KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Kahramanlı: Türkiyə və Rusiya arasındakı qarşıdurma Azərbaycana nə vəd edir?

Fuad Kahramanlı: Türkiyə və Rusiya arasındakı qarşıdurma Azərbaycana nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
265 0

Türkiyə və Rusiya arasında artmaqda olan gərginliyin, iki ölkənin maraqlarının toqquşduğu bütün regionlarda hiss olunacağı gözlənilir. Artıq bilindiyi kimi, Rusiya Türkiyə olan bütün təyyarə reyslərini təxirə salıb. Eyni zamanda, Rusiya tərəfi Türkiyəni Ukraynaya verdiyi hərbi siyasi dəstəyə görə hədələməklə məşğuldur.
Zelenskinin səfərinin nəticəsi olaraq, Türkiyənin “Kırım platformasına” qoşulması və iki ölkə arasında hərbi siyasi əməkdaşlığın davam etməsi, onu göstərir ki, Rusiya buna qarşılıq olaraq, öz cavab tədbirlərini artırmağa çalışacaq.
Bəs Türkiyə və Rusiya arasındakı bu gərginlik Azərbaycana nə vəd edir?
İlk növbədə Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın bundan sonrakı genişlənməsinin, Rusiya tərəfindən açıq narazılıqla qarşılanacağını gözləmək olar. Rusiya çalışacaq ki, bu yöndə Azərbaycana təzyiqlərini artırmaqla Türkiyənin Azərbaycandakı mövqelərini zəiflətsin.
Ən çox diqqəti cəlb edən məsələ isə, Dağlıq Qarabağda vəziyyətin yenidən gərginləşdirilməsi ehtimalı ilə bağlıdır. Rusiya yenidən lokal hərbi toquşmalarla Azərbaycana hərbi təzyiq göstərə bilər. İndi bir daha aydın olur ki, Rusiya ordusunun sülhməramlı adı altında Qarabağa gətirilib salınması milli maraqlarımız baxımından böyük strateji səhv idi. Milli təhlükəsizliyimiz üçün təhdid sayılan rus “sülhməramlıları”, bu gün artıq Moskvanın əlində ölkəmizə qarşı hərbi təzyiq vasitəsinə çevrilibdir.
Güman ki, bundan sonra Rusiya 10 noyabr Bəyanatında Laçın dəhlizinə qarşılıq Naxçıvana çəkilməsi nəzərdə tutulan dəmir yolu xəttinin də qarşısı alacaq. Çünki bu dəmir yolu xəttinə Türkiyənin qoşulması da nəzərdə tutulurdu.
Proseslərin bu yöndə inkişafı Azərbaycanın qarşısında iki seçim qoyur : Ya strateji müttəfiqimiz olan Türkiyə ilə birgə hərəkət etmək, ya da ki, Putinin təzyiqləri qarşısında ənənəvi təslimçi mövqeyi davam etdirib Rusiyanın satellitinə çevrilmək.
Bu dəfə 2015 – ci ildə baş vermiş məlum təyyarə krizi zamanı olduğu kimi neytral qalmaq imkanı olmayacaq. Çünki Rusiya və Türkiyə arasındakı indiki gərginlik hər hansı hadisəyə görə deyil, strateji maraqların toqquşmasına görədir. Bu konteksdə Qərb Rusiya arasında yaranan geosiyasi qarşıdurmanı və Ukraynada mümkün hərbi toqquşmaları da nəzərə alsaq, vəziyyətin əvvəlki dövrdən fərqli olduğunu görərik. Rusiya Cənubi Qafqazda Türkiyəni zəiflətməkən ötrü Azərbaycanın neytral mövqe sərgiləməsinə razı olmayacaq. Eyni zamanda təhlükəsizlik məsələsində Qərbin və Türkiyənin də Azərbaycandan tərəfini müəyyənləşdirməklə bağlı öz istəkləri var. Bu baxımdan Azərbaycanln rus qoşunlarının Qarabağdan çıxarılmasına, Türkiyə ilə hərbi strateji əməkdaşlığın dərinləşdirməsinə və AB ilə inteqrasiya məsələsinə münasibətdə mövqeyini bir daha nəzərdən keçirməsinə ehtiyac var.
Eyni zamanda ölkədə demokratiya və insan haqlarına münasibət , Azərbaycanın avtoritar Rusiyanın quyruğunda sürünəcəyini, yoxsa Qərbə doğru yön alacağının göstərəcək. Çünki, bu gün Qərblə Rusiya arasındakı geosiyasi qarşı durma təkcə təhlükəsizlik problemlərinə görə olmayıb, həm də avtoritarizmlə demokratiya arasındakı ziddiyyətlərdən qaynaqlanır.
Əgər İlham Əliyev öz hakimiyyət maraqlarına görə Rusiyanın yanında yer almağı seçərsə, bu milli təhlükəsizliyimiz üçün dəhşətli zərbə olar. O zaman, Rusiya strateji baxımdan müdafiəsiz duruma düşmüş Azərbaycanda, öz hərbi mövcudluğunu daha da gücləndirməyə və Qarabağda suverenliyimizi sona qədər tapdamağa çalışacaq. Putinin yaxın ətrafına daxil olan şəxslərin Dağlıq Qarabağı Rusiyaya birləşdirməklə bağlı səsləndirdiyi bəyanatlar, bu halda, bizi necə bir təhlükə gözlədiyini göstərir. Bu, həm də Azərbaycanın qarşıdakı dönəmdə Rusiyaya göstərilən təzyiqləri bölüşməsinə səbəb olacaq, Qarabağ məsələsində Qərbin dəstəyini almaq imkanlarına ciddi zərbə vurmuş olacaq. Nəzərə alsaq ki, Ermənistanda Paşiniyan hökuməti Avrointeqrasiya kursunu davam etdirməkdə israrlıdır, o zaman, Azərbaycan Rusiya ilə birlikdə olmağı seçərsə, bu, Ermənistanın Qərbdə bizə qarşı mövqeyini daha da gücləndirmiş olacaq.
Yox, əgər Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik mövqeyinə uyğun olara Qərb blokunu seçərsə, bu, həm Rusiya təhdidinə qarşı Türkiyə və NATO – nun dəstəyini almağa, ölkədə islahatların önünü açılmasına, neft iqtisadiyyatının tənəzzülünün yaratdığı sosial iqtisadi bataqlıqdan çıxmağa yol açar.
Odur ki, indiki seçim anında milli maraqlarımıza uyğun qərar vermək gərəkdir. Daha gedib, “Qoşumayanlar hərəkatında” baş girələmək dönəmi bitdi.
Fuad Kahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir