Tramp Putini hədələdi və onun sevincini “qursağında qoydu”
Dediyimiz kimi də çıxdı. Trampın gəlişini faciə hesab edib qara bağlayanlar yanıldılar. Aylar öncə yazmışdıq və şənbə günü də Ganimat Zayidovla olan müsahibəmizdə də izah etmişdik ki, Tramp Ukrayna məsələsində Putinin işğal siyasətini qəbul etməyəcək, əksinə, o, Baydendən daha aqressiv və qətiyyətli səkildə Ukrayna məsələsində mövqe qoyacaq.
Dünən Trampın Rusiya prezidenti Putinlə telefonla danışığı olub.
O, Putini eskalasiyadan çəkinməyə çağırıb və ona deyib ki, unutmasın ki, ABŞ-ın Avropada böyük hərbi qüvvələri var. Hərçənd ki, Tramp diplomatik dillə danışmır, sözü birbaşa və sadə formada ifadə edir, ancaq yəqin ki, bu danışıq barədə məlumat hazırlayan mətbuat xidməti onun fikirlərini xeyli dərəcədə “abıra” salıb yumşaldıb. Birinci prezidentlik dövründə Putinə “Ukraynaya hücum etsən Moskvanı bombalayaram” deyən Tramp çox güman ki, bu dəfə də “mən sənə Bayden deyiləm, özünü belə aparsan Amerikanın Avropadakı qüvvələrindən istifadə edib dsəni əzərəm deyib”.
Fərqi görürsünüzmü, Bayden və Sallivan ABŞ silahlarından Rusiyanın içərilərinə istifadə ilə bağlı məhdudiyyəti aradan qaldırmağa ehtiyyat etdikləri halda, Tramp Putini Ukraynasız birbaşa Amerikanın öz hərbi gücü ilə hədələyir. Bu da Putinin arzuladığı Tramp.
Telefon danışığı haqqında Kiyevə məlumat verilməsi də onu göstərir ki, Tramp Ukraynanın iradəsini, mövqeyini nəzərə alaraq Putinlə məsələni həll etmək niyyətindədir. Belə görünür ki, Putinin sevinci qurşağında qaldı, indi, o, Baydenun “qədrini bilər”.
Yeni dünya düzəni qurulduğu, geosiyasi ziddiyyətlər və toqquşmaların kəskinləşdiyi hazırkı dövrdə ütülü davranışlar, yalnız diplomatik təzyiq və çağrıslar imperalist və avtoritar hakimiyyətləri yerində oturtmaq üçün kifayət deyil, indi qətiyyət nümayiş etdirmək və ortaya güc qoymağın əsil zamanıdır. Bu baxımdan Trampın personası bu cür davranışlara daha uyğun hesab oluna bilər.
Fuad Gahramanlı