Bu hadisə nəyi göstərdi?
Azərbaycan təyyarəsinin vurularaq qəzaya uğraması bir daha bizə ölümün varlığını xatırlatdı. Hər gün eşitdiyimiz müharibə xəbərləri, bu xəbərlər fonunda açıqlanan öldürülən insan sayı ölümü bizə adiləşdirmişdi sanki. Bu adiləşmə insan həyatının bir dəyəri qalmadığını, insanların vaxtından əvvəl ölümünə səbəb olan problemlərə münasibətdə bir diyarsızlığa yol açmış kimi görünürdü. Bu duyarsızlıq əslində tibbi xidmət yetərsizliyi, həyat standartlarının aşağı düşməsi, sosial problemlər üzündən yaranan davamlı stres nəticəsində vaxtından əvvəl baş verən bioloji ölümlərə yol açan mənəvi ölümün bir toplumun davranışlarında, reaksiya və psixologiyasında kök salmış, gerçəkləşmiş halı hesab olunur. Bu mənəvi ölüm korrupsiyanın, səriştəsiz idarəçiliyin, ədalətsizliyin, hüquqsuzluğun, savadsızlığın, iqtisadi geriliyin, sosial problemlərin insanları yumşaq formada necə ölümə götürdüyünü, bir milləti hər gün hissə-hissə necə məhv etdiyini görməzdən gələn bir sosial çürümə halıdır.
Ancaq ruslar tərəfindən vurulan uçağımızla bağlı kütləvi narahatlıq və matəm ovqatı, Rusiyanın vəhşi davranışına qarşı etiraz, Azərbaycan hakimiyyətinin bu hadisə ilə bağlı ilk günlər göstərdiyi susqunluqla barışmamaq və buna qarşı təpki cəmiyyətimizin heç də mənəvi ölümə təslim olmadığını göstərdi. Təyyarə qəzası bir xalq olaraq bizi sarsıtdı, bu qəzada həlak olanların ölümü bizə hər gün müharibə və savaşlardan eşitdiyimiz adi, öyrəşilmiş ölüm xəbəri kimi gəlmədi. Biz toplum olaraq bu hadisədən şok olduq, dərin hüzün və kədər hisslərini dərindən, özü də kütləvi şəkildə yaşadıq. Demək ki, “öz xalqımız”, “öz ölkəmiz” düşüncəsi hələ də bizi tərk etməyib, hər gün dünyada bas verən ölümlərlə bağlı eşitdiyimiz xəbərlər içərisində bizə aid olan bu faciəni digərlərindən fərqləndirib öz faciəmiz, öz itkimiz kimi onun acısını, kədərini duya, yaşaya bilirik. Bu toplum içərisində eyni xalq olmanın mənəvi bağlarının qırılmadığını ortaya çıxardı.
Uçaqla bağlı hadisəyə verdiyimiz reaksiya bir xalq olaraq içimizdə passionar bir ruhun hələ də yaşadığını, hələ də diri ölduğumuzu, toplu şəklində reaksiya verə bildiyimizi, eyni duyğuları , hissləri paylasa bildiyimizi göstərdi. Bu faciə qarşısındakı duruşumuz onu göstərdi ki, günün birində biz, təkcə təyyarə qəzası ilə deyil, bir xalq olaraq yarıtmaz, pis idarəçilik nəticəsində korrupsiyanın, seçki saxtakarlığının, ədalətsizliyin, siyasi qadağaların da bir millət olaraq bizi daha çox və hər gün hissə-hissə öldürdüyünü, zamanın inkişaf dinamikasının gerisinə atdığını, öldürmədiyini də şikəst edib bir ömür boyu həyatı sürünməyə məhkum etdiyinin fərqinə varanda buna qarşı mütəşəkkil qaydada etiraz edəcəyik. Demək ki, fərqində olacağımız zaman yetişəndə, bu gün öz gündəlik qayğıları ilə əlləşən, asudə həyatını yasayan insanlar bir araya gələrək eyni təpkini verəcək , eyni mövqeyi nümayiş etdirəcəklər.
Fuad Gahramanlı