Məyus olanlar, yasa batanlar tələsməsin !
Hazırda dünya Trampın hakimiyyətə gəlişi ilə beynəlxalq siyasətin “fabrik ayarlarında” baş verən dəyişikliklərə uyğunlaşmağa çalışır. Bu dəyişikliklər içərsində indi ən çox müzakirə olunan məsələlərdən biri və ya birincisi Ukrayna ilə bağlıdır. Xüsusi ilə Tramın Putinlə telefon danışığından sonra jurnalistlərin qarşısına çıxıb verdiyi açıqlamalar sanki bütün hesabları qarışdırmış kimi görünür.
Ən çox narahatlıq isə Trampın çıxışlarında işlətdiyi ifadələrlə bağlıdır. Bu məsələdə xüsusi təlaşa qapılmağın ona görə əhəmiyyəti yoxdur ki, Trampın ifadələri ABŞ-n mövqeyi olmaqdan daha çox, onun dünya ictimai rəyində özü ilə bağlı ən çətin məsələləri çözə bilən lider obrazı yaratmaq istəyini əks etdirir. Bu isə onun ifadələrinin diplomatik məzmundan daha çox şou xarakteri daşıdığını, öz gücünü və hökmünü nümayiş etdirmək niyyəti daşıdığını göstərir. Onun hər dəfə danışarkən “mən o vaxt prezident olsaydım belə olmazdı” deməsindən aydın olur ki, o, problemin həllindən daha çox, öz eqosunu təmin etməyə çalışır. Ona görə də onun addımları dəyərləndirilərkən bu psixoloji xüsusiyyəti nəzərə almaq lazımdır.
İndi gələk məsələnin əsas məğzinə. İlk növbədə onu nəzərə almaq lazımdır ki, Tramp heç bir danışıqlar olmadan “Ukrayna NATO-ya daxil olmayacaq”, Ukraynanın 2014 -cü il sərhədlərini bərpa etməsi real deyil”, Putini dostcasına öyməsi və s. kimi məsələlər Rusiyaya real güzəstdən daha çox, Rusiyanı danışıqlar masasına oturmaq üçündür. Çünki orta məktəb uşağı da bilir ki, danışıqlar masasına ona görə oturulur ki, hərb yolu ilə əldə edə bilmədiyini danışıqlar yolu ilə qarşı tərəfdən ala biləsən. İndiki halda isə belə görünür ki, Tramp ona görə güzəştlərdən danışır ki, danışıqlara ehtiyyatlı yanaşan Putini maraqlandıraraq müzakirə masasına oturda bilsin. Bu vitrinə “şok endirim” yazıb müştərini bu yolla mağazaya salıb ona nəsə sırımağı nəzərdə tutan sadə biznes fəndidir ki, Tramp da peşəsi gərəyi bu üsulu yaxşı bilir. Trampın bu yumşaq mövqeyi ilə Putini inandırmağa çalışır ki, bu şərtlərdə danışıqlar masasına oturarsa o daha çox şey əldə edə bilər.
Ancaq Putin danışıqlara razı olandan sonra Trampın bu gün ifadə etdiyi mövqeyi ilə gələcək mövqeyinin eyni olacağını heç kim deyə bilməz. Tramp elə bu hay küylü bəyanatları verdiyi vaxt həm də onu dedi ki, “biz Ukrayna yardımları davam etdirəcəyik, yoxsa Rusiya özünü qalib hesab edər”. Onun vitse prezidenti Cey Di Vens isə “,Wal Stret Journal” ” bildirib ki, “əgər Putin müharibəni dayandırmaq istəməsə Amerika ordusunu Ukraynaya yeridə və yeni sanksiyalar qoya bilər”. Bütün bunlar onu göstərir Trampin indi dediklərinin gələcək üçün elə bir əhəmiyyəti yoxdur və o, ” bir tərəfdə kökə və o bir tərəfdən də dəyənək” göstərərək Putini danışıqlara məcbur etməyə çalışır.
Heç bir halda ABŞ Rusiyanın qalib kimi masadan qalxmasına maraqlı deyil və Yramp adminstrasiyası danışıqlar prosesinin gedişində istər istəməz yardım göstərdiyi tərəfin mövqeyindən çıxış etməli olacaq. Çünki Trampın öz qələbəsi kimi dünyaya təqdim edəcəyi şeylər masada Ukraynanın qazandıqları olacaq, Putinin əldə etdikləri isə itki hesab ediləcək. Eyni zamanda bu prosesin Ukraynanın xeyrinə yekunlaşması Trampa ona görə lazımdır ki, onun Ukraynadan yüz milyardlarla dollar dəyərində nadir torpaq elementləri almaq kimi bir niyyəti də var. Eyni zamanda problem təkcə Ukrayna ilə bağlı olmadığı üçün ABŞ həm də Avropanın təhlükəsizlik qayğılarını nəzərə almağa məhkumdur.
Əgər gələcək danışıqlar baş tutarsa, o zaman müzakirələr masasında Ukrayna ilə birlikdə Avropa da iştirak edəcək. Zelenski artıq bildirib ki, o, Avropanın qatılmadığı müzakirələrdə iştirak etməyəcək. . Avropa İttifaqının Xarici Siyasət Komissarı Kaya Kallas da bildirib ki, “Ukrayna ilə birlikdə Avropa bu danışıqlarda iştirak etməsə, onun hec bir real nəticəsi olmayacaq və proses baş tutmayacaq”. Göründüyü kimi Kallasın bu bəyanatı onun mesajını verir ki, Tramp Ukrayna məsələsində qərar verəcək tək şəxs deyil və Avropa bu məsələdə Ukrayna il birlikdə bir tərəfdir. Çünki bu eyni zamanda Avropanı Amerikadan daha çox ilgiləndirən özünə aid təhlükəsizlik məsəsidir.
Ötən gün Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin ötən gün yaydıqları birgə bəyanatda deyilir ki, “Bizlər Ukraynaya göstərdiyimiz yardımı bundan sonra da artırmağa hazırıq. Biz onun Rusiyanın hərbi təcavüzü qarşısında Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Əddalətli və davamlı sülhə nail olana qədər Ukraynanı dəstəkləmək ortaq məqsədimiz olacaq.
Artıq görünür ki, İngiltərə Ukraynaya dəstək məsələsində liderliyi öz üzərinə götürür. İki gün öncə Ukraynaya hərbi yardımların müzakirə edildiyi Ramştayn toplantısına rəhbərliyi ilk dəfə olaraq İngiltərənin etməsi onu göstərir ki, artıq bundan sonrakı hərbi dəstək prosesi Britaniyanın liderliyi ilə həyata keçiriləcək. Bu tədbirdə ingilis nazir Con Hill Trampın bəyanatları fonunda “qarşıdakı dönəmdə Ukraynaya nə qədər hərbi yardım lazımdırsa edəcəyik” deməklə, heç bir halda Avropanın Putinin isğal planları ilə razılaşmayacağını, Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər onu dəstəkləyəcəklərini bütün dünyanın nəzərinə çatdırdi.
Demək ki, pessimizmə gərək yoxdur və danışıqlar olarsa Ukrayna masaya tək deyil, Avropanın birmənalı dəstəyi ilə oturmuş olacaq. Bu prosesdə Qərbin Rusiyaya qarşı sanksiyaları Putinin işğal etdiyi əraziləri azad etməsi şərti kimi qüvvədə saxlaması isə Ukraynanın mövqeyini gücləndirməklə yanaşı, Rusiyaya qarşı böyük təzyiq imkanı yaradacaq.
Fuad Gahramanlı