ABŞ öz əvvəlki xarici siyasətinə qayıdır?
Tramp Putini Çindən ayıra bilmədi, bundan sonra nələr gözlənilir?
ABŞ xarici siyasətdə tədricən öz əvvəlki cizgisinə gerimi dönür? Son günlər bu ölkə rəhbərliyinin verdiyi açıqlamalar belə təəssürat yaradır ki, ən azı iki istiqamətdə – Avropa ilə münasibətlərdə və Ukrayna məsələsinə yanaşmada ABŞ – n mövqeyi əməkdaşlığın yenidən bərpasına yönəlib.
Xüsusi ilə biz son vaxtlar nadir torpaq elementləri ilə bağlı müqavilə imzalandıqdan sonra ABŞ-n Ukrayna məsələsinə münasibətində ritorika və yanaşma dəyişikliyi müşahidə etməkdəyik. Bu müqavilə sənədində Tramp hakimiyyəti Ukraynanın suverenliyinə və tərəqqisinə öz dəstəyini ifadə edərək, onu strateji partnyoru kimi qəbul etdiyini rəsmiləşdirmiş oldu.
Biz görürük ki, son günlər Tramp öz sülh təşəbbüsünün baş tutmamasına görə daha Zelenskini günahlandırmır, əksinə, etiraf edir ki, problem Putinin daha çox şeyə iddia etməsindən qaynaqlanır. Trampın Ukrayna üzrə nümayəndəsi Kelloq və vitse prezidenti Vens də bu günlərdə sülhün alınmamsının əsəas səbəbi kimi Putinin iddialarını xüsusi olaraq qabardıblar.
Tramp adminstrasiyasının ritorikasının dəyişməsi fonunda, ABŞ Dövlət departamentinin Ukrayna aviasiyasının texniki məsələlərin həlli üçün 300 milyon dollar dəyərində paketi təsdiq etməsi və Kiyevə bu il ilk dəfə olaraq 50 milyon dollarlıq silah satılması kimi qərarlar Tramp adminstrasiyasının müsbətə doğru dəyişən mövqeyinin ilkin simptomları hesab oluna bilər.
Bu kontekstdə ABŞ Senatına 72 senatorun imzası ilə Rusiyaya neftini alan ölkələrə 500%-lik rüsum tətbiqi ilə bağlı sanksiya layihəsinin təqdim edilməsi isə o deməkdir ki, ABŞ indiki gedişlə ehtiyyat variant kimi Rusiya qarşı daha ağır təzyiq mexanizminə ehtiyac yaranacağını nəzərə alır.
Münxen Təhlükəsizlik Konfransında Avropanın ünvanına sərt ittihamlar səsləndirmiş, Almaniyadakı sağçılara açıq dəstək vermiş vitse prezidenti Vens dünən verdiyi mesajları ilə tam fərqli bir mövqe nümayiş etdirdi. O, Avropa ilə ABŞ-ı eyni komanda adlandıraraq Ukrayna məsələsində sərt mövqeyi ilə seçilən kansler Merzi təbrik edərək əməkdaşlıq istəyini dilə gətirdi və Trampın onunla müzakirələri səbirsizliklə gözlədiyini bildirdi. Onun əvvəlkindən fərqli bu mövqeyi onu göstərir ki, Tramp adminstrasiyası yenidən üzünü Avropaya çevirməyə başlayır və Avroatlantik birlik təmin edilmədən Çinlə rəqabətdə uğur əldə edilməyəcəyini görməyə başlayıb.
Dünən həmçinin ABŞ-la İngiltərə arasında da gömrük tarifləri ilə bağlı ticarət sazişinin bağlanması və Starmerin virtual qoşulduğu mətbuat konfransında Trampın İngiltərəni ən yaxın strateji müttəfiq adlandırması və tərəflərin bundan sonra birgə fəaliyyətə xüsusi önəm verəcəklərini bildirməsi mühüm hadisə oldu. Bu Avroatlantik birliyinin son aylarda düşdüyü böhrandan çıxması istiqamətində irəliyə doğru atılmış önəmli bir addımdır. Bundan sonra bəlli oldu ki, İngiltərənin baş naziri Starmer Rusiyanın kölgə donanmasına daxil olan 100 gəmiyə ən ağır sanksiya elan edəcək.
Əslində isə Trampın tədricən də olsa U dönüşü ilə ABŞ xarici siyasətinin ənənəvi cizgisinə qayıtması heç də səbəbsiz deyil. Ötən 3 ayda Tramp Ukrayna savaşında tərəfsiz mövqe seçməklə 70 -ci illərdə uğur gətirmiş Nikson strategiyasını bu dəfə tərsinə tətbiq edib Rusiyanı Çindən ayırmağa çalışırdı. Ona görə də Ukrayna məsələsindəki güzəştli mövqeyi ilə Putini bu planına qoşmaq üçün şirnikləndirməyə cəhd edirdi. Ancaq bəli olanda ki, Putin həm Çinlə müttəfiqliyi buraxmaq istəmir, həm də Ukraynada çox sey istəyir, onda Tramp artıq bu siyasəti davam etdirməyin faydasız olduğunu gördü. Dünən isə Moskvada Putinlə Si Cinpin görüşü barədə məlumat onu göstərdinki, hər iki ölkə müttəfiqlik münasibətlərini qorumaq niyyətindədirlər. Bu vəziyyətdə isə ABŞ- n Ukrayna məsələsində tərəfsizliyini davam etdirməsi dolayısı ilə elə Çinin mövqeyinin gücləndirə bilər.
Nadir torpaq elementləri ilə bağlı müqavilə isə indiki şəraitdə real maddi fayda saxlamaqdan daha çox, Trampa ona görə lazımdır ki, o, seçki komissiyası zamanı verdiyi vədə uyğun olaraq Ukraynaya silahları əvəzssiz vermədiyini idda edə bilsin.
Görünür Tramp artıq o nəticəyə gəlib ki, bir halda ki, Putinlə anlaşma mümkün deyil, o zaman Çinin müttəfiqi kimi demək Rusiyanı məğlub etmək lazımdır. Buna görə də indi Ukraynanı daha çox dəstəkləmək və Avropa ilə münasibətləri yenidən yaxşılaşdıraraq iş birliyini artırmaq gərəkdir. Rusiyaya qarşı sərt açıqlamaları ilə seçilən Almaniyanın yeni kansleri Merz isə tam bu işin adamı hesab oluna bilər. AFD görə Alınmaniyanı tənqid edən vitse prezidenti Vensin çıxıb birdən- birə Merzə isti münasibət bildirməsi də, məhz bununla bağlıdır.
Eyni zamanda Tramp artıq fərqindədir ki, Avropa ilə korlanmış münasibətlər fonunda, o, ticarət savaşı ilə təkbaşına Çinin öhdəsindən gələ bilməyəcək. Çünki ötən bir ay ərzində Çin açıq aşkar bu vəziyyətdən yararlanaraq Avropa ilə münasibətləri genişləndirilməyə çalışmaqdır. Ona görə də, Avropanın Çinlə yaxınlaşmasının qarşısını almaq və Avroatlantik məkanın birliyini yenidən bərpa edib Çini sıxışdırmaq, indi ABŞ-n milli maraqlarına daha uyğun bir siyasət olardı. Demək ki, bundan sonra ABŞ və Avropa arasında yaxınlaşma ilə bərabər, biz həm Rusiyaya, həm də Çinə qarşı koordinasiyalı fəaliyyətin artacağını gözləyə bilərik.
Fuad Gahramanlı