Zelenskinin Vaşinqtona müqavilə təklifi yardımları təminat altına alır.
Trampın Ukrayna yardımların verilməsi ilə bağlı son açıqlaması küsüb evdən getmiş Molla Nəsrəddinin inəyin quyruğundan tutub geri qayıtması ilə bağlı məhşur lətifəni xatırladır. Onun seçki kampaniyası boyu Ukraynaya hərbi yardımları dayandıracağı barədə dediyi fikirlər indi artıq öz əhəmiyyətini itirmək üzrədir.
Tramp dünən bildirib ki, o, Bayden kimi Ukraynaya əvəzssiz yardımlar vermək fikrində deyil və Ukrayna aldığı hərbi yardımların əvəzini öz faydalı qazıntıları ilə ödəməlidir. Bu fikirlər, əslində indiki şəraitdə hər hansı real iqtisadi məzmun daşımaqdan daha çox, Trampın öz əvvəlki mövqeyindən geri çəkilə bilməsini əsaslandırmaq məqsədi güdür. Əsaslandırması, təqdimatı nə olursa olsun, indiki halda ən əsas məsələ Ukraynaya Amerika hərbi yardımlarının davam etdirilməsidir.
Onsuzda Ukrayna indi elə bir vəziyyətdədir ki, onun üçün başlıca əsas məsələ torpaqlarını Rusiya işğalından qorunmasıdır. Əgər böyük ərazilər Rusiyanın işğalında qalacaqsa, onun altındakı nadir qiymətli metalların Ukrayna xalqına və dövlətinə də heç bir faydası olmayacaq. Bu baxımdan qiymətli nadir metallar qarşılığında hərbi yardımların davam etdirilməsi, Ukrayna xalqı üçün ölüm – qalım məsələsidir və buba görə də indi iqtisadi qazanc axtarmağın zamanı deyil.
Digər bir tərəfdən Zelenski də gözəl bilir ki, hər bir qiymətli metal ehtiyatı üzrə ayrıca qiymətləndirmə aparılmadan, mədənlərin işlənmə şərtləri və hasilatın pay bölgüsü müəyyən edilmədən, ümumi şəkildə əldə olunacaq razılaşma gələcəkdə faydalı qazıntıların işlənməsi ilə bağlı hər hansı konkret hüquqi öhdəlik yaratmır. Vaxtı gələndə bu məsələ o zamanın şərtləri əsasında tərəflərin hər ikisinin maraqları nəzərə alınmaqla bu sahədəki beynəlxalq praktikaya uyğun həll olunacaq. Hazırda isə belə bir anlaşma Amerika üçün hər hansı real iqtisadi fayda saxlamaqdan daha çox, Trampa ona görə lazımdır ki, o, Ukraynaya yardımları davam etdirməklə bağlı mövqeyinin əvvəlki ilə ziddiyyət təşkil etmədiyini idda edə bilsin.
Əslində isə Ukraynanın mədən ehtiyatları qarşılığında Amerika hərbi yardımlarının davam etməsi barədə təklif sentyabr ayında Zelenski tərəfindən irəli sürülüb. Hətta bu halda belə gələcək üçün Ukraynanın hər hansı maddi zərərindən, itkisindən söhbət getmir. O zaman bu təklif beynəlxalq siyasətə şirkət rəhbəri kimi baxan, bir çox hallarda ticari maraqlarla milli təhlükəsizlik maraqlarının sərhədlərini fərqləndirə bilməyən Trampı Ukraynaya yardımı davam etdirməyə təşviq etmək üçün irəli sürülmüşdü.
Müharibədən sonra ölkənin bərpası üçün yüz milyardlarla vəsait lazım olacağı üçün Ukrayna onsuz da gələcəkdə öz mədən sənayesinə Amerikan investisiyalarının qoyuluşunda maraqlı olacaq. Təklif olunan anlaşma çox güman ki, Ukraynanın yeraltı milli sərvətlərinin çıxarılması və bölgüsünün beynəlxalq müqavilə öhdəliklərinə uyğun həyata keçirilməsini və bu işdə Amerikan şirkətlərinə öncəlik verilməsini nəzərdə tutacaq.
Nəzərə alsaq ki, bu istiqamətdə hər hansı real iş yalnız müharibədən bir neçə il sonra mümkün ola bilər, o zaman da nə Tramp hakimiyyətdə olacaq, nə də ki, Amerika müharibədən çıxmış ölkəni əlindəki iqtisadi resurslarını alıb onu istismar etməyə çalışmayacaq. Müharibədən sonra ölkəsini bərpa etmək üçün beynəlxalq yardımlara ehtiyacı olan Ukrayna xalqına qarşı hər hansı istismarç tələblə çıxış etməyi isə o zaman kimsə özünə rəva görməz
Hətta indi Trampın Ukrayna ilə belə bir müqavilə bağlama fikiri heç də xoş qarşılanmır. Almaniya kansleri Şolts Trampın Ukrayna məsələsində ticari maraqaları qabarmasını eqoist davranış adlandıraraq deyib ki, Ukraynanın ehtiyyatları müharibədən sonra ölkənin bərpasına sərf edilməlidir.
Bütün bunların fonunda əsas məsələ odur ki, Tramp vəzifəsinin icrasına başladıqdan sonra da Ukraynaya hərbi yardımlar davam edib və görünür ki, bundan sonra da davam edəcək. Bu yarrdımlar üçün Ukraynanın dəyəri trilyonlarla dollar olan nadir qiymətli metallarınin təminat göstərilməsi isə o deməkdir ki, qarşıdakı dönəmdə Kiyevə əvvəlki kimi böyük yardım proqramları davam edəcək.
Fuad Gahramanlı