Kremldən ballistik raketlə göndərilən nüvə hədəsi.
Tramp susur, Putin isə Medvedevin yerinə danışır.
Rusiyanın nüvə doktrinasına etdiyi məlum dəyişikliklər bir işə yaramadı. Bu dəyişikliklərdən sonra Ukrayna Kurskdakı hədəflərə Amerikan yapımı ATACAMS və İngiltərənin “Storm Shadow” raketləri ilə zərbələr endirdi. Baydenin məlum icazə qərarından sonra Rusiya nüvə doktrinasına dəyişiklik etməklə onun ardınca İngiltərə və Fransanı da belə bir addım atmaqdan çəkindirməyə çalışsa da, onun bu xəbərdarlığı təsirsiz qaldı. Ukrayna isə bu icazə qərarından dərhal sonra çox gözlətmədən hərəkətə keçərək Rusiyanın nüvə hədələri qarşısında hər hansı qorxususu olmadığını, döyüşmək üçün hər bir fürsət və imkandan istifadəyə hazır olduğunu göstərdi.
Maraqlıdır ki, “X” hesabından paylaşımlar etməyi və hər məsələyə münasibət bildirməyi xoşlayan Tramp hələ də Putini qeyzləndirib özündən çıxaran bu qərara heç bir münasibət bildirməyib. Hər kəs Trampın reaksiyasını gözlədiyi, onun nə deyəcəyini maraq etdiyi bir vaxtda, o, hələ də təkidlə susmaq hüququndan istifadə edir. Onun bu susqunluğu Baydenin sözü gedən qərarı ilə həmrəylik təəssüratı yaratdığı üçün Putinin Trampla bağlı ümidləri indidən sual altına düşmüş kimi görünür. Kreml həm də buna görə çox narahatdır.
Nüvə doktrinasına edilən məlum dəyişikliyin heç bir ciddi təsir doğurmadığını görən Rusiya nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş orta mənzilli RS-26 “Rubej” raketi ilə Ukraynanın Dnepr vilayətinə zərbə endirməklə, bu dəfə heç də boş sözlərlə kifayətlənmək fikrində olmadığını göstərməyə çalışdı. Bu raket zərbəsi hərbi xarakter daşımaqdan daha çox, Qərbə mesaj məqsədi güdürdü. Bununla da Putin göstərmək istədi ki, onun nüvə silahı ilə bağlı xəbərdarlığı adi boş hədə deyil və Rusiya bu barədə ciddi -ciddi düşünür. Putuni ən çox əsəbləşdirən isə odur ki, onun nüvə xəbərdarlığı Qərb tərəfindən ciddiyə alınmır. Dünən İngiltərənin Rusiyanın bu hədə qorxu mesajlarına qarşı “biz də nüvə ilə cavab verməyə hazırıq” reaksiyası Putinin hədəsini bumeranq kimi geriyə, onun öz üstünə qaytardı.
Ancaq Qərb çox gözəl bilir ki, əgər vaxtında edilmiş sərt xəbərdarlıq olmasaydı Rusiya çoxdan Ukrayna ərazisində kiçik radiuslu təsir gücü olan taktiki nüvə bombalarından istifadə edib müharibəni öz qələbəsi ilə bitirməyə çalışardı. Ancaq Qərb arxayındır ki, hələ iki il öncə NATO adından edilmiş xəbərdarlıq qüvvədə olduğu, Rusiya üzərində mühüm təsir gücü olan Çin və hələ də Moskva ilə bir masa arxasında oturmağa razı olan BRİCS üzvləri də bu məsələyə qarşı olduqları üçün, Putin “gücənib – gücənib” hazırkı yeni reallığı da qəbul etməli olacaq.
Vaxtı ilə Qərb hər dəfə Ukraynaya yeni silah növləri verərkən Medvedevin indi lətifəyə dönmüş və arxasında nüvə təhdidi duran “qırmızı xətt xəbərdarlığı” işə düşürdü. Görünür Rusiya adından edilən nüvə xəbərdarlığının ciddiliyinin itməsinə səbəb olmuş Medvedevə bu dəfə ona görə də növbəti xəbərdarlıq etməyə icazə verilmədi. O, da bunun əvəzində ölümə doğru getməyə hazırlaşan Baydenin məlum icazə qərarı ilə çox adamı da özü ilə bərabər məzara apardığını deməklə öz hikkəsini sakitləşdirməyə çalışdı.
Bu səhnəyə çıxan Putin özü danışdı ki, bəlkə Qərb Medvedevdən fərqli olaraq onun dediklərini daha çox ciddiyə ala.
Kremldə təlaş və gərginlik elə bir həddədir ki, Rusiya XİN sözçüsü Zaxarova Ukraynaya atılan orta mənzilli ballistik raketlə bağlı məsələyə dair sualı cavablandırmaq istərkən, mətbuat konfransı gedə- gedə ona zəng edib bu barədə heç nə danışmamağı tapşırdılar. Görünür Putin bu məsələ ilə bağlı yorumun məhz onun özü tərəfindən səslənəcəyi təqdirdə daha təsirli olacağını düşündüyü üçün Zaxarovaya susması ilə bağlı tələsik ismarıc göndərib. Ancaq onun dünənki çıxışında Kremlin nə Ukraynaya, nə də ki, ona dəstək verən Qərb ölkələrinə nüvə zərbəsi endirməyə hazırlaşdığını deyə bilməməsi Dnepre atılan raketin də Medvedevin sözləri kimi boşuna getdiyini göstərdi. Zəki adamlar Putinin bu çıxışına baxıb onun sözlə deyə bilmədiyini realda necə edəcəyi sualına cavab tapa bilmədilər. Görünür Putin də özünü Medvedevin gününə salmamaq üçün məsələnin ətrafında danışmaqla, Rusiyanın düşmənlərini öz torpaqlarında vura biləcək hərbi gücə sahib olduqlarını, öz raketlərinin sürətlərini tərifləməklə kifayətləməli oldu. Həm də hiss olunur ki, getdikcə əvvəlki ümidlərini itirən Putin vaxtı ilə ona “Ukraynaya girsən Moskvanı vuraram” deyən Trampın indiki susqunluğunun arxasından o biri üzünün ortaya çıxa biləcəyindən ehtiyyatlanır. Tramp isə Baydenin icazə qərarı ilə bağlı məsələdə susmaqla Kremlin gələcəklə bağlı təlaşını daha da dərinləşdirir.