Türkiyə həm Ukrayna, həm də Rusiya ilə müttəfiqdir. Müharibədə Türkiyə tərəf tutmaqdansa, daha çox vasitəçi rolunu oynayacaq”.
Bunu Bakupost.az -a Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq dr. Həsən Oktay Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib.
Onun sözlərinə görə, bu müharibə ən çox Türkiyəyə təsir edəcək:
“Yanvar ayından etibarən Rusiya ilə Ukrayna arasında ciddi bir gərginlik var idi. İki gün əvvəl Putinin Donetsk və Luqanskın müstəqilliyini tanıması artıq son nöqtəni qoydu. Bu da müharibə ilə nəticələnməli idi. Rusiya bu gün Ukraynanın müxtəlif ərazilərini bombalayaraq müharibəni başlatdı.
Bir tərəfdən də bəzi ölkələr müharibə başlamasın deyə vasitəçi olmağa çalışsalar da, uğurlu ola bilmədilər”.
Politoloq boğazların bağlanması məsələsinə aydınlıq gətirib: “Hazırda əsas mövzu boğazlardır ki, Ukrayna boğazların bağlanılmasını istəyir. Lakin boğazların bağlanılması Montrö müqaviləsi ilə təcəssüm etməlidir və ya müqaviləyə əsasən hərəkət edilməlidir. Çünki Montrö müqaviləsində müharibə gəmilərinin və ya bir neçə tonluq gəmilərin keçməsi ilə bağlı ciddi maddələr var. Ona görə də bu mövzuda ciddi sıxıntı yaşayacaq. Müharibə ən çox Türkiyəyə təsir edəcək. Çünki həm Ukrayna, həm də Rusiya ilə müttəfiqdir”.
H.Oqtay Türkiyənin Rusiya və Ukrayna arasındakı vasityəçiliyinə də diqqət çəkib: “Rusiya-Ukrayna arasında gedən müharibədə Türkiyə tərəf tutmaqdan savayı, daha çox vasitəçi rolunu oynayacaq. Ukrayna Türkiyə ilə təmas xəttlərini açıq tutduğu halda, Putin hər hansı vasitəçi ilə əlaqəyə keçmək istəmədi və Türkiyənin vasitəçilik təklifi bir növ havada qalmış oldu. Gün içərisində BMT, NATO və bu kimi digər dünyəvi təşkilatların edəcəyi açıqlamalar gündəmə gələcək”.
Politoloq, hazırda Türkiyə Təhlükəsizlik Şurasının qərarını gözlədiklərini bildirib: “Hazırda Türkiyədə Təhlükəsizlik Şurasının iclası keçirilir. Türkiyə SOS vəziyyətindədir. Bunları da nəzərə alsaq, Türkiyə Prezidentinin bir azdan bu barədə açıqlama verəcəyini demək olar. Biz tərəfsizlik olacağı gözləntisindəyik. Ukrayna NATO ölkəsi deyil, belə olan təqdirdə Türkiyənin NATO-ya açıqlama vermədən tərəfini bəlli etməsi mümkün deyil. Eyni zamanda, Rusiya tərəfində olması da mümkün deyil. Çünki müharibə Qara dəniz üzərindən qonşu olan ölkəyə birinci dərəcəli təsir göstərəcək. Onun üçün Türkiyə Təhlükəsizlik Şurasının açıqlamasını gözləyirik”.
Fəridə
Baku Post