KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Ukrayna hansı gedişlə Trampı Putinlə üz-üzə qoydu?

Fuad Gahramanlı: Ukrayna hansı gedişlə Trampı Putinlə üz-üzə qoydu?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
16 0

ABŞ və Ukrayna razılaşmasında kim nə əldə etdi ?

Ukrayna hansı gedişlə Trampı Putinlə üz-üzə qoydu?

Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Bu danışıqların nəticəsini dəyərləndirməzdən öncə onu qeyd edək ki, belə bir formatda görüşün keçirilməsi, diplomatik baxımdan Ukraynanın mövqeyinin əvvəlki ilə müqayisədə gücləndiyini göstərir. Çünki Ağ Evdə Zelenski ilə baş verən məhşur mübahisəli görüşə qədər Tramp elə zənn edirdi ki, o, Putinlə istədiyi şəkildə anlaşdıqdan sonra, təslimçi sülh şərtlərini Ukraynaya diktə etmək haqqına sahibdir.

Ancaq onun bu yanaşması qəbul edilmədi və dünənki görüşdə Ukraynanın tələblərinin dinlənilməsi və ABŞ- n təkliflərinə münasibətin öyrənilməsi, onu göstərir ki, Tramp artıq Ukraynanın əvəzindən qərar verə bilməyəcəyi reallığı ilə barışıb. Bu isə özlüyündə belə irəliyə doğru atılmış addımdır.

Görüşdə əldə olunan razılıqlar indiki şərtlər çərçivəsində Ukraynanın maraqları baxımından daha məqbul hesab oluna bilər. Xüsusi ilə Ukraynaya hərbi yardımların yenidən bərpa olunması və kəşfiyyat məlumatlarının verilməsi barədə razılaşma, müzakirələrin konkret nəticə kimi müsbət irəliləyişdir. Bu görüşdə Ukraynanın nadir torpaq elementləri ilə bağlı müqaviləni imzalamağa hazır olduğunu bildirilməsi isə yeni bir xəbər deyil. Onsuz da bu görüşdən əvvəl Ukraynana mədənlərlə bağlı məsələyə öz razılığını vermişdi.

Bu danışıqlarda ən əsas kilid məsələ ABŞ-n təklif etdiyi 30 günlük atəşkəs anlaşmasına Ukraynanın razılıq verməsidir. Əslində isə, bu təklif Ağ Evdəki məlum olaydan sonra Londonda keçirilən samitin nəticəsi olaraq ilk dəfə gündəmə gətirilib. Ukrayna da bu təklifi müdafiə edərək ilkin mərhələdə hava və dənizdə atəşkəsin olmasını, mülki infrastrukturlara zərbələrin dayandırılmasını təklif etmişdi.
Ona görə də Ciddə görüşün nəticəsi olaraq səslənən 30 günlük atəşkəs təklifi yeni bir şey deyil və Ukrayna bu təklifə əvvəlcədən öz razılığını verib.
Sadəcə aradakı fərq odur ki, bu dəfə ABŞ həm də quruda atəşin dayandırılmasını təklif edir.

Əslində, Ukrayna bu atəşkəs təklifinə razılıq verməklə dövlət katibi Rubionun dediyi kimi, topu Rusiya tərəfə göndərib. İndi Tramp atəşkəs məsələsini Putinlə razılaşdırmalıdir. Həm Lavrovun,həm də Putinin açıqlamalarından görünür ki, Rusiya belə bir atəşkəsə razı deyil. Niyə?

Çünki bu atəşkəs razılaşması Rusiyanın zəif də olsa irəliləməsin durdurulması deməkdir. Bu isə indiki vaxtda Putinə sərf edən variant deyil.
Digər tərəfdən isə, sülh razılaşmasından öncə atəşkəsin tətbiqi, o deməkdir ki, Rusiya işğal etdiyi ərazilərin statusunun mübahisəli olması ilə razılaşır. Bu halda açıq deyilməsə də, belə çıxacaq ki, Rusiya işğal etdiyi ərazilərin özününkü olmasını hərbi yolla qəbul etdirmək imkanlarından imtina edərək, məsələni ancaq danışqlar masasında razılaşdırmağa çalışmalıdır.

Döyüş sahəsindən fərqli olaraq danışıqlar masasında Ukraynanın Putinin tələbləri ilə razılaşmaması, heç bir qurban tələb etmir və bu şəkildə öz mövqeyini müdafiə etmək Kiyev üçün daha rahat olar. Sülh danışıqları davam etdiyi müddətdə Putinin işğal etdiyi əraziləri nə öz xalqına, nə də ki, dünyaya Rusiya torpağı kimi qəbul etdirməsi mümkün olmayacaq. Məhz, bu səbəbdən də Rusiyanın yekun sülh sənədi olmadan, hər hansı atəşkəs təklifini qəbul etməsi real görünmür.

Ukrayna da bunu bildiyi üçün Ciddədə atəşkəs təklifinə razılıq verərək, Trampı Putinin üstünə yönələndiridi. Dünən Tesla avtomobili almağa gələn Tramp, bu barədə verilən suala cavab olaraq dedi ki, əgər Rusya onun atəşkəs təklifini qəbul etməsə, o zaman biz deməli hələ doyüsməyə və Ukraynaya da hərbi yardım göstərməyə davam edəcəyik. Bu isə o deməkdir ki, Rusla sahədə hərbi baxımdan məğlub edilməsə, nə atəşkəs, nə də ki, uzunmüddətli sülh mümkün olmayacaq.

Ona görə də qarşıdakı günlərdə biz ABŞ-la Rusiya arasında atəşkəs təklifi ilə bağlı gərginliyin yaranacağını da görə bilərik.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir