ABD Japonya’ya uyguladığı ticaret tariflerini Çin için yumuşatıyor

Rus ordusu Turan ordusu mu?

Keisuke WAKIZAKA Yazdı: Afrin Zeytin Dalı Operasyonu’na Bakmak: Cerablus-El Bab Fırat Kalkanı Operasyonu’yla Mukayese

Həsən Təkləvi:İrəvan müxbiri Dəli Aşotdan xəbər var: YAY-OX ƏN DAĞIDICI SİLAHDIR

Gafar Çakmaklı: əgər bu işə KTMT qarışarsa, Qars istiqamətində Türkiyənin 50 minlik ordusu var

Gündem 15 Mayıs 2021
40

İTC başqanı: “Onlar yadlarında saxlasınlar ki, əgər bu işə KTMT qarışarsa, Qars istiqamətində Türkiyənin 50 minlik ordusu var”

Azərbaycan sərhədçilərinin Ermənistanla tarixi sərhədlərimizi dəqiqləşdirməsi prosesini qətiyyətli şəkildə həyata keçirməsi ermənipərəst dairələri yenidən hərəkətə gətirib. Mövzu ilə bağlı İrəvan Türk Cümhuriyyətinin başqanı, ermənişünas alim Qafar Çaxmaqlı Musavat.com-un suallarını cavablandırıb. İlginc məqamlarla zəngin olan müsahibəni dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

– Qafar bəy, Laçın rayonu istiqamətdən Ermənistanla sərhəddə baş verənləri yəqin yaxından təqib edirsiniz. Ermənilər bir-birini təkzib edən, ziddiyyətlərlə dolu açıqlamalar verir, hay-küy salırlar. Məlumatlarınız nədən ibarətdir, sərhədin bu hissəsində nələr baş verir?

– Ermənistan Laçın və digər sərhədyanı bölgələrimizi işğal edərkən bizim ərazinin bir hissəsini Ermənistanın SSRİ zamanında müəyyənləşmiş sərhədlərinin içinə almışdı. Bu ərazilərimiz işğaldan azad olunandan sonra xəritələr ortaya qoyulur və həmin ərazilərdən ermənilərin çıxması tələb olunur. Məsələnin kökündə bu var. Sərhədlərin Sovet zamanında müəyyənləşən xəritələrində indi söhbəti gedən Qaragölün bir hissəsi bizə aiddir. İndi o əraziləri Azərbaycana daxil etmək prosesi gedir. Ermənistanda deyirlər ki, guya biz 3,5 kilometr onların ərazisinə girmişik. Paşinyan parlamentdə dedi ki, xəritələrdə həmin hissə Azərbaycana aiddir, guya biz həmin xəritələri saxtalaşdırmışıq. Seşkilər ərəfəsində Zəngəzurun bu hissəsində baş verənlərdən siyasi məqsədlər üçün istifadə ediləcəyi şəksizdir. Rəqibləri Ermənistanın Zəngəzurla bağlı siyasətini Rusiyanın istədiyi şəkildə qurduğunu bildirir. Ermənistanın sərhədlərini rusların qoruduğunu nəzərə alsaq, Rusiyanın Azərbaycanın ortaya qoyduğu fakt qarşısında heç bir sözü yoxdur. Qaragölün bir hissəsi Azərbaycana aiddir və ermənilər artıq buradan çıxmışlar. İndi hansı şəkildəsə Zəngəzur dəhlizinin açılmasına mane olmaq üçün bu oyunu ortaya atırlar.

– İrəvan Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi?

– Zəngəzurdan açılacaq kommunikasiya xətlərinin və dəmir yolunun taleyini Ermənistan həll etmək iqtidarında deyil. Ermənistan dəmiryollarına Rusiya nəzarət edir, demək qərarı da o verəcək. Çünki bu yolların açılması Rusiyanın dövləti maraqlarını təmin edir. Əslində Ermənistanın özü də buradan karlı çıxacaq. Ermənistan Rusiya ilə birbaşa yol əldə edəcək ki, bu da ölkənin gəlişməsi baxımından onların özlərinə sərfəlidir. Bu dəhlizin açılmaması, ona maneçilik bölgədə yeni və ciddi siyasi və hərbi situasiya yarada bilər. Həm də 10 noyabr 2020 bəyanatı ilə Ermənistanın bununla bağlı öhdəliyi var. Ona əməl etməmək yeni müharibəyə səbəb olar. Lavrov da son səfərində Ermənistanı xəbərdar etdi ki, bütün məsələlər öhdəliklər çərçivəsində həll ediləcək. Yox, əgər Ermənistan bu məsələ ilə bağlı gərginlik tərəfdarı kimi çıxış edəcəksə, o zaman Azərbaycan Zəngəzurun SSRİ dövründə Ermənistana verilmiş bu ərazilərə AXC-nin varisi kimi iddialarla çıxmalıdır. 1929-cu ildə Ermənistan SSR-ə verilmiş Azərbaycan SSR Ali Soveti tərəfindən 1969-cu ildə təsdiq edilmiş Nüvədi kəndini istəməlidir. Biz, İrəvan Türk Cümhuriyyəti olaraq artıq bu məsələni qaldırmışıq, Azərbaycan Milli Məclisinə müraciət etmişik ki, həmin xəyanətkar qərar ləğv edilsin…

– Rəsmi İrəvan israrla 44 günlük müharibədə nail ola bilmədiklərini reallaşdırmaq istəyir. Məsələyə KTMT-nin qoşulması real görünürmü? Hər halda ilkin müzakirələr və reaksiyalar var…

– Qaragöl olayından sonra Ermənistan yenə KTMT –ni məsələyə cəlb etmək cəhdləri edir. Öncə o sübut etməlidir ki, Qaragölə qədər 3,5 km ərazi Ermənistana aiddir. Ortada xəritə var və sərhədlərin demarkasiya prosesi hələ başlamayıb. Bu məsələlər Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin bərpa edilməsi və sülh prosesinə başlanılması ilə ola bilər. Bu mənada KTMT-nın bu məsələyə qarışması mümkün deyil. Bəli, ola bilsin ki, Ermənistan burada KTMT-ni münaqişənin içərisinə daxil etmək üçün təxribatçı hərəkətlərə yol versin və bu ehtimal var. Həmin təşkilatda belə məsələlər müzakirə edilmir. Rusiyadır qərar verən… Rusiyanın mövqeyi isə az-çox bizə bəllidir. Amma Azərbaycan Türkiyənin proseslərin içərisində fəallığını təmin edən addımlar atmalıdır. Baxın, mətbuata açıqlanmayan Lavrovun İrəvan və Bakı səfərində Türkiyə prezidentinin Şuşaya gəlişinə mane olmaq cəhdləri də edilib. Türkiyənin bölgədə fəallığının qarşısını almaq üçün başqa fəaliyyətlər də vardır. Lavrovun səfərində belə bir cəhd də var idi ki, Rusiya sülhməramlıları Şuşada yerləşdirilsin. Ermənistan mətbuatında bu məsələdən bəhs edilməsi elə-belə deyildi.

– Uzun müddət idi ki, həmsədr ölkələr yenidən proseslərə qatılmaq üçün fürsət gəzirdilər. Artıq son hadisələrə ilkin reaksiyalar gəlməkdədir. Ola bilərmi ki, sərhədin dəqiqləşdirilməsinə qarşı müqavimətin arxasında xarici paytaxtlar dayansın?

– ATƏT-in Minsk qrupu indiki halda fəaliyyətsizdir. Çünki həmsədrlərdən biri- Rusiya bu proseslərin içindədir. Bu isə Rusiyaya sərf etmir ki, ABŞ və Fransanın proseslərə daha aktiv müdaxiləsi olsun. Rusiyanın Minsk qrupuna o zaman ehtiyacı olacaq ki, bir çox məsələləri təkbaşına həll edə bilməyəcək. Amma Minsk qrupu bu şəkildə davam edə bilməz, onun tərkibi dəyişməlidir. Azərbaycan qrupun bəyanlarına kəskin şəkildə etiraz edir. Fransanın mövqeyi İlham Əliyev tərəfindən tənqid olundu. Əgər bu qrupda Fransa yenə yer alacaqsa, Azərbaycan Türkiyənin də buraya daxil olmasını təkid etməlidir.

– Ermənistan razılaşacaqmı?

– Əlbəttə, Ermənistan bunu qəbul etməyəcək. O zaman biz də Fransanı istəməyəcəyik…Şübhəsiz ki, bəzi ölkələrin mərkəzlərində yuxarı Qarabağın işğaldan azad olunmamış hissəsi ilə bağlı planlar qurulur. Bəhanələr də verməməliyik bu planların reallaşmasına.

-ABŞ-da yenə də 907-nin “dirçəldilməsi”, Azərbaycana yardımın dayandırılması istiqamətində cəhdlər var. Bununla nəyə nail ola bilərlər?

– Amerikadakı erməni lobbisi son vaxtlar fəallaşıb. Baydenin 24 aprel bəyanatından sonra erməni diasporu da yerində durmur. 907-ni “dirçəltmək” cəhdləri nəticə verməz. O vaxt bu düzəliş ona görə qəbul edilmişdi ki, guya Azərbaycan Ermənistanı blokadaya salıb. İndi Azərbaycan 10 noyabr sazişi ilə kommunikasiya xətlərinin açılmasının təşəbbüsçüsü kimi çıxış edir. Həmin bəhanə artıq keçmir. Amerika Azərbaycanla bağlı başqa bəhanələr də ortaya ata bilər, bütün gücünü qoyur ki, proseslərə daxil olsun. Amerika erməni camaatının tələblərini yerinə yetirmək siyasəti də var. Azərbaycan beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edib, Xankəndi və başqa yerlərdə öz suveren haqlarını bərpa etməlidir. Onu gələcəyə buraxmaq olmaz!

– Görünən budur ki, İrəvan israrla Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərir. Bunun qarşılığı nə olmalıdır? Laçın dəhlizini cavab olaraq qapada bilərikmi?

– Mən buna müqavimət deməzdim. Bu, erməni şovinizminin bir təzahürüdür. Zəngəzur dəhlizinin açılmasının onların özlərini bataqlıqdan çıxaracağını bilə – bilə buna qarşı çıxmaq növbəti erməni xəstəliyidir. Onlar Zəngəzur dəhlizinin Türk dünyası ilə Türkiyəni bir-birinə bağlamasını həzm edə bilmirlər. Bəli, bizim əlimizdə yaxşı bir rıçaq var. O rıçaq Laçın dəhlizini bağlamaqdır.

– Rusiyanın reaksiyası necə olacaq, sizcə?

– Rusiya buna necə baxacaq, bu, bizi maraqlandırmamalıdır. Elə indidən oradakı maneəyə cavab olaraq bu addımı atacağımızı bəyan etməliyik. Ruslar da hesabını götürsün. Və ən önəmli məsələlərdən biri Laçın dəhlizinə nəzarəti həyata keçirməyimizlə bağlı siyasi qərar verilməlidir. Buradan əlini qolunu sallayaraq gedib-gəlməklə bağlı məhdudiyyətlər qoyulmalıdır. Artıq faktlar var ki, bu yoldan heç də humanitar yüklər daşınmır… Xaricdən gəlib gedənlər də buraya xoş məramla gəlmirlər.

– Sərhəddəki gərginlik Lavrovun səfərlərindən sonraya təsadüf etdi. Sadəcə təsadüf, yoxsa…

– Hesab edirəm ki, hələ bundan sonra da bölgədə gərginlik olacaq və onun artacağı da mümkündür. Çünki həll edilməyən bir çox məsələlər var. Əlbəttə, siyasətdə təsadüflər olmur. Lavrovun gedişindən sonra burada baş verənlər bir mesajdır. Daha çox Ermənistana mesajdır. Həm də seçkilər ərəfəsində siyasi məqsəd güdən bir mesaj da ola bilər. Amma mən bizə aid olan ərazilərin geri qaytarılması olayını yüksək qiymətləndirirəm, arxasında hər hansı mesaj – filan olsa da…

– Qafar bəy, son gərginliklər hərbi əməliyyatların bərpasına apara bilərmi?

– Bu, Ermənistanın seçkiqabağı həmləsidir, çünki rəqibləri Paşinyanı sıxışdırırlar, o da Ermənistanın guya təhlükəsizliyini qorumaq tədbirləri görür. Nə bilim, Azərbaycana nota verir, KTMT-na müraciət edir və s. Bunu da deyənlər var ki, müharibə Ermənistan dövlətinin varlığına son verə bilər. Onlar yadlarında saxlasınlar ki, əgər bu işə KTMT qarışarsa, Qars istiqamətində Türkiyənin 50 minlik ordusu var… Müharibənin yenidən başlama ehtimalı yoxdur. Çünki Rusiya bu məsələnin danışıqlarla həlli ilə bağlı XİN başçısının dilindən mövqeyini açıq bildirib. KTMT faktiki olaraq Rusiyadır və Türkiyə ilə hər hansı qarşıdurmaya getməz…

Artıq heç kəsə sirr deyildir ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb və onu siyasi meydana da Revanşist qüvvələr Ermənistanda bundan sonra da həmişə olacaq və onlar məğlubiyyətlə barışmaq istəməyəcəklər. Amma güc balansı, siyasi situasiya onların bu hikkəsinin mənasızlığını ortaya qoyur.

– Türkiyənin bu gərginliyi səngitmək üçün rolu nədən ibarət ola bilər?

– Türkiyə bölgədə artıq söz sahibidir. Hər hansı hərəkət Türkiyəyə qarşı edilən hərəkət kimi qəbul ediləcək. Açıq bəyan olunub: Türkiyə sahədə və masada Azərbaycanın yanındadır! Heç bir məsələ Türkiyəsiz həll edilə bilməz! Türkiyə Ermənistanı bu düşmənçilik siyasətindən vaz keçirmək tədbirləri də görə bilər. Hələ ermənilər Türkiyəyə yaşatdıqları fəlakətlərin, beynəlxalq səviyyədə apardıqları ideoloji təxribatların bədəlini ödəməyiblər.

– Makron Paşinyana söz verib ki, məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəsinə çıxaracaq. Bu cəhdlər nə vəd edir?

– Makron müharibə dövründə də Azərbaycanın öz ərazisini işğaldan azad etməsi ilə bağlı məsələni BMT TŞ-ya çıxarmışdı. Nə oldu? İngiltərə veto qoydu. BMT TŞ təkcə Fransadan ibarət deyil, həm də Fransanın atacağı bu addım Minsk qrupunda təmsil olunan ölkənin tərəf tutması demək olardı, başqa sözlə bu siyasi tərbiyəsizlikdir ki, Makron bu xüsusiyyətini bir neçə dəfə bizə böhtanlar atmaqla da edib. Hesab etmirəm ki, BMT-dən əleyhimizə hansısa bir qərar çıxsın. Əslində Azərbaycan BMT-nin verdiyi qərarları yerinə yetirməkdədir.

– Qafar bəy, nəhayət, İTC olaraq tanınmaq və tarixi torpaqlara qayıdış̧ üçün beynəlxalq təşkilatlara müraciət edəcəksinizmi?

– İrəvan Türk Cümhuriyyəti elan olunandan bəri həmişə bu ideyanı yaymağa və beynəlxalq təşkilatlarda qaldlrmaqdadır ki, Ermənistan dövləti tarixi Azərbaycan ərazisində yaradılmış süni bir dövlətdir və bölgə xalqlarına bəlalar gətirib. Ayrıca BMT Baş katibinə müraciətimiz olub ki, bu ərazidən milyonlarla insan qovulub çıxarılıb, onlara qarşı soyqırım, deportasiya aktları həyata keçirilib. SSRİ vaxtı verilən bəzi qərarların ləğv edilməsi istiqamətində fəaliyyətlərimiz var. 1918-ci il 29 may tarixli, Milli Şuranın İrəvanın Ermənistana güzəşt edilməsi haqqında 10 saylı protokolun ləğvi, 1920-ci il 30 noyabr tarixdə Azərbaycan İnqilab Komitəsinin Zəngəzurun Ermənistana verilməsi haqqında bəyanatı, o cümlədən, bir çox yaşayış məskənlərimizin Nüvədi kəndinin 1929-cu ildə verilmiş və 1969-cu ildə Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş sənədinin yox sayılması, 1947-ci il 23 dekabr SSRİ Nazirlər Sovetinin Ermənistandan azərbaycanlı əhalinin köçürülməsi ilə bağlı Stalin fərmanının qanunsuzluğunu və ayrı-ayrı zamanlarda Ermənistan SSR-in və daha sonra Ermənistan Respublikasının verdiyi qərarların ləğv edilməsi istiqamətində hüquqi mücadiləmiz davam edir. Əhalimizin tarixi vətənininə dönüşünü təmin etmək üçün biz beynəlxalq hüququn imkan verdiyi dərəcədə mübarizə prinsipləri seçmişik. Orada vaxtilə yaşayan əhalinin toplu və fərdi qaydada beynəlxalq məhkəmələrə müraciətlərimiz olacaq.

– Hər halda Makrona Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 114 min kv. km-lik ərazisinin elə Paris Sülh Konfransında tanınmasını xatırlatmaq, Cümhuriyyət xəritəsini masaya qoymaq pis olmazdı…

– Bu sənədləri və sizin dediyiniz Paris Sülh konfransında alınan qərar və AXC xəritəsini Makron kimi erməni yanlılarının gözünə soxacağıq. İTC əhalinin öz tarixi vətəninə dönüşü üçün qərarlı şəkildə mübarizəsini aparacaq. Ermənistan adlı terror dövlətinə, erməni şovinizminə qarşı ideoloji və siyasi mübarizəmizin mütləq nəticəsi olacaq. Bizim öncəliyimiz əhali faktorudur. Hüquqları pozulmuş, haqları tapdalanmış, milli varlıqları təhlükə altına düşmüş əhalidir. Qərbi Azərbaycan əsilli əhalinin sayı indi 5 milyondan çoxdur. Onlar dünyanın müxtəlif yerlərinə səpələnib. Onlar öz vətəninə qayıtmaq istəyirlər. Bu, beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş haqdır.

– Nikol Paşinyan Putinlə telefon danışığından sonra rəsmi qaydada KTMT-yə kömək üçün müraciət edib. Müdaxilə ola bilərmi?

– Bizimkilər bir az da irəliləyiblər. Hadisələr gərginləşir. Rusiya diplomatik olaraq fəallığını artırmaq üçün oyun da qura bilər. Paşinyanın birbaşa Rusiyaya müraciətinin arxasında ola bilsin ki, Ermənistanla Rusiyanın qurduğu bir təxribat var. Azərbaycanı bəzi güzəştlərə məcbur etmək kimi bir məqsədin olduğu aşkardır. Bu terrorçularla, onların Ermənistana heç bir şərt irəli sürmədən verilməsi ola bilər. Azərbaycan KTMT-dən qorxmamalıdır. Bu ittifaq iflas həddindədir. İnanmıram ki, veto haqqı olan Qazaxıstan qərar anında ermənilərdən yana olsun. İkincisi də Türkiyə -Azərbaycan hərbi əməkdaşlıq müqaviləsindən irəli gələni addımlar atılmalıdır.

– ABŞ Dövlət Departamenti sərhədçilərimizin Laçın rayonunda Ermənistanla dövlət sərhəddinə yerləşdirilməsini “mübahisəli ərazilərdə qoşunların hərəkəti məsuliyyətsiz və təxribat xarakterli addımdır” kimi qiymətləndirib. Açıqlamaya sizin münasibətiniz necədir?

– Məslənin kökündə bir neçə siyasi məqsədin olduğunu bilirik. Ermənilər Qaragöllə bağlı məsələni dünyanın gündəminə daşımaqla yenə ənənəvi “yazıq” obrazını formalaşdırmaq istəyirlər. Həm də bu məsələ əvvəlcədən planlaşdırılmışdı, yoxsa bu bəsit iş ABŞ Dövlət Departamentinə qədər getməzdi və bir çox ölkələrin gündəmi olmazdı. Dövlət Departamentinin özünün yaydığı açıqlamada bu ərazinin Azərbaycana məxsusluğu açıq görünür. Burada mübahisəli ərazidən bəhs etmək absurddur. Məsələnin kökündə yenə siyasi maraqlar durur. Qaragölün strateji əhəmiyyəti, xüsusən 3000 metrə çatan İşıqlı yüksəkliyinin bizdə olacağı və bütün Zəngəzurun buradan nəzarətə götürülməsi ermənipərəst Amerika dairələrini narahat edir. Erməni yanlısı konqresmenlərin Baydenə təsir göstərmək üçün fəallaşacağı da gözləniləndir.

Elşad Paşasoy,
Musavat.com

Yorumlar