KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuat Gahramanlı: Ərdoğan niyə gəlir və Rusiya nədən aqressivləşir?

Fuat Gahramanlı: Ərdoğan niyə gəlir və Rusiya nədən aqressivləşir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
367 0

Artıq xəbər verildiyi kimi, iyunun 15 də Türkiyə prezidenti Ərdoğan Azərbaycana səfərə gələcək. Onun Şuşaya getməsi də səfər proqramına salınıb. Səfərin əsas mahiyyəti də, məhz onun Şuşaya gedişi ilə bağlıdır.
Ərdoğanın bu səfəri, Qarabağda Rusiyanın hərbi nəzarəti fonunda Azərbaycana verilən açıq siyasi dəstək hesab oluna bilər. Həmçinin bu səfərlə, Qarabağda hərbi iştirakı əngəllənən Türkiyə, regionun təhlükəsizlik konfiqurasiyasında iştirakdan geri çəkilmədiyi, siyasi diplomatik sahədə Rusiyanın birtərəfli nəzarət planları ilə barışmadığı mesajını verəcək.
Məsələnin ən ilginc tərəfi, Ərdoğanın məhz NATO sammitində Baydenlə görüşdən sonra Şuşaya səfər etməsidir. Gözlənilir ki, iki ölkə liderinin görüşündə əldə olunan anlaşmalar regionumuzdakı qüvvələr balansını ciddi şəkildə etkiləyəcək. Görünür, media üçün açıqlanmasa da, iki ölkə rəhbərliyi arasında ilkin razılaşmalar var və bu üzdən də Ərdoğan özünə arxayın şəkildə hər vəchlə Türkiyəni Qarabağa buraxmaq istəməyən Putinə qarşı açıq demarş edir.
Bu günlərdə ABŞ Dövlət Katibinin köməkçisi xanım Vendi Şermanın Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla keçirdiyi səmərəli görüşdə əsas məsələlər üzrə razılıq əldə olunduğu bildirilir. Türkiyənin yenidən F-35 proqramına geri dönməsi, Suriya və Liviya ilə bağlı razılıqların əldə olunması, Türkiyəyə Qərbin dəstəyi ilə yeni geosiyasi həmlələr üçün şans yaradır.
Bu baxımdan aydındır ki, Qərbin nəzərində sahədə Rusiyanın qarşısına çıxacaq əsas NATO gücü Türkiyə hesab olunur . Bu fikir Ukrayna, Suriya, Qarabağ məsələsində açıq şəkildə öz təsdiqini tapdı. Əgər , Türkiyəyə gərəkən dəstək verilməsə, o zaman istər Ukrayna məsələsində , istərsə Suriya və Cənubi Qafqazda bundan sonra Rusiyanın aqrresiv davranışlarını və hərbi nəzarətini durdurmaq cəhdləri uğur qazana bilməz. Bu baxımdan qarşıdakı dönəmdə Türkiyə həm də bir NATO ölkəsi olaraq Rusiyanın qarşısına çıxmağa başlayacaq. Bu isə iki ölkə arasında geosiyasi rəqabətin kəskinləşməsi və mövcud hərbi tarazlığın tədricən Rusiyanın əleyhinə dəyişməsi ehtimalını artırır.
Məhz, bu səbəbdəndir ki, Ərdoğanın səfəri ərəfəsində Şuşanı atəşə tutmaqla, Rusiya yenidən sabitliyi poza biləcəyi və Qarabağda təktərəfli hökmranlıq iddiasından vaz keçmək niyyətində olmadığı mesajını verdi.
Bu baxımdan son günlər Azərbaycan Ermənistan sərhəddində yaranmış lokal qarşıdurmalar heç də təsadüfi deyildi. Rusiya bu gərginlikləri təşkil etməklə, Zəngəzurda Ermənistan tərəfdən sərhəd xəttini öz hərbi nəzarətinə götürməyə nail odu. Beləliklə də Bayden – Ərdoğan görüşündən sonra, Türkiyənin Qərbin dəstəyi ilə gözlənilən yenin geosiyasi həmlələrinə qarşı mövqelərini gücləndirmiş oldu.
Belə bir vəziyyət Azərbaycan iqtidarı üçün də manevr məkanını getdikcə daraltmaqdadır. Bir tərəfdə NATO ölkəsi olaraq Azərbaycanın dostu Türkiyə, digər tərəfdə isə işğalçı Ermənistanın himayədarı və Qarabağı öz hərbi nəzarətində saxlayan, suverenliyimizə hörmət etməyən Rusiya. Görünən odur ki, xarici siyasətdə hazırkı status – kvonu uzun müddət saxlamaq mümkün olmayacaq və mütləq bu iki tərəf arasında strateji seçim qərarı vermək lazım gələcək. Onu da nəzərə almaq gərəkdir ki, bu məsələdə iqtidarın verəcəyi seçim qərarı, həm də yaxın gələcəkdə ölkə daxili proseslərin inkişaf istiqamətini müəyyənləşdirəcək. Ona bir görə də, hazırkı şəraitdə geosiyasi şərtlərin ölkə daxili vəziyyəti dəyişəcəyi ehtimalı get – gedə artmaqdadır.
Fuat Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir