KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Kahramanlı: Sərt siyasət Putini xilas edə biləcəkmi?

Fuad Kahramanlı: Sərt siyasət Putini xilas edə biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
284 0

Rusiya həm daxildən, həm də xaricdən dərinləşməkdə olan böhranla üz – üzədir. Ukrayna ilə sərhəddə böyük sayda canlı qüvvə və hərbi qüvvə toplayan Rusiya, əslində dalana dirənmiş vəziyyətdədir. Aydın görünür ki, Putin, bu, qədər hərbi gücü ilk olaraq müharibəyə başlamaq üçün səfərbər etməyib. Məqsəd Ukrayna öz ərazilərini Rusiya işğalından azad etməyə başlayarsa, onun qarşısını almaq və mümkün olarsa yeni ərazilər zəbt etməkdir . Ukraynanın isə işğaldan azadetmə əməliyyatlarına nə zaman qərar verəcəyi hələ ki, bəlli deyil. Hazırkı gərgin vəziyyət Rusiyadan fərqli olaraq, Ukraynaya daha çox xeyir gətirir. Bu ölkə bir tərəfdən Rusiya ilə müharibə təhlükəsinə görə Qərbin daha çox hərbi siyasi dəstəyini alır, ordusunu sürətlə modernləşdirir, ilhaq olunmuş əraziləri ilə bağlı məsələni beynəlxalq səviyyədə diqqətə gətirir, digər tərəfdən də, Rusiyaya qarşı böyük koalisiyanın yaranmasına, öz rəqibini dünyada daha çox təcrid etməyə nail olur. Putinin ən uğurlu geosiyasi layihələrindən biri Türkiyə ilə Qərb arasındakı ziddiyyətlərdən yararlana bilməsi idi. İndi isə Zelenski bu imkanı Rusiyanın əlindən alaraq, Türkiyəni öz strateji müttəfiqinə çevirməyə nail olub.
Rusiya isə bu gərginlik davam etdikcə hərbi hazırlıq vəziyyətini qorumağa və əlavə xərclərlə yükləməyə məcburdur. Putinin sərhəddə böyük hərbi kontingent toplayaraq, təkcə Ukraynaya deyil, həm də NATO – ya əzələ nümayiş etdirməsi, Avropalıların nəzərində Rusiya təhlükəsini daha da artırır. Bu da öz növbəsində Ukrayna böhranı ətrafında Qərbin redaksiyalarının getdikcə daha da sərtləşməsinə səbəb olur. Ona görə də hazırkı situasiyada zaman Rusiyanın əleyhinə işləyir demək olar.
Ölkə daxilində isə vəziyyət heç də ürəkaçan görünmür. Əgər əvvəllər xarici hərbi təhlükə rus cəmiyyətində həmrəylik, böyük Rusiya naminə fədakarlıq əhval ruhiyyəsi doğururdusa, indi o münasibəti görmək mümkün deyil. Navalnınının məlum videoları ilə ifşa olunan Putin, indi öz oğru imici ilə, rus vətənpərvərliyinin təmsilçisi olaraq deyil, kleptokratik hakimiyyətini qorumağa çalışan hakimiyyət hərisi kimi tanınır. Böyük əksəriyyət artıq anlayır ki, xarici hərbi təhlükə Putinə narazı xalqın diqqətini, ölkədəki ağır sosial – iqtisadi problemlərdən yayındırmaq üçün lazımdır.
Bu səbəbdəndir ki, Navalnını tərəfdarlarının çağırdığı mitinqə bu günə qədər 460 mindən artıq insan qeydiyyatdan keçib və bu say artmaqda davam edir. Məlum olduğu kimi Navalnınının səhhətinin pisləşməsi ilə bağlı artıq aprelin 21-nə mitinq təyin olunub. Bu, Putinin ölkə içində xalqla kəskin və davamlı qarşıdurmaya cəlb olunması prosesinin başlanğıcı ola bilər.
Hakimiyyət bu təhlükəni anlayır və görür ki, artıq vətənpərvərlik ritorikası ilə və əlində olan informasiya resurslarıyla cəmiyyəti ram etmək alınmayacaq. Ona görə də müxalifətə qarşı daha sərt üsullara keçiləcəyi barədə xəbərdarlıq edir. Rusiya Baş Prokurorluğundan bildirilib ki, Navalnının rəhbərlik etdiyi “Korrupsiyaya qarşı mübarizə fondu” qanundan kənar, ekstremist təşkilat elan oluna bilər. Bu isə vəziyyət daha da gərginləşəcəyi təqdirdə, siyasi rəqiblərə qarşı genişmiqyaslı repressiyalar aparılması üçün saxta hüquqi zəmin yaradılması deməkdir . Əgər, bu, baş verərərsə, o zaman Putin hakimiyyətinə qarşı qoyulan sanksiyaların miqyasının daha da genişlənəcəyi gözlənilir.
Elə bu günlərdə, ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Cek Salivan bildirib ki, əgər həbsdə səhhəti pisləşən Navalnını ölərsə buna qarşılıq mütləq addımlar atılacaq. Bu məsələnin AB ölkələrinin Xarici İşlər nazirləri səviyyəsində də müzakirəyə çıxarılacağı gözlənilir.
Göründüyü kimi, Putinin həm ölkə içində, həm də xaricdə getdikcə dərinləşən bu qarşıdurma şəraitində, vəziyyəti aqressiv, təcavüzkar siyasətlə nəzarət altına almağa çalışır. Ancaq bu ziddiyyətlər elə xarakterə sahibdir ki, zorakı davranışlar, sərt repressiyalarla onları aradan qaldırmaq mümkün deyil. Əksinə bu cür siyasət Rusiyanın beynəlxalq təcridini dərinləşdirərək, Putini ölkə içində və xaricində çıxa bilməyəcəyi dalana salacaq.

Fuad Kahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir