Rusiyanın uğursuz Xarkov hücumu və ya tapdanmamış “qırmızı xətt” qaldımı?
Xarkova hücum hansı nəticələri doğurdu ?
Bu ilin əvvəlindən başlayaraq Rusiyanın cəbhə xəttini genişləndirərək Ukrayna ordusunu daha böyük məsafədə döyüş aparmağa vadar etmək və beləliklə də Şimal istiqamətindən cəbhəni yarmaq niyyəti baş tutmadı. Rusiya çox böyük itkilər verərək sərhəd bölgəsində Volçanskı və Çasov Yarı işğal edib Xarkova yol aça bilmədi. Əgər Qərb silahlarının gecikdiyi və əsgər çatışmazlığı olduğu bir zamanda rus ordusu Ukraynanın ən zəif olduğu Şimal istiqamətində irəliləyə bilmədisə, bu, artıq qarşıdakı dönəmdə Moskvanın strateji üstünlük qazanmaq imkanlarının bundan sonra real olmadığını göstərir.
Putin xüsusi ilə çalışırdı ki, iyun ayın 15-də İsveçrə keçirilən Ukrayna sülh konfransına qədər cəbhədəki vəziyyəti elə dəyişsin ki, masada Zelenskinin təklif etdiyi sülh planı deyil, atəşkəs elan edib rusların irəliləməsini necə durdurmaq məsələsi müzakirə edilsin. Ancaq bu plan alınmadı və Xarkovun işğalı, Sumi istiqamətində hücumu genişləndirmək planları iflasa uğradı.
Rus ordusu üçün uğursuzluq təkcə hücum əməliyyatlarının baş tutmamasında deyil, həm də çox kiçik taktiki irəliləmə müqabilində verilən itkilərin çoxluğundadır. Ruslar bir ay müddətində 200 kvadrat kilometr ərazini işğal etmək üçün çox sayda canlı qüvvə və dəyəri milyardlarla ölçülən raket və artilleriya kompleksləri, döyüş texnikası itirməli oldular. İndi də yeni tutduqları bu ərazilərdə mühəndis istehkam qurğuları olmadığı üçün hər gün çox saylı itkilər verərək tutduqları əraziləri əks hücum əməliyyatlarına başlayan USQ -dan qorumağa çalışırlar. Ancaq gələn məlumatlar rusların bəzi kəndlərdən geri çəkildiklərini göstərir.
Nəticələrə baxdıqda görürük ki, Putinin Belqorod istiqamətində yeni cəbhə açmaq cəhdi strateji baxımdan Rusiyanı daha çətin vəziyyətə saldı. Məhz, bu istiqamətdən başlayan hücuma görə Qərb ölkələri ilk dəfə olaraq verdikləri silahlarla Ukraynananın Belqorod ərazisindəki hərbi hədəfləri vura biləcəyinə razılıq verdilər. Bunun nəticəsində Ukrayna Qərbdən aldığı orta mənzilli Yaylım Atəş Sistemlərindən və raketlərdən istifadə edərək öz sərhədlərindən kənarda rusların cəmlənmə məntəqələrinə və atəş nöqtələrinə qabaqlayıcı və ağır dağıdıcı zərbələr endirmək imkanları qazandı.
Bu ərəfədə Ukraynana Qərbdən “F-16”- ları gözlədiyi halda, bəlli oldu ki, Fransa öz arsenalındakı “Skalp” raketlərini buraxa bilən “Mirage 2000-5” təyarlərini də Ukraynaya verməyə hazırlaşır. Bu, rusların cəbhədə aviasiya üstünlüyünü kompensasiya etmək baxımından çox mühüm bir addımdır.
Xarkova hücum təhlükəsi qarşısında Ukrayna üçün daha bir mühüm əhəmiyyətli gəlişmə fransız hərbçilərinin Ukraynaya göndəriləcəyi ilə bağlı məsələnin gündəmə gəlməsi oldu. Hazırda cəbhədə əsgər çatışmazlığı hiss edən Ukrayna yeni səfərbərlik nəticəsində toplanmış 300 min nəfərlik ordunun təlimi üçün peşəkar zabitlərə kəskin ehtiyac duyur. Bunun üçün Fransanın göstərəcəyi dəstək çox sayda peşəkar zabiti döyüş bölgəsindən geri çəkmədən yeni ordu hazırlamağa imkan verəcək. Onu da qeyd edək ki, bu yeni ordu döyüş xəttinə göndərildikdən sonra Ukrayna ordusunun əsgər çatışmazlığı əhəmiyyətli dərəcədə öz həllini tapmış olacaq .
Bütün bunlar baş verdiyi bir vaxtda Rusiya növbəti dəfə öz qırmızı cizgilərinin aşıldığına görə ən sərt təhdidləri səsləndirməkdədir. Görünən odur ki, Putinin qırmızı cizgiləri artıq heç bir cəkindirici əhəmiyyət daşımır. Onu da qeyd etmək lazımdır ki, bu cizgilərin öz ciddiliyini itirməsində Medvedevin verdiyi avantürist açıqlamaların mühüm rolu olub. Ukraynaya göstərilən hərbi yardımların tədrici olması onu göstərir ki, Qərb bu qırmızı cizgiləri ləng, yavaş- yavaş aşmaqla, əslində Rusiyanı bir dövlət kimi öz resurslarını hərbiyə sərf edib süqut etmiş SSR-nin aqibətinə doğru sürükləməyə çalışır.
Fuad Gahramanlı