada görəv başındadır. Üstəlik, indiki iqtidar onu ölkəyə buraxmaq fikrindən daşınmayıb – haqqında cinayət işi olduğu üçün sərhədi keçsə həbs ediləcək. Bu baryerlərə görə, Saakaşvili bu dəfəki seçkidə belə demək mümkünsə, öz xanımı ilə təmsil olunacaq.
Mixeil Saakaşvilinin xanımı Sandra Rulovs majoritar qaydada Zuqdididən namizədliyini irəli sürüb.
Gürcüstan yeni güc axtarışında: Saakaşvilinin möhtəşəm dönüşü alınmır… – Təhlil
Xanım Rulovs deyib ki, son 4 ildə Gürcüstanda nə siyasi, nə iqtisadi, nə də sosial yüksəlişin olmaması, əksinə ölkənin strateji maraqlarının tapdanması onu daha aktiv siyasətə gəlməyə məcbur edib. Gürcüstan mediasına açıqlama verən Sandra Rulovs deyib ki, ölkədə hakimiyyətin demokratik yolla dəyişilməsi gələnəyi var və o, əmindir ki, ölkənin Batıya inteqrasiyasına tərəfdar olan qüvvələr yenidən iqtidara gələ biləcəklər: “Bu məsələdə mən çox işlər görə biləcəyimi düşünürəm. Biz daha güclü və demokratik Gürcüstan qura biləcəyik. Düşünürəm ki, siyasilərin gücü bir-biri ilə ədavətə yox, sağlam rəqabətə yönəlməlidir”.
Rulofsla bərabər oktyabr seçkisinin sürpriz ismi ünlü opera müğənnisi Paata Burçuladzedir.
Gürcüstan yeni güc axtarışında: Saakaşvilinin möhtəşəm dönüşü alınmır… – Təhlil
Onun siyasi bloku da parlamentdəki yerlər uğrunda mübarizə aparacaq. Burçuladze ölkədə yetərincə nüfuz sahibidir. Bir zamanlar keçmiş baş nazir Bdzina İvanişvilini dəstəkləsə də indi müxalifətə keçib. Paata Burçuladze qısa zamanda ciddi irəliləyiş əldə edib. O, çevrəsində müstəqillik dönəmində ölkədə yüksək vəzifələrdə çalışan, daha sonra isə “vurulan” bir sıra nüfuzlu şəxsləri toplaya bilib. Onun yaratdığı birliyin adı da mahiyyətinə uyğun seçilib “Vətənpərvərlər alyansı”. Birlikdə nüfuzlu müstəqil şəxslərlə yanaşı 5 siyasi partiya da təmsil olunur.

Burçuladze “Rustavi-2” kanalına açıqlamasında deyib ki, onun “Gürcü arzusu”ndan ayrılmasının əsas səbəbi hakimiyyətin Rusiya ilə münasibətlərdə ölkənin maraqlarını yetərincə qorumamasıdır:”Bizim blokun əsas məqsədi Gürcüstanın NATO ilə daha dayaxınlaşmasını təmin etməkdir: Gürcüstanın ciddi potensialı olmasına baxmayaraq vətəndaşlarımızın sosial durumu çox aşağıdır. İşsizlik, səfalət ölkəni başına götürüb, milli valyuta dəyərdən düşür və iqtidar bu durumu dəyişmək üçün heç bir reforma həyata keçirmir. Biz, vətən üçün canından keçməyə hazır olan sadə vətəndaşların belə ağır durumda yaşamasına kənardan baxa bilmərik. Gürcüstan müstəqil dövlətdir, biz bir də heç zaman heç bir siyasi mərkəzin hegemonluğunu qəbul etməyəcək, sivil dünyada bərabər hüquqlu dövlət kimi təmsil olunacağıq. Gürcüstanı keçmiş siyasi mərkəzlərdən asılı duruma salan iqtidarların bu ölkəyə rəhbərlik etməyə mənəvi haqqı yoxdur”.
Paata Burçuladzenin ardınca İvanişvilinin kamandasını bir sıra ciddi fiqurlar da tərk edib və beləliklə bu seçkidə faktiki olaraq “Gürcü arzusu” parçalanıb.
