Hasan Oktay: “Donald Tramp Gülən hərəkatını Birləşmiş Ştatlarda qadağan edə bilər”
“Həmçinin Gülənin Amerika torpaqlarından başqa bir ölkəyə göndərilməsi də mümkündür”
Birləşmiş Ştatlarda keçirilən son prezident seçkiləri və onun nəticələri hər bir ölkədə olduğu kimi qardaş Türkiyədə də maraqla qarşılanırdı. Hazırda Türkiyədə əsas diqqət çəkən məsələ, sual ondan ibarətdir ki, Birləşmiş Ştatların sayca 45-ci prezidenti Türkiyə ilə münasibətləri necə tənzimləyəcək? Xüsusilə, yeni Ağ Ev administrasiyası Türkiyənin Vaşinqtondan tələb etdiyi terrorçu Fətullah Güləni Ankaraya təhvil verəcəkmi? Bu və digər suallarla bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Hasan Oktay yeni Ağ Ev rəhbərinin Yaxın Şərq və Rusiya ilə bağlı gözlənilən siyasəti barədə də fikirlərini bölüşüb.
Madlen Olbrayt Trampa dedi: “Yaddan çıxarma ki, Amerikanın prezidentisən…”
-Hasan bəy, Birləşmiş Ştatlardakı seçkilərdən sonra ilk ağla gələn sual budur ki, seçkinin nəticələri Amerika-Türkiyə münasibətlərinə necə təsir göstərəcək?
-Onu etiraf etmək lazımdır ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın prezident seçilməsi başda Türkiyə olmaqla hər kəsi çaşdırdı. Tramp seçilməsi ilə gözlənilməyən, daha doğrusu baş verməsi lazım olmayan bir vəziyyət yarandı. Hillari Klinton da zəif bir fiqur idi və ABŞ-ın xarici siyasətində müvəffəqiyyətsiz bir görüntü yaratmışdı. Hillari ilə Birləşmiş Ştatların sağlam bir gələcək qura bilməyəcəyinə əmin olan seçici gözlənilməz bir şəkildə Trampa doğru istiqamət götürdü. Türkiyə bu il, may ayının 5-də Hillarinin Amerika dövlət başçısı seçiləcəyinə əmin olduğu üçün postmodern bir gedişlə baş nazir Əhməd Davudoğlunun vəzifəsinə son verildi. Hillari Klinton prezident seçiləcəyi təqdirdə Türkiyədə Əhməd Davudoğlu baş nazir qalsaydı, o zaman Rəcəb Tayyib Ərdoğan siyasətdən uzaqlaşdırılardı düşüncəsi ilə hərəkət edən Ərdoğanın yaxın ətrafı Davudoğlunu vəzifəsindən uzaqlaşdırdılar. Buna cavab olaraq da, Hillarinin komandası iyulun 15-də Türkiyədə hərbi üsyan cəhdinə əl atdı. Birləşmiş Ştatlarda keçirilən seçkilərdə Fətullah Gülən komandasının Hillarini dəstəkləməsinin arxasında da məhz bu durur.Amma Donald Tramp prezident seçilməklə həm ərdoğançıları, həm də gülənçiləri yanıltmış oldu. Düşünürəm ki, Donald Trampın prezident seçilməsi Birləşmiş Ştatlar-Türkiyə əlaqələrinə müsbət təsir edəcək.
-Sizcə, məlum çevriliş cəhdindən sonra sərinləşən Türkiyə-Amerika münasibətlərini Donald Tramp həll etməyə maraqlı olacaqmi?
-Əhməd Davudoğlu-Hillari Klinton ittifaqı bölgə problemlərini həll etmək iqtidarında deyildi. İkisinin də planlarının gələcəkdə ölkələrinin tək səlahiyyətlisi olmaq üzərində qurulduğu üçün, həmin xəyalların gerçəkləşməsinə qədər keçən zamanda ciddi problemlər meydana çıxdı. Xüsusilə Suriya mövzusu çox böyük bir insanlıq dramına çevrildi. Sanki Suriya üzərindən Rusiya-Türkiyə savaşının meydana gəlməsinə cəhdlər edilirdi. Keçən il, noyabrın 24-də Rusiyaya məxsus təyyarə vuruldu. Bunun arxasından Rusiya-Türkiyə əlaqələri ən çətin günlərini yaşadı. Bu prosesləri Əhməd Davudoğlu yoluna qoya bilmədi. Birləşmiş Ştatlarda Türkiyə əleyhinə ciddi mənada iş aparılırkən, gözlənilmədən prezident seçkisi məsələsi gündəmə gəldi. Dediyim kimi Hillari Klintonun Ağ Ev rəhbəri seçiləcəyinə əminliklə baxıldığı üçün, Türkiyədə Əhməd Davudoğluna qarşı postmodern bir plan hazırlandı. Lakin gözləntilərdən fərqli olaraq Birləşmiş Ştatlarda Hillari Klinton deyil, Donald Tramp Amerika prezidenti seçildi. Tramp yeni Ağ Ev rəhbəri seçilincə Türkiyədə bir rahatlama müşahidə edilməkdədir. Donald Tramp Hillari Klintonun siyasətini davam etdirməyəcəyini açıq-aşkar bəyan etdiyi üçün gələcək dövrdə Türkiyə Birləşmiş Ştatlar əlaqələrinin düzələcəyi və Birləşmiş Ştatların bölgədə Türkiyənin gcü və təsirini görərək ona görə siyasət həyata keçirəcəyi fikri daha məqbul görünür. Bəlkə də bu, birdən-birə olmayacaq, amma həm Birləşmiş Ştatlar, həm də Türkiyə üçün regional siyasətin nəzərdən keçirilməsi lazımdır.
-Fətullah Gülən mövzusunda Türkiyə ABŞ ilə anlaşıb onu geri ala bilərmi?
-Gülən hərəkatı Hillari Klintonla birlikdə çalışdığı üçün bu an həm ABŞ-da, həm də Türkiyədə onun mövqeləri itirilmiş durumdadır.Onun üçün yaxın gələcəkdə olmasa da, uzun zamandan sonra Donald Tramp Gülən hərəkatını Birləşmiş Ştatlarda qadağan edə bilər. Həmçinin Gülənin Amerika torpaqlarından başqa bir ölkəyə göndərilməsi də mümkündür. Amma, onu da qeyd edim ki, Türkiyə Gülən mövzusundakı həssaslığını hər mühitdə büruzə verərkən, lakin bu məsələni Türkiyə-Amerika əlaqələrinin əsas ana məsələsi etməməlidir. Türkiyə bunu bir terror faktoru kimi qiymətləndirməlidir. Çünki Usamə bin Laden Birləşmiş Ştatlar üçün nə idisə, Gülənin də Türkiyə üçün eyni dərəcədə təhlükəli olduğunu Amerika səlahiyyətlilərinə bildirməli və başda Gülənin Türkiyəyə qaytarılması olmaqla, onun başqa bir ölkəyə göndərilməsini təmin etməlidir. Türkiyənin əsas prioriteti Amerika ilə pozulan əlaqələrin düzəlməsidir. Daha sonra bu əlaqələri pozanların qaytarılması və ya cəzalandırılması gündəmdə ola bilər. Bu da hüquqi bir prosesdir.
-Bəs, Yaxın Şərqlə əlaqədar Donald Tramp hansısa bir mövqe ortaya qoyacaq?
-Hesab edirəm ki, Donald Tramp prezident postunu təslim alan gün bir yol xəritəsi açıqlayacaq və Birləşmiş Ştatları gələn seçkilərə qədər idarə edəcək. İndidən işə başlayan komanda başda Yaxın Şərq olmaqla bir çox problemli bölgə ilə əlaqədar siyasi mövqe ortaya qoyulmaqdadır. Gözlənilən odur ki, sülhün təmin olunması üçün Tramp yaxşı niyyətini ortaya qoysun. Əgər o da, Obamanın, Hilarinin
səhvlərini davam etdirərsə, o halda Yaxın Şərq çıxılmaz bataqlığa çevrilər. Lakin Trampın seçki kampaniyası müddətində irəli sürdüyü fikirlər onun daha ağıllı və bölgə durumuna uyğun siyasət həyata keçirəcəyini söyləməyə əsas verir.
-Bəs, Rusiya və Birləşmiş Ştatlar əlaqələrində hansı yeniliklər gözlənilir?
-Bu olduqca maraqla gözlənilən bir mövzudur. Yəni, Birləşmiş Ştatlar-Rusiya əlaqələri yeni dövrdə necə olacaq. Ukrayna ilə başlayan, Suriyada davam edən gərginlik Türkiyə-Rusiya savaşının qapısına qədər dayanmışdı. Birləşmiş Ştatlar Ukrayna və Suriyanın intiqamını bəlkə də Rusiya ilə Türkiyəni savaşdırmaqla alacaqdı. Ukraynada və Suriyada pozulan Amerika-Rusiya əlaqələri Donald Trampın seçilməsiylə daha sağlam bir zəmində yenidən nəzərdən keçirilmə imkanı qazanacaq. Hesab edirəm ki, Amerika-Rusiya-Türkiyə əlaqələrin yaxşılaşması daha yaxşı bir dünya üçün şərtdir.
Süleyman İsmailbeyli
Olaylar.Az