Tarixə düsəcək ləyaqət nümunəsi və ya bəşəriyyətin vicdanına xitab edən siyasi gediş.
Dünən gördüklərimiz heç inanılır kimi deyildi, ancaq nə edəsən ki, bütün dünyanın gözü qarşısında demokratiya, xalqların azadlığı, dövlətlərin suverenliyi adına rəzalət sayılacaq bir mənzərəyə şahid olduq.
Zelenski o görüşdə təkcə bir prezident kimi deyil, həm də xalqının azadlıq mübarizəsinə rəhbərlik edən sərkərdə kimi mətanətli bir duruş sərgilədi. Və bütün dünyaya göstərdi ki, o, təkcə rus işğalına qarşı ərazi bütövlüyü savaşı aparmır, həm də millətinin, dövlətinin qürurunu, ləyaqətini təmsil edir və qoruyur.
Zelenskini namərdcəsinə qurulmuş bir tələyə saldıqlarını zənn edənlər, görünür onun özünü necə aparacağını heç hesaba almamışdılar. Və Zelenski siyasət tarixinin ən yüksək ləyaqət nümunəsini göstərərək, azadlıq və dəyərlər uğrunda gedən ölüm -qalım savaşına qazanc, pul prizmasından baxaraq, ona “sənin əlində heç bir kart yoxdur” deyənlərə, “mən bura kart oynamağa gəlməmişəm” cavabı verdi və onları rəzil etdi.
Əgər, bu, diplomatiya savaşı idisə, əgər, bu, namərd tələsi idisə, əgər, bu, ağır durmda olan bir xalqa qarşı işğalçının yandaşlığını etmək idisə də, buna hər nə ad qoyulsa da , Zelenski bu qarşılaşmadan mənən qalib çıxdı. Onun qalibiyyəti elə parlaq oldu ki, bir ölkənin hüdudlarını aşaraq haqdan, demokratiyadan, xalqların suverenliyindən yana olan bəşəriyyətin rəğbətini qazandı, vicdanı olan hər kəsin mənəvi dəstəyi onunla oldu.
Və dünən Zelenski gücə, qazanca tapınanlara, heç vaxt dəyərləri, idealları sevməyənlərə elə bir ləyaqət dərs verdi ki, bu, dərs təkcə siyasətin deyil, həm də müqəddəs dini savaşlarin əfsanələşmiş xatirəsi kimi, bəşəriyyətin vicdan, mənəviyyat tarixinə əbədi olaraq həkk olundu, insanlıq dərsinə, ləyaqətli duruş nümunəsinə çevrildi. Özü də, o, bu nümunəni heç bir qayda tanımayan, qana susamış düşmənlə qeyri bərabər döyüş vəziyyətində, dost bilib üz tutduğu, ancaq, namərd müamiləsi gördüyü bir yerdə, köməyə möhtac olduğu bir durumda, üzünə “sənin bizssiz heç bir gücün yoxdur” deyənlərin qarşısında göstərdi.
Zelenski bu qətiyyəti, cəsarəti və ləyaqəti ilə dünən təkcə Ukrayna xalqının deyil, bütövlükdə insanlığın mənəvi qələbəsinə imza atdı. Avropa liderlərindən ard-arda gələn açıq və birmənalı dəstək, bu igid sərkərdəni, onun Vətən savaşı verən xalqının tək olmadığını, bütün təzadlara baxmayaraq dünyanın vicdanının möhtəkirlərin, gücə sitayiş edənlərin ümidinə buraxılmayacaq qədər dəyərli və müqəddəs olduğunu göstərdi.
Dünən Ukrayna liderinin qarşısındakılar nadir torpaq elementlərinə, işğalçı ilə birlikdə əldə edəcəkləri mənfəətə oynadıqları halda, Zelenski də ən güclü diplomatik gediş edərək, bəşəriyyətin vicdanına oynadı. Fayda, qazanc umanların əli boşda qaldı, ancaq Zelenski bəşəriyyətin vicdanın öz xalqının Vətən savaşı qarşısında silkələyib ayağa qaldırdı. İndi kim qalibdir, siz deyin?
Fuad Gahramanlı