Gürcü mediası yazır ki, keçmiş liderləri Bdzina İvanişvili onların siyasi partiyanı tərk etməməsi üçün ciddi vədlər versə də, “asilər” təklifləri qəbul etməyiblər. Onu da vurğulayaq ki, 2013-cü ildən siyasətdən getdiyini elan edən keçmiş baş nazir İvanişvili hələ də Gürcüstan iqtidarının “xaç atası” sayılır. Gürcüstanda nə siyasilər, nə vətəndaşlar şübhə etmir ki, “Gürcü arzusu”nun bütün addımları kölgədə qalmağı seçən İvanişvilinin qərarlarıdır.
İndiki iqtidara daxildən daha bir zərbəni Tamaz Meçiauri vurub. “Gürcü arzusu”nun rusiyapərət siyasətinə etiraz olaraq partiyadan ayrılan Meçiauri “Bütöv Gürcüstan Uğrunda” Partiyasını yaradıb və qısa zamanda partiyadan onun xeyrinə ciddi qopmalar olub.
Amerikanın GFK sorğu şirkətinin son araşdırmasında ortaya çıxan mənzərə də ilgincdir – sorğuya qatılanların 22,4 %-i faizi hələ kimə səs verəcəklərini bilmədiklərini, 35,4 %-i iqtidar partisinə, 33,9,%-i “Bütöv Milli Hərəkat”a, digərləri isə digər kiçik partiyalara səs verəcəklərini açıqlayıblar. ABŞ NDİ (Milli Demokratiya İnstitutu)nın araşdırmaları da göstərir ki, bu seçkidə müxaliflərin şansı iqtidaryanlılardan daha çoxdur. Bununla belə, onların tək hakimiyyəti ala biləcəyi ehtimalı da azdır. Bu səbəbdən seçkiyə qısa müddət qalmış koalisiyaların ortaya çıxması mümkündür.
Rəqiblərinin güclü olmasına, iqtisadi səbəblərə görə xalq içərisində nüfuzunu itirməsinə baxmayaraq “Gürcü arzusu” parlamentdə yerlərin çoxunu əldə etməyə iddialıdır. Baş nazir Georgi Kvirikaşvili son açıqlamalarında bildirib ki, 150 mandatdan 100-ini qazanmağı hədəfləyiblər. Baş nazirin belə bir açıqlama verməsini müxaliflər ironiya ilə qarşılayıb. Onların fikrincə, yanlış yönətimlə ölkəni iqtisadi çıxmaza salan iqtidarın belə dəstək alacağı gözləmək yersizdir.
Siyasi ekspertlər düşünür ki, “Gürcü arzusu” hələ kimə səs verəcəklərini müəyyən etməmiş 22 %-lik kəsimi ələ ala bilsə, qələbəsini təmin edə bilər. Həmin seçicilər uğrunda müxalif bloklar da ciddi savaşır. Siyasilərin həm paytaxt Tiflisdə, həm də bölgələrdəki çıxışlarında əsas hədəf kütlənin məhz onlar olduğu aydın hiss edilir.
Seçkilərdə ciddi sonuc əldə etməyə şanslı daha bir siyasi birlik keçmiş müdafiə naziri İrakli Alasaniyanın “Bağımsız Demokratlar” Partiyasıdır. Alasaniya güclü fiqurdur. Onun adı zaman-zaman cümhurbaşqanlığına ən şanslı namizədlər sırasında çəkilib. Ölkənin güc strukturlarında çalışan və çalışmış zabit heyəti, o sıradan bir sıra böyük iş adamları Alasaniyanın çevsərindədirlər.
Cüzdanı sürətlə boşalan seçmən belə bir siyasi mənzərədə kimi seçəcəyinə asanlıqla qərar verə bilməyəcək. Nisbətən susdurulmuş Moskva ilə sakin qonşuluqmu, yoxsa, Batının dəstəyini alsa da davamlı olaraq Rusiya ilə çəkişmək durumunda olan Gürcüstanmı? Sonucu oktyabr seçkisinin səsvermə qutuları açıldıqda biləcəyik. (t

Tərəfdar.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir