ABŞ Çini necə çökdürmək istəyir?
Trampın gecikmiş Novruz təbriki və Azərbaycan yol ayrıcında.
Hazırkı beynəlxalq şəraitdə demokratiya, insan hüquqları kimi məsələlər hər nə qədər diqqətdən kənar qalsa da, bu vəziyyət avtoritar rejimləri də çətin seçim qəraları ilə qarşı-qarşıya qoyub. Ticarət savaşlarının başladığı, beynəlxalq əhəmiyyətli kommunikasiyaların strateji önəminin artdığı, yüksək texnologiyalar istehsalında kritik əhəmiyyətli minerallar uğrunda rəqabətin kəskinləşdiyi hazırkı dönəmdə ölkələr qarşısında geosiyasi seçim tələbi indi əvvəlki dövrlə müqayisədə daha kəskin şəkildə qoyulmaqdadır.
Trampın Çinə qarşı elan etdiyi ticarət müharibəsi bir vaxtlar Qərb və Rusiya arasında edilən geosiyasi seçimi şaxələndirərək, həm də ABŞ və Çin arasında seçim məsələsini daha kəskin formada gündəmə gətirməkdədir. Bu baxımdan Trampın Çinlə bərabər 130 ölkəyə gömrük tariflərini artırması, heç də hamını eyni vaxtda dizə gətirmək, öz qarşısına almaq məqsədi güdümürdü . Bu prosesdə ABŞ-n əsas məqsədi həmin ölkələrin qarşısında tədricən Pekinlə iqtisadi əlaqələri məhdudlaşdırmaq tələbi qoymaq üçün lazım olan təzyiq mexanizmi yaratmaqdır. Əgər bu ölkələrdən hansılarsa Çinlə iqtisadi əlaqələri əvvəlki kimi davam etdirəcəklərsə, o zaman Vaşinqtonun da əlində yüksək tariflər kartından istifadə edərək təzyiq göstərmək imkanı olacaq.
Məsələn, ABŞ- n 11 milyard dollarlıq ixracatı olan Veytnamdan idxalının həcmi 140 miyard dollara yaxındır. Əslində isə Çin təkcə özü birbaşa ABŞ bazarına məhsul ixrac etmir, həm də Veytnam və bir çox başqa ölkələr vasitəsilə ilə dolayı ixracat həyata keçirir. İndi isə ABŞ yüksək gömrük tarifləri ilə Çinin bu ölkələrin iqtisadiyyatına daha çox nüfuz etməsinin önünü kəsməyə çalışır. Bu gün Çin 3,5 trliyon dollarlıq ixracatla dünya üzrə 90 ölkənin xarici ticarət dövriyyəsində birinci yeri tutur. Tramp isə Çini birbaşa hədəf almaqla yanaşı, həm də bu ölkələr üzərində basqı yaradaraq, ahtapot kimi onun dünyaya uzanmış qollarını kəsməyə çalışır.
Bu baxımdan Trampın niyə Rusiyaya yüksək gömrük tarifləri tətbiq etmədiyini də izah etmək mümkündür.
Hazırda Rusiya Qərbin sanksiyaları altındadır və Çin sərmayəsi ilə istehsal edilən məhsulları onsuz da ABŞ bazarlarına ixrac etmək imkanında deyil.
Bu gün ilkin mərhələdə əsas hədəf Çin iqtisadiyyatı, onun ixrac potensialını zəiflətmək, bu ölkənin digər ölkələr vasitəsilə ilə dolayı ixrac potenialının qarşısını almaqdır. Əgər ABŞ-da milli gəlirin formalaşmasında ixracatın payı 11%-dirsə, Çində bu göstərici 40% civarındadır. Bu, o deməkdir ki, Trampın tarif siyasəti təsirli olacaqsa, Çin bundan çox böyük zərbə almış olacaq. Çinin milyard yarımlıq daxili bazarı isə yüksək tariflər nəticəsində itrilmiş bazarları kompensasiya etməyə imkan vermir. Buna səbəb iki ölkənin daxili istehlak həcmindəki böyük fərqdədir. Əgər 350 milyon əhalisi olan ABŞ-da daxili istehlak həcmi 16 trilyon dollardırsa, milyard yarım əhalisi olan Çində bu 7 trliyon dollar həcmindədir.
Onu da qeyd etmək gərəkdir ki, hazırkı ticarət savaşında ABŞ-n Çindəki istehsalı öz daxilinə çəkməsi real görünmür. Çünki ABŞ- da Çindəki kimi ucuz işçi qüvvəsi yoxdur və istehsal üçün qurulu tədarük zəncirini dəyişmək də asan deyil. Bu baxımdan Trampın hazırkı addımları Amerikada real iqtisadiyyatda inkişaf yaratmaqdan, istehsal qurmaqdan daha çox Çini büdrətməyə təsir göstərəcəyi gözlənilir.
Bəs beynəlxalq düzənin dəyişməsi bizim ölkə üçün hansı geosiyasi seçim zərurəti yaradır? Bu gün mühüm kommunikasiya qovşağı üzərində yerləşən və Mərkəzi Asiyanın təbii ehtiyatlarına çıxış körpüsü olan Azərbaycanın da ABŞ və Çin arasında seçim etməsi tələbii qarşıdakı mərhələdə gündəmə gələcək. Buna paralel olaraq da AB- də Azərbaycandan Rusiya ilə öz arasında seçim etməsini istəməkdədir. Bu çarpaz seçim tələbi getdikcə həm də ona görə daha da kəskinləşəcək ki, ABŞ-n əsas strateji rəqibi Çin üçün Avropa bazarlarına ən əlverişli quru yol sayılan Orta Dəhliz, məhz Azərbaycan üzərindən keçməkdədir. Bu baxımdan Çinin beynəlxalq bazarlara çıxış yollarını nəzarət altına almağa çalışan ABŞ üçün Azərbaycanın mövqeyi önəmlidir. Bu baxımdan təsadüfi deyil ki, dünən Trampın İlham Əliyevə göndərdiyi gecikmiş Novruz təbriki Çinlə ticarət savaşının kəskinləşdiyi vaxta tən gəldi.
Bir zamanlar Azərbaycan ABŞ-a dirsək göstərmək məqsədi ilə Cənubi Qafqazda ilk dəfə Çinlə strateji tərəfdaşlıq memorandumu imzalayaraq, beynəlxalq siyasətdə onun maraqlarına uyğun mövqedən çıxış etmək öhdəliyini öz üzərinə götürüb. Bu Baydenin insan hüquqlarına hörmət tələb edən mülayim siyasəti fonunda elə bir geosiyasi gərginlik yaratmırdısa da, indiki şəraitdə Trampın kəskin davranışları fonunda Çinlə bu münasibətlərin davam etməsi, hesabı sorulacaq bir mövqe kimi görünməkdədir.
Təsadüfi deyil ki, Çin Kommunist partiyasının Beynəlxalq siyasət üzrə naziri bu günlərdə Bakıya gələrək İlham Əliyevi may ayında Çinə səfərə dəvət edib. Çətin ki, indiki ticarət savaşı fonunda İlham Əliyev üçün bu səfərə getmək onun ürəyincə olsun. Əgər indik qarışıq vəziyyətdə Çin Cənubi Qafqaza baxaraq burada öz müttəfiqini görmək ehtiyacı hiss edibsə və onu danışıqlar üçün Pekinə çağırıbsa, yəqin ki, Tramp da eyni həssaslıqla ticari savaşı açdığı Çinə doğru yol alanları diqqətlə müşahidə etməkdədir.