Azərbaycan “dərin əllərdən”, Türkiyə isə geosiyasi seçimdən rahatsızdır ?
Türkiyə ilə münasibətlərdə nə baş verir? Hiss olunur ki, münasibətlərdə yaranan problemləri artıq palaz altına yığıb gizlətmək mümkün deyil. Biz münasibətlərin bu yerə gəlib çıxa biləcəyi ilə bağlı aylar öncə yazssaq da, ortada proseslərin məntiqindən başqa söykəndiyimiz bir dəlil yox idi. İndi isə dərin analiz etmədən də üzdə baş verənlər iki qardaş ölkənin münasibətlərində yaranan soyuqluğu hiss etməyə kifayət edir.
10-15 gün öncə İlham Əliyevlə Türkiyə müxalifətin lideri CHP başqanı Özgür Özəl arasında telofon danışığı olmuşdu. Normal, siyasi münasibətləri demokratik dəyərlar əsasında qurulan ölkələrdə belə bir ölkənin dövlət başçısı ilə digər ölkənin müxalifət lideri arasında telefon danışığı qeyri-adi hadisə sayılmasa da alışıq bir hal deyil. Əgər bu Azərbaycan kimi Belorus yolu gedən və müxalifət anlayışını inkar edən avtoritar rejimin mövcud olduğu ölkədə baş verirsə, artıq bu qeyri adi hadisədir. Biz indiyə qədər Türkiyədə keçirilən seçkilərə münasibətdə Azərbaycan hakimiyyətinin Ərdoğan iqtidarını açıqdan açığa dəstəklədiyini və onun müxalifətini öz KİV-in də aşağılamağına o qədər öyrəşmişik ki, hətta bu yanaşmani iki ölkə münasibətlərinə xas bir ənənə hesab edənlər də var. Ona görə də Azərbaycan dövlət başçısının CHP lideri ilə bu isti söhbətinin arxasında Türkiyə hakimiyyətinə dəyişən münasibət olduğu və İlham Əliyevin bu yolla Ərdoğana onun geosiyasi qərarlarına müqavimət göstərməmək mesajı verdiyni təxmin edə bilərik.
Bəs Ərdoğanın hansı məsələlərə etirazı İlham Əliyevi belə qeyzləndirib çilədən çıxarır ki, durub birdən- birə onun rəqibi ilə nəinki telefonla danışır, hətta onu Bakıya belə dəvət edir?
Türkiyə Qarabağ məsələsində Azərbaycana tam dəstək verməklə, bizim qələbə qazanmağımızda müstəsna rol oynadı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Türkiyənin əsas gözləntisi daha Ermənistanla elə bir problemi qalmayan Azərbaycanın İrəvanla sülh müqaviləsi bağlaması idi. Bu Türkiyəyə ona görə lazımdır ki, Ermənistan bu müqavilədən sonra Rusiyanı öz ərazisindən tam çıxarıb Ankara ilə daha yaxınlaşmaq, iki tərəfli münasibətləri bərpa etmək imkanı qazanacaq və Türkiyə də bundan bəhrələnərək regionda sülhün əsas qarantoru qismində Cənubi Qafqazda Rusiyanın boşalan yerini tutacaq. Ancaq Azərbaycan hakimiyyəti Türkiyənin gözləntilərinin əksinə olaraq daha çox Rusiya ilə yaxın olmaq yolunu seçdi və bu günə qədər sülh müqaviləsi imzalanmasını ləngitməklə Rusiya ilə geosiyasi rəqabətdə olan Ankaranın Cənubi Qafqazda dominantlıq qazanmasına əngəl yaradır. Bu münasibətlər fonunda Ərdoğanın İlham Əliyevə “biz belə danışmışdıq, belə kardeşlik olurmu?” deməsini təsəvvür etsək də, İlham Əliyevin Türkiyəni nəyə görə “ofsayda” qoymasına görə necə bir izahat verdiyini deyə bilmərik.
Cənubi Qafqaz Qərb və Rusiya arasındakı rəqabətdə Mərkəzi Asiyaya keçid güzərgahı sayıldığı və qlobal rəqabətdə önəmli yeri olan Çin və Avropa arasında əsas kommunikasiya xətti hesab olunan Orta dəhliz üzərində yerləsdiyi üçün bu regionda güclənmək Ankaraya qlobal oyunçu statusu qazanmaqdan ötrü çox lazımdır. Bu baxımdan Türkiyə sülh tərəfdarı olan Paşinyan hakimiyyətinə həm də ələ düşmüş bir şans kimi baxır və sülh müqaviləsinin ləngidilməsinin risqləri artırdığından narahat olur. İndi Ərdoğana ağır gəlir ki, o, Ermənistanla apardığı danışıqlarda Azərbaycana söz keçirə bilməyəcək bir duruma düşüb. Bu vəziyyətdə Ankaranın Cənubi Qafqazla bağlı planları sadəcə bir arzu olaraq qalır.
Bu günlərdə isə Azərbaycan tərəfin mediaya sızdırdığı məlumata görə Türkiyə onun ərazisi üzərindən keçərək COP -29 gəlmək istəyən İsrail prezidentinin səfərinə razılıq verməyib. Hətra Azərbaycan dövlət səviyyəsində bu məsələyə müdaxilə etsə də Ankara buna yox cavabı verib. Bunu heç də İlham Əliyevin CHP başqanı ilə çox isti telefon danışığına cavab saymaq olmaz, çünki dərin dövlətçilik ənənəsi olan Türkiyənin reaksiyası Azərbaycan hakimiyyətinin emosional davranışlarından yəqin ki, fərqli olacaq. Türkiyə Azərbaycanın İsraillə bağlı xahişlərini rədd etməklə, sadəcə onun mesajını verib ki, Azərbaycanın hazırkı geosiyasi seçimi narazılıq doğurur və Ankaranın maraqlarının nəzərə alınmaması münasibətlərə mənfi təsir göstərir. Bu baxımdan Ərdoğanın bu günlərdə Makaronla mehriban pozalı son görüsü də, əslində onun Bakının xarici siyasət ritorikasını paylaşmadığı və hansı istiqamətlərdə seçimlərinin olduğu mesajı kimi qəbul edilməlidir. Belə bir vəziyyət isə indiki həssas geosiyasi durumda Azərbaycanın milli maraqları baxımından artıq “SOS” siqnalı deməkdir.
İndiki halda Azərbaycan hakimiyyəti Rusiya ilə yaxınlaşdığı və Ankaranın da daxil olduğu Qərb blokuna qarşı kəskin ittihamlar səsləndirdiyi bir vaxtda, əvvəlki sıx yaxınlıq şəraitində Türkiyənin dərin əllərinin ölkənin daxilinə nüfuz etməsini öz geosiyasi seçimi üçün risqli olduğunu düşünür. O da ola bilər ki, İlham Əliyev düşünüb ki, onun CHP basqanı ilə telefon danışığı belə məsələlərə həssas yanaşan Ərdoğan hakimiyyəti tərəfindən adekvat emosional reaksiya doğuracaq və bu da ona daxildə müəyyən təmizləmələr aparmaq üçün əsas verəcək. Ola Narışkinin son səfəri zamanı bu məsələ ilə bağlı da müəyyən mesajlar çatdırılıb. Ona görə də əgər Azərbaycan və Türkiyə arasında bu gərginlik davam edəcəksə, məsələ daha dərinlərə enə bilər.
Fuad Gahramanlı