Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas keçirilir. Dünyanın diqqəti hazırda İrəvandadır.
Publika.az xəbər verir ki, 100-dən artıq xarici KİV parlamentdəki seçkiləri izləmək üçün Ermənistan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçib.
Hazırda yeganə namizəd olan Nikol Paşinyan deputatların suallarını cavablandırır və baş nazir olacağı təqdirdə nələr edəcəyini açıqlayır. Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri də diqqət çəkəndir. Onun hakimiyyətdə qalmaq üçün Qarabağ münaqişəsini əsas kart kimi istifadə edən Serj Sarkisyandan fərqli mövqe nümayiş etdirəcəyi gözlənilsə də, əksi oldu və “Bizim üçün Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı vacibdir, bu haqqın reallaşması vacibdir. Münaqişənin həllinin kökündə xalqların bərabər hüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir. Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur” deməklə bütün gözləntiləri alt-üst etdi.
Əslində, indiki məqamda Paşinyandan Qarabağla bağlı fərqli mövqe gözləmək də mümkün deyil. Çünki bu məsələdə Levon Ter-Petrosyanın mövqeyindən çıxış etmək, baş nazir seçilmədən tribunadan endirilməyə bərabər ola bilər. Lakin bütün hallarda Paşinyanın Qarabağla bağlı indiki mövqeyi müharibə zənglərinin çalınmasına bənzəyir.
O, baş nazir seçiləcəkmi, yoxsa…
Paşinyanı 3 fraksiya – “Elk”, “Daşnaksütyun” və “Sarukyan” – dəstəkləyir və bu fraksiyaların ümumilikdə mandat yeri 47-dir. Hərçənd, bu səs Paşinyanın baş nazir seçilməsinə bəs etmir. Onun baş nazir olması üçün Respublika Partiyasının ən azı 6 deputatı da lehinə səs verməlidir. Nəticənin necə olacağını proqnozlaşdırmaq çətindir.
Paşinyan parlamentdə olduğu vaxt onun tərəfdarları Respublika meydanına toplaşıb və iclası böyük monitorinqdən izləyirlər. Bu, əslində Respublika Partiyasının başına silah dayamaq kimi bir şeydir. Əgər Paşinyan parlamentdən baş nazir olaraq çıxmasa, o zaman, itaətsizlik aksiyası davam edəcək. Respublika Partiyasının ən azı 6 deputatının Paşinyana səs verib-verməyəcəyi sual altındadır və faktiki olaraq, Sarkisyanın partiyası iki dilemma qarşısındadır.
Birinci dilemma:
– Paşinyana səs verməsələr, o zaman aksiyalar yenidən davam edəcək və bu, daha mənfi nəticələrə gətirib çıxara bilər.
– Səs verəcəkləri təqdirdə, hazırki hökumətdə təmsil olunan maraq dairələrinin taleyi sual altında düşür. Çünki Paşinyanın baş nazir olacağı təqdirdə hazırki hökumətlə işləməyəcəyi dəqiqdir.
Məsələnin digər tərəfi də maraqlıdır: Respublika Partiyası dünən gecə və bu gün səhər qapalı toplantı keçirib. Görünən odur ki, onlar dilemmadan çıxış yolu axtarırlar. Variantlardan biri budur ki, ölkədə itaətsizliyin davam etməməsi üçün Respublika Partiyasının ən azı 6 üzvü Paşinyana səs verəcək.
Erməni politoloq Stepan Safaryan da hesab edir ki, Respublika Partiyası qarşıdurmaya getməyəcək və lazımi səsi verəcək.
“Əks təqdirdə, Paşinyan baş nazir olmayacaqsa, bu, kütləni daha da coşduracaq. Bu baxımdan, hakimiyyətin riskə getməyəcəyini düşünürəm” – deyə Safaryan bildirir.
Burada iki fərqli məqam var və ikinci dilemma ortaya çıxır:
1. Paşinyan seçiləcəksə, Respublika Partiyası nə qazanacaq?
2. Bu iclasda baş nazir seçilməsə, qanuna görə bir həftə sonra parlament baş naziri seçmək üçün yenidən toplanacaq. Həmin iclasda da seçki baş tutmasa, o zaman, parlament buraxılır və növbədənkənar seçkilər keçirilir. Hansı ki, bu Paşinyanın tələblərindən biridir və onun xeyrinə olan məsələdir.
Hesab etmək olar ki, Respublika Partiyası ölkədəki vəziyyəti nəzərə alaraq, baş nazir postunu Paşinyana güzəştə gedir. Bununla həm də növbədənkənar seçki təhlükəsini aradan qaldıraraq, parlamentdə çoxluğu saxlamaqla kifayətlənirlər. İndiki halda Respublika Partiyası üçün ən mümkün çıxış yolu budur. Amma o da məlumdur ki, hakimiyyəti ələ alan Paşinyan mütləq bir yolunu taparaq, növbədənkənar parlament seçkiləri keçirəcək və səs çoxluğunu Respublika Partiyasının əlindən alacaq. Hər-halda heç bir baş nazir müxalifətin çoxluq təşkil etdiyi parlamenti istəmir, həmçinin, Respublika Partiyasının çoxluqda olması, Paşinyana xalqın istədiyi islahatı keçirməsinə maneə olacaq. Deməli, hər iki variant Respublika Partiyasının əleyhinədir, lakin onillərdir Ermənistanda kök atmış sistemin özünü qurban verəcəyi də inandırıcı görünmür.
Proseslərin bundan sonrakı inkişafı məhz bu baxımdan maraqlıdır: Respublika Partiyasının təməlində yaradılmış oliqraxiya sistemi baş nazir postunu Paşinyana güzəştə getsə də, öz gələcəyini zəmanət altına alacaq hansısa planının olması ehtimalı böyükdür; Belə bir oyunun olacağını bilən Paşinyanın da öz planlarının olduğu versiyası aydın görünür; mümkündür ki, Ermənistandakı proseslər hələ çox “su aparacaq”.
Asif Nərimanlı