KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Qəhrəmanlı: Türkiyənin Rusiyaya açıq xəbərdarlığı

Fuad Qəhrəmanlı: Türkiyənin Rusiyaya açıq xəbərdarlığı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
375 0

Türkiyənin Rusiyaya açıq xəbərdarlığı
Bir müddət öncə yazmışdıq ki, Baydenin hakimiyyətə gəlişi Türkiyə ile Rusiyanın ənənəvi münasibətlərini dəyişəcək. Artıq bu günlərdə Türkiyə ilə Rusiya arasında kəskinləşən geopolitik qarşıdurmanın ilkin əlamətləri görünməkdədir. İndiyə qədər Türkiyə və Rusiya bir qayda olaraq öz aralarında rəqabət aparıb, sonda ikitərəfli razılaşmaya gedə bilirdilər. Bu ona görə mümkün olurdu ki, Türkiyə Rusiyaya qarşı ancaq öz milli maraqları baxımından yanaşırdı və Rusiya ilə razılaşmalarla həm də Qərbdən gələn təzyiqləri neytrallaşdırmağa çalışırdı. Rusiyada öz növbəsində Türkiyəni Qərb blokundan ayırı saxlamaq üçün, razılaşmalara maraq göstərirdi
Ancaq indi vəziyyət dəyişib. Türkiyə indi Rusiya qarşısında təkcə özünün deyil, Qərb blokunun maraqlarını təmsil etmək və Putinin imperial iddialarını cilovlamaq missiyasını daşıyır. Ərdoğanın bu yaxınlarda “Türkiyənin gələcəyi AB ilədir” deməsi və NATO-nun çevik əməliyyat qüvvələrinə rəhbərliyin Türkiyəyə həvalə olunması, iki ölkə arasında artıq qüvvələr balansını dəyişməkdədir. Rusiyanın Türkiyəni xırda güzəştlər hesabına Qərb müttəfiqlərindən ayırıb, Orta Şərqdə və Cənubi Qafqazda sərbəstlik qazandığı dövrlər artıq arxada qalmaq üzrədir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun son bəyanatı əslində həm də Rusiyaya verilmiş ultimatum hesab oluna bilər. Məsələnin əsas maraqlı tərəfi odur ki, İlham Əliyev Moskva görüşündə Rusiya sülhməramlılarının statusu və Laçın dəhlizinə nəzarətlə bağlı məsələ qaldırmadığı halda, Türkiyə Çavuşoğlunun dili ilə bu məsələyə etirazını açıq bildirdi.
Bu məsələnin iki tərəfi var:
Birincisi budur ki, Türkiyə Azərbaycanın dəstəyi və istəyi olmadan belə Rusiyanın Qarabağda birtərəfli hərbi nəzarət qurmasını və Cənubi Qafqaz üzərində hegomonluğa sahib olmasını qəbul etmək niyyətində deyil. Bu, təkcə Türkiyənin deyil, həm də Rusiyanın Qarabağdakı hərbi mövcudluğunu Kuperin dili ilə sülh və təhlükəsizlik üçün təhdid adlandıran ABŞ-ın mövqeyidir. “Laçın dəhlizinə Azərbaycan nəzarət etməlidir, Rusiya sülhməramlılarının statusu razılaşdırılmalıdır” bəyanatı əslində, Azərbaycanın qəsb olunan suveren haqlarını təmin etməklə Rusiyanın təsirini məhdudlaşdırmaq məqsədi daşıyır. Demək ki, Dağlıq Qarabağda Türkiyə və Rusiya arasında bu məsələ ilə bağlı razılaşma yox, siyasi diplomatik narazılıq, gərginlik var. Görünən odur ki, Rusiya regionda özünün birtərəfli üstünlüyə sahib olma iddialarından geri çəkilməyincə, Türkiyə ilə Rusiya arasında diplomatik – siyasi qarşı durma açıq müstəviyə keçəcək. Bu məsələdə Türkiyənin Qərb blokunun təmsilçisi kmi hərəkət etməsi, Azərbaycan rəhbərliyi qarşısında seçim tələbi qoyulmasına doğru aparır.
Məsələnin ikinci tərəfinə gəldikdə isə aydın görünür ki, Mövlud Çavuşoğlunun bəyanatı həm də Azərbaycana təzyiq xarakteri daşıyır. Çünki Moskva görüşündən sonra Türkiyə diplomatik danışıqların predmeti olan bu məsələni ictimailəşdirməklə İlham Əliyevə mesaj vermiş oldu. Türkiyə artıq hesab edir ki, Laçın dəhlizinə nəzarətin Rusiyanın əlində olması və rus sülhməramlılarının statusunun qeyri-müəyyən qalması ilə barışmış kimi görünən Azərbaycan rəhbərliyi, bu məsələdə öz mövqeyini aydın bildirməlidir. Bu, Rusiya qarşısında çəkingən davranıb, Türkiyənin oyundan kənar qoyulmasına şərait yaradan Azərbaycan rəhbərliyinə Ankaranın çox ustaca diplomatik xəbərdarlığı və narazılığını bildirməsi deməkdir.
Görünən odur ki, Putinin bütün səylərinə baxmayaraq, Rusiyanın Cənubi Qafqazda öz hegomoniyasını yaratmaq, Dağlıq Qarabağ məsələsini hərbi-siyasi nəzarəti altına almaq istəkləri Qərb tərəfindən qəbul edilmir. Bu üzdən də qarşıdakı dönəmdə kəskinləşən geopolitik rəqabət və qarşıdurmalar qaçılmaz görünür. Azərbaycan rəhbərliyi də hazırkı beynəlxalq konyunkturanı nəzərə alıb mövqeyini aydın müəyyənləşdirməlidir.
Fuad Qəhrəmanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir