KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ganimat Zayidov: Aydın Taş ofisindəki iş otağında asılı halda aşkar edildi

Ganimat Zayidov: Aydın Taş ofisindəki iş otağında asılı halda aşkar edildi

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
352 0

Krım Xəbər Agentliyinin Türkiyə bürosunun rəhbəri Aydın Taş dünən, avqust ayının 8-də Agentliyin ofisindəki iş otağında asılı halda aşkar edildi. İlk dəyərləndirmə, intihardır. Amma niyə ?
Mən Aydın bəyi çox yaxından tanıyıram. O qədər yaxından ki, onun Türkiyədəki dostlarının da sıralamasında ilk yerdə dayandığımı yaza bilirəm. Tanışlıq tariximiz 2011- ci ilin yayından başlayır. Ankaradaydım, mənə facebookdan yazdı : «Azərbaycanla bağlı bir kitab yazmaq istəyirəm, mənə ordakı prosesləri yerbəyer etməkdə, anlamaqda yardım edəcək adamlara ehtiyacım var. Sizi məsələhət görən dostlarım var».
Aydın mənim Ankarada olduğumu bilmirdi. Yəni, tanış da deyildik, o məni Bakıda yaşayan birisi kimi bilib yazırdı. Telefon nömrəsini istədim, zəng etdim, Ankarada olduğumu dedim : «İstədiyiniz zaman görüşə bilərik». Xeyli də sevindi.
Görüşdük, tanış olduq, uzun- uzun danışdıq. Ankarada olduğum ərəfədə demək olar ki, hər gün görüşdük. Kitab yazmağı bir qədər ertələməsini məsləhət gördüm. Azərbaycanla bağlı təəssüratları çox romantik idi. Ölkə daxili proseslər, adamlar haqqında bilgiləri kitab yazacaq dərəcədə deyildi. «Yarımçıq bir əsər yazmaqdansa, Azərbaycanı daha çox öyrənmən lazımdır »- dedim.
Həmin ərəfədə mən də Türkiyədə bir televiziya kanalı açmaq istəyirdim. Pul və təcrübə isə əlbəttə, yox idi. Sadəcə istək, entuziazm və israr vardı. Bu yöndə xeyli arayışlardan- axtarlşlardan sonra Aydın mənə dedi ki, telekanal açmaq çox ağır və bahalı işdir, amma bir televiziya proqramı yarada bilərsən. Aydın Taş televiziya kanallarında çalışmışdı və bu məsələ ilə bağlı bilgiləri məndən xeyli çoxdu. «Xeyli çoxdu » demək durumu izah etməz. Mən televiziya işindən heç nə bilmirdim, heç bir anlayışım yox idi. Aydın önə keçdi və bu proses boyu məni özüylə apardı. Bütün işlər üçün: loqo hazırlamaqdan tutmuş studiya quruculuğuna qədər və daha sonrakı bütün texniki proseslərin önündə oldu.
Nəhayət, Azərbaycan Saatını qurduq və yayınlara başladıq. Sonra kollektivimiz böyüdü. İşi hətta Bakıya da köçürdük, amma sonra da bildiyiniz kimi, Bakıdakı həbslər və Azərbaycan Saatının Bakıdan hazırlanması işlərinə son qoymağa məcbur olduq.
Amma Aydınla dostluğumuz davam etdi. Türkiyədə qazandığım ən səmimi dostlardan biri olaraq Aydın mənimlə birlikdə qaldı. Aramızda minlərlə kilometr məsafə olsa da bu dostluğumuz bizi çox yaxın tutdu, heç zaman uzaqlaşmadıq. Müntəzəm danışdıq. Bütün problemlərimizi, qayğılarımızı bölüşdük. Şəxsi qayğılarımızı belə bölüşdük.
Atası Heydər Taş bu il iyunun 20-də vəfat etdi. Qəflətən yaxalandığı bir xəstəlik onu apardı. Bu müddət ərzində daha tez- tez əlaqə saxlamağa çalışırdım, amma onsuz da əlaqələrimiz müntəzəm idi.
Atasının dəfnində iştirak etmək istəyirdim, amma «gəlmə» dedi. Təəssüf ki, Türkiyə azərbaycanlı siyasi mühacirlər üçün təhlükəli ölkə sayılır. «Sənin iki Vətənin var, amma heç birisinə gedə bilmirsən, bu bizim hamımızın dərdlərimizdən iki dəfə ağırdır »- deyirdi.
Aydın Taş məsum insan idi. İdeyalarına hədsiz dərəcədə bağlılığı vardı. Əqidəli adam, yəni. Gözəl və qayğıkeş dost! Mənim üçün ərköyünlüyünü belə daşıya biləcəyim, hətta hər iki söhbətimizdən ən azı, birini danlamaqla başa vurduğum adam: «Babam belə məni bu qədər danlamadı, abi»- deyib gülürdü.
Yadımda da belə qalacaq. Gülüşü ilə.
Krım Xəbər Agentliyinin Türkiyə bürosunun rəhbəri olana qədər, elə ondan sonra da, həyatının sonuna qədər sevdiyi Azərbaycandan qaynaqlanan bir zərbənin nəticələrini daşıdı. Azərbaycan hökumətinin Əli Həsənov adlı missioneri Ankaraya getdiyi səfərlərinin birində Türkiyədəki Baş Bakanlıq yanında mətbuat işləri üzrə dövlət Komissiyasının müdiri ilə görüşüb onu şikayət etmişdi: «Bizim müxaliflərlə işləyir, onlara medya dəstəyi verir… » kimi şikayətlərlə Aydının jurnalist kartını ləğv etdirmişdilər, adını da Türkiyədə «dövlət üçün arzuolunmaz adamlar » siyahısına yazdıra bilmişdilər. Yəni, bir jurnalist olaraq dövlət tədbirlərinə də buraxılmamaq kimi bir «lüks» qazandırdılar. Sevdiyi Azərbaycana da yolunu qapatdılar! Bir ara hətta tutdurmaq da istədilər. O aralarda əlimizdən gələni etdik ki, həbsə düşməsin. Amma jurnalist kartını bərpa etdirə bilmədik. Türkiyəni canından artıq sevən adam «dövlət üçün arzuolunmaz»mış… Bu məsələni hətta Mustafa Kırımoğlu də həll edə bilmədi.
Amma avqustun 8-də dövlət onun ölüsünü Krım Xəbər agentliyinin Türkiyə təmsilçiliyindən, iş otağından götürdü.
Bu məsələdə şübhəliyəm. Onun intihar etməsi mənə gerçək kimi görünmür. Araşdırılacaqmı? Bİlmirəm. Kim araşdıracaq?
Aydın Taş çox sevdiyim adam idi. Allah rəhmət eləsin, qardaşım, gün gələr məzarının üstündə səni xatırlamaq, məzarına xatirələrimi danışmaq da olsa, nəsib olar.
İndi gedə bilmirəm. Dəfninə yetişə bilmədiyim doğmalarımın siyahısına sən də əlavə edildin…
(Bağışla bəy, birlikdə şəklimizi də tapa bilmədim, deyəsən, şəkil çəkdirməmişdik səninlə. Amma bir ömür yaşamışdıq).
Ganimat Zayidov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir