KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Zelenski nədən hədəfdə?

Fuad Gahramanlı: Zelenski nədən hədəfdə?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
27 0

Onun indiki mövqeyinin geostrateji əhəmiyyəti nədə ifadə olunur?

Tramp dünən Zelenski haqqında söylədikləri sözlərlə o qədər irəli getdi ki, bunu yəqin ki, söylənməmişdən öncə onun ən yaxın ətrafından soruşsaydılar, onlar belə bu sözlərin bir Amerika prezidenti tərəfindən deyilə biləcəyinə inanmazdılar. Ancaq görünən odur ki, Tramp nə diplomatik qaydaları, nə siyasi çərçivələri, nə başında durduğu dövlətin qurub yaratdığı güc tarazlığını və beynəlxalq münasibətləri nəzərə almadan, öz kafasına görə hərəkət edir və hər danışdıqca da yeni problemlər, krizlər yaradır. Ona görə də bu vəziyyətin davam etməsi, təkcə Ukrayna məsələsi deyil, həm də ABŞ-n milli təhlükəsizlik probleminə çevrilməkdədir.

Müharibənin başlanmasına görə hər kəsin bildiyi həqiqətləri təhrif edib, günahı Ukraynanın üzərinə atmaq, Kiyevin danışıqlarda iştirak tələbinə qarşı “3 ildir oradaydınız danışıb həll edərdiniz” deyərək “Zelenski dəhşətli iş gördü, onun ölkəsi darmadağın oldu və milyonlarla insan səbəbsiz öldü” sözləri ilə müharibənin səbəb olduğu fəalakətin məsuliyyətini Ukraynanın üzərinə qoymaq, Vətənini qorumaq üçün həlak olan insanların səbəbsiz, boş yerə öldüyünü demək, uğrsuz komedisyən adlandırdığı Zelenskini, qeyri- legitim və diktator elan edib, sonra da yeni prezidenti seçkiləri keçirilməsini tələb etmək, bütün bu ifadələr hər biri ayrılıqda qırmızı xətlərin keçilməsi hesab olunur. Artıq elə bir vəziyyət yaranıb ki, cidanı çuvalda gizlətmək mümkün deyil.

Bütün bunlar azmış kimi, dünən vitse prezidenti Vens İngiltərəni “nüvə silahı olan müsəlman ölkəsi” adlandırıb İşçi partiya hökumətini də ələ saldı. Münhendəki məlum çıxışı yetmirmiş kimi, onun niyə belə etdiyini, ABŞ-n ən yaxın müttəfiqinə qarşı durub- dururkən nəyə görə həqarət etmək ehtiyacı hiss etdiyini də kimsə bilmir. Halbuki ABŞ-n İngiltərə ilə münasibətləri hər zaman anqlosaks birliyinin nüvəsini təşkil etmişdi və bu ölkə Amerikanın dünya liderliyinin istinad etdiyi əsas yön verici ağl sayılırdı.

Təsadüfi deyil ki, elə dünən İngiltərə baş naziri Starmer telefonla Zelenskini arayaraq, Trampın dedikləri qarşısında ona dəstəyini ifadə edib. O, İngiltərənin də ikinci dünya müharibəsi dövründə seçkiləri təxirə saldığını bildirərək, Zelenskini Ukraynanın legitim və xalqı təmsil edən qanuni rəhbəri kimi qəbul etdiyini bildirib.

Görünən odur ki, Zelenskinin hədəf alınması təsadüfi deyil və o, indi həm Putinin, həm də ki, Trampın Ukrayna üzərindən anlaşma əldə etmək planlarını pozan əsas fiqurdur. Zelenskinin 500 milyard dollar dəyərində yeraltı sərvətlərin gələcəkdə Amerikaya verilməsi ilə bağlı təklif edilən sənədi imzalamaqdan imtina etməsi, Trampın özü ilə bağlı yaratmaq istədiyi böyük qazanclı müqavilələr bağlayan lider imicinə zərbə vurdu. Rəhbərlik etdiyi dövləti şirkət kimi idarə edən, ölkəsinin xarici siyasətini biznes intriqalarına çevirən Tramp, Zelenskinin onun üçün gözlənilməz olan bu qərarlılığını öz personasına qarşı yönəlmiş saymazlıq sayır və buna görə də onunla indi səxsi ədavət aparır.

Digər tərəfdən isə Tramp hər çıxışında, ” o , hakimiyyətdə olsaydı dünyada heç bir müharibə olmayacaqdı” deyərək, özünü münaqişələri həll edən bilən tək seçilmiş lider olduğunu göstərməyə çalışır. Ancaq Zelenskinin ölkəsinin ərazi bütövlüyünü güzəştə getməyən lider kimi qətiyyətli duruşu, Trampın Putinin şərtləri əsasında və Ukraynanın işğalda olan ərazilərini təslim edərək sülh bağlamaq planlarını pozmuş oldu. Bununla yanaşı Zelenskinin Ukraynanın və Avropanın olmadığı danışıqların nəticələrinini qəbul etməyəcəyini bildirməsi, Trampın Putinin tələbələrini yerinə yetirmək imkanlarının qarşısını kəsdiyi üçün onun apardığı danışıqları da boş və anlamsız edir. Bu vəziyyətdə siyasi təşəbbüsün Ukrayna və Avropa Birliyinə keçməsi Tramın oyundankənar vəziyyətə düşməsinə yol açır. Bunun pərtçiliyini qaldırmaqda çətinlik çəkən Tramp ona görə də, getdikcə daha da aqressivləşr.

Seçki qabağı verdiyi vədlərə və hər çıxışında özünü tərifləməsinə rəğmən, Tramp bu gedişlə Ukraynada sülh əldə edə biləcək kimi görünmür və bu uğursuzluq onu qeyzləndirir. Ona görə də nə qədər gülünc görünsə də, Putinlə bir – birlərini sevdiklərini deyib, sonra da Zelenskini diktator adlandırmaqla, üzləşdiyi uğursuzluğun hıncını ondan çıxmaga çalışır.

Ancaq İngiltərə başda olmaqla Avropanın, qardaş Türkiyənin və hətta uzaq Çinin belə bu mərhələdə Ukraynaya dəstək verməsi və digər tərəfdən də Zelenskinin indiki qətiyyətli duruşu, təkcə Ukraynanın ərazi bütövlüyünü deyil, həm də , beynəlxalq düzəni və hüququ qorumaq marağında olanların x mövqeyini gücləndirir. Zelenskinin bu mövqeyinin geostrateji əhəmiyyət həm də onda ifadə olunur ki, Avropa Birliyi bu prosesdə Ukraynanın haqlı mövqeyini müdafiə etdikcə, hərbi və siyasi baxımdan daha da birleşir, güclənir və gələcəklə bağlı öz iradəsini, qətiyyətini artır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir