“
Xalqları əsarətdə saxlayan bütün imperiyaların sonu parçalanmadır. Ötən əsrdə SSRİ, Yuqoslaviya kimi dövlətlər dağıldı, xalqlar azadlığa çıxdı, müstəqilliyə qovuşdu. Azərbaycanlılar, ərəblər, bəluclar, kürdlər, türkmənlər və digər xalqların milli haqqlarının pozulduğu İran İslam Respublikası da bir gün tarixə qovuşacaq.
35 milyon soydaşımızın yaşadığı Güney Azərbaycan müstəqilliyə qovuşarsa dövləti hansı kadrlar idarə edəcək? Güney üçün kadr hazırlanmasının zamanı deyilmi? Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, öncə İranın ideoloji təxribatlarının qarşısını almaq lazımdır:
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran hakimiyyəti hər cür vasitələrə əl ataraq, burada öz varlığını ortaya qoymağa başladı. Belə ki, rejim bir tərəfdən öz agentlərini ruhani qiyafəsində Azərbaycana göndərərək din pərdəsi altında irançılığın təbliğatını aparırdı. Digər tərəfdən isə Azərbaycan gənclərini dini təhsil almaq adıyla Qum şəhərinə apararaq şüurunu zəhərləyirdi. Bu gənclər az sonra Azərbaycançılığa, türkçülüyə qarşı olur, irançılığı müdafiə edirdilər.
İran rejiminin ideoloqları bu prosesə cəlb etdikləri gəncləri inandırmağa çalışırlar ki, xomeynçilik-irançılıq islam dininin ən doğru müdafiəçisi, qoruyucusudur”.
BAO yetkilisi hesab edir ki, yad ideologiyaların iç üzünün aşkara çıxarılması yönündə işlər görülməlidir: “Güney Azərbaycandan olan soydaşlarımızın bununla bağlı real bilik və təcrübəsindən faydalanmaq lazımdır. Hər halda, Güney Azərbaycandan olub hazırda Quzey Azərbaycanda olan gənclər və onların valideynləri 40 ilə yaxın müddət ərzində o ideologiyanın əsil mahiyyətini yaxşı bilirlər. Bundan başqa güneyli gəncləri dünyəvi təshilə cəlb etməli, onların güzəştli təhsil kreditlərinin faydalanmasını təmin etməliyik”.
Faiq Ələkbərli hesab edir ki, “Qum məktəbi”nə alternativ azərbaycançılıq-türkçülük məktəbini qurmalıyıq: “Bu, zamanın tələbidir və 2020-ci ilin payızında baş verən 44 günlük Azərbaycan-Ermənistan müharibəsi dövründə molla rejiminin tutduğu mövqe də, əslində bunu ortaya qoyur. Bir sözlə, ən yaxşı müdafiə hücumdur. Azərbaycan dövləti də artıq molla rejiminin əsil mahiyyətini yaxşı bildiyi üçün, bu kimi addımlar atmalıdır”.
https://m.cebhe.info/ldquo_guneyli_gencleri_dunyevi_tehsile_celb_etmeliyik_rdquo_taninmis_alimden_vacib_teklif-271579