Putinin “yox” cavabı Ukraynanın mövqeyini necə gücləndirir?
Zelenskidən, Putindən sonra top indi də Trampda.
Rusiyanın Trampın bir aylıq atəşkəs çağırışna dolayı şəkildə imtina cavabı verməsi, Ukrayna diplomatiyasının bu təklifə razılıq verməsinin doğru hesablanmış addım olduğunu göstərdi. Zelenski bu addımla Trampla lüzumsuz qarşı durmadan yayınıb, onu Putinlə üz-üzə qoymağı bacardı.
Əslində isə, Trampın bir aylıq atəşkəs təklifini qəbul etmək heç Ukraynanın da maraqlarına tam uyğun deyildi. Ancaq Amerikanın hərbi və kəşfiyyat dəstəyinin bərpası üçün Zelenski onun bu təklifini qəbul etməyə məcbur idi. Bu zaman Ukrayna üçün ən yaxşı variant Trama “hə” deyib yardımların bərpasına nail olduqdan sonra, Putinin ABŞ-dan gələn təkifə yox deməsi idi. Bu halda Ukrayna ona lazım olanları əldə edir, işin pozulması məsuliyyəti isə Putinin boynunda qalır.
İndi Putin Trampa yox deməklə, nəinki Zelenskinin gözləntilərini doğrultdu, həm də Ukraynanın ABD- n dəstəyi ilə müharibəni davam etdirməsinə yol açdı. Rusiyanın dünən Moskvaya gələn Trampın xüsusi elçisi Uitkova verdiyi “yox” cavabına gəldikdə isə, bu, əslində sülh müqaviləsi şərtlərinin məhz atəşkəsdən öncə razılaşdırılmasını nəzərdə tutur.
Putin deyib ki, ” bu, uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın əsas səbəblərini aradan qaldırmalıdır…biz bu səbəbləri heç bir halda gözardı edə bilmərik”. Bu o deməkdir ki, Rusiyanı qane edən, onun işğalçı iddalarını təmin edən təslimçi sülh şərtləri razılaşdırılmadan, hər hansı atəşkəs təklifi də qəbul edilməyəcək. Aydın görünür ki, Putin atəşkəsə yalnız Ukraynanın təslim olması sərti ilə razıdır.
Bu vəziyyət Trampı üçün Ukraynanı daha çox dəstəkləməkdə başqa çıxış yolu buraxmır. İndi, o , etiraf etməyə məcburdur ki, Rusiyanı döyüş meydanında hərbi baxımdan məğlub etmədən, Putin atəşkəsə razı olmayacaq. Dünən yayılan məlumata görə, Rusiyanın neft , qaz satışı ödənişləri və bank əməliyyatları üçün məhdudiyyətlərin 2 ay müddətinə götürülməsi ilə bağlı Baydenin qərarının müddəti bitsə də, Tramp bu müddəti uzatmadi. Buna Putinin dolayı yox cavabına Trampın birbaşa cavabı kimj də baxmaq olar. Yəqin ki, bundan sonra digər addımlar da olacaq.
Hətta bu vəziyyətdə işğalçı olmasına baxmayaraq Trampın Putini tənqid etməkdən çəkinməsi belə Rusiyanın mövqeyini dəyismir və onu Çindən qoparmaq arzusunu reallaşdırmır.
Odur ki, yaranmış vəziyyət Ukraynanın ABŞ-dan daha çox hərbi yardım və siyasi dəstək almaq şanslarını artırır. Nəzərə alsaq ki, Oval ofisdə baş verənlərdən sonra AB -nin və ayrı- ayrı Avropa ölkələrinin də hərbi yardımları əvvəlki dövrlə müqayisədə xeyli artıb, o zaman demək olar ki, Ukrayna diplomatiyası mövcud böhran mərhələsini keçməyi bacarıb. Məşhur ifadə ilə desək indi top Trampın qabağındadır.
Fuad Gahramanlı