Paşinyan Putinə “edə bilirsənsə et” dedi, Putin edə bildimi?
Dünən keçirilən Soçi görüşü əvvəlcədən məlum idi ki, Qərbin vasitəçiliyi ilə aparılan sülh prosesini pozmaq məqsədi daşıyır. Bu görüş öncəsi Paşinyanın və Putinin açıqlamaları olmuşdu və deyilənlərdən belə məlum olurdu ki, Soçi görüşündə Moskva Qarabağdakı rus ordusunun qalma müddətini uzatmaq, danışıqların 15 bəndlik Rusiya planı əsasında aparılmasını razılaşdırmaq və Qaradağın özünə məxsusluğunu əsas gətirərək onunla bağlı məsələni sülh danışıqlarına daxil etməyi hədəfləyirdi.
Ancaq Soçi görüşünün yekun bəyanatında gördük ki, bu məsələlərin heç bir qəbul edilməyib və daha çox deklorativ ifadələrlə görüşün nəticəsizliyi ört- basdır edilməyə çalışılıb. Bu da Putinin yuxarıda deyilən məqsədlərə nail ola bilmədiyini göstərdi.
Putinin dünənki görüşdən əldə etdiyi yeganə nəticə Qarabağdakı Rus “sülhməramlılarını” tərifləmək və Brüssell prosesinə paralel Rusiyanın vasitəçiliyi ilə aparılan mənasız danışıqlara süni nəfəs vermək cəhdi oldu. Ancaq əsil üzə çıxan əticə o oldu ki, geosiyasi baxımdan Rusiya Qərbə uduzur və Qərbin moderatorluğu ilə aparılan sülh prosesini pozmağa daha gücü yetmir.
Azərbaycan və Ermənistanın maraqları baxımından görüşün nəticələrini ayrıca dəyərləndirmək gərəkdir.
Azərbaycan üçün ən önəmli məsələ Putinin Valdayda dediyinin əksinə olaraq Soçidə Qarabağın statusunun gündəmə gətrilməməsi və sülhməramlıların qalma müddətinnin uzadılmaması idi. Buna da nail olundu. İlham Əliyev bu məsələyə status – kvoçu mövqedən yanaşır və onun üçün ən uyğun variant rus ordusunun Qarabağda indiki formada qalması və dediyi kimi “gorbagor olmuş status” məsələsinin gündəliyə gəlməməsidir. Bu halda Rusiyanın Cənubi Qafqazda hərbi iştirakı qorunub saxlanılır və Qərbin regionumuzda güclənməsi balanslaşdırılmış olur. Eyni zamanda bu şərtlərdə Azərbaycan Qərbin vasitəçiliyi ilə aparılan sülh danışıqlarında iştirakını da davam etdirə bilir.
Ermənistan isə onsuz da oktyabrın 6-da Praqada keçirilən görüşdən öncə Rusiyanın 15 maddəlik sülh planına razılıq vermişdi. Ancaq bu Paşinyana Praqada “Vaşinqton planı” ilə hərəkət etməyə heç də mane olmadı. Paşinyan çalışır ki, Rusiya ilə açıq şəkildə toqquşmaya getmədən, Qərblə əməkdaşlığı dərinləşdirib Putinin təsir imkanlarını tədricən zəiflətsin. Paşinyanın Putinin Valdaydakı çıxışından sonra dediklərinin mənası bu idi ki, “bir halda ki, Qarabağa status vəd edib erməniləri mənim üstümə qaldırırmaq istəyirsən , o zaman mən də razıyam, bunu edə bilirsənsə et görüm necə edirsən”. Və Soçidə bəlli oldu ki, Putin Valdayda vəd etdiyi statusu üçtərəfli görüşdə qəbul etdirə bilmədi və bununla da Paşinyan Vaşinqton planında iştiraka görə “milli xain” kimi görünməkdən qurtulmuş oldu.
Bu baxımdan Soçi görüşü Putinin öz əli ilə özünü saldığı uğursuzluq oldu və bundan sonra sülh danışıqlarında Brüssellin rolunun daha da artacağş gözləniləndir.
Fuat Gahramanlı