ABŞ Yəməni bombalayır, Tramp isə İrana xəbərdarlıq edir.
Tramp İranı vurmaq istəyir, yoxsa, atəşkəs üçün Putin qarşısında əlini gücləndirir?
Artıq üç gündür ki, ABŞ aviasiyasının Yəmən Husilərinə zərbələri davam etməkdədir. Bu zərbələr əsasən Qırmızı dənizdə hərəkət edən gəmiləri hədəf alan Husi hərbi obyektlərinə və onların liderlərinə qarşı yönəlib. İlkin məlumatalara görə, öldürülənlərin sayı artıq yüzü keçib və bundan daha da artıq yaralananlar var. Pentaqon zərbələrin Husilərin əməliyyat qabiliyyəti tam məhv edilənə qədər davam edəcəyini bildirib.
Xatırladaq ki, İsrailin Qəzzaya genişmiqyaslı hücumundan sonra, Qırmızı dənizdən keçərək Süveyş kanalına gedən gəmiləri hədəf alan Husilər, bu yolla İsrailin hücumlarına cavab verdiklərini iddia edirdilər. 25 trliyonluq dünya ticarətinin 12 faizinin keçdiyi Qırmızı dənizdə bu hücumlar üzündən risqlərin artmasına görə, ya sığorta xərcləri yüksəlir, ya da ki, gəmilər səfər müddətini 15 gün uzadaraq Afrikanın “Ümid burnu”ndan keçməli olurdular. Bu da bu marşrut boyu daşınan malların qiymətlərinin 20% artması ilə nəticələnmişdi.
Ancaq Yəmənə edilən avia hücumlar təkcə bu ölkə ilə məhdudlaşmayaraq hərbi əməliyyatların dairəsi genişlənə də bilər. Dünən ABŞ prezidenti Tramp öz sosial şəbəkə hesabından paylaşım edərək, Husilərin hücumlarına görə İranın məsuliyyət daşıdığını, Tehranın onları silah və kəşfiyyat məlumatları ilə təhciz etdiyini, bu hücumları yönləndirdiyini bildirib. Ancaq ən çox diqqət çəkən məqam budur ki, Tramp deyib ki, bundan sonra Husilərin artdığı hər gülləyə görə İran sorumlu tutulacaq və bunun bədəlini də ödəyəcək.
Göründüyü kimi Trampın açıqlaması savaş elanı təəssüratı yaradacaq qədər şərtdir. Belə çıxır ki, Husilərin ABŞ-a qarşı hər hansı cavab zərbəsi İranı bundan sonra legitim hədəfə çevirmək üçün yetərli sayılacaq. Dünən Pentaqon rəsmisi də bildirdi ki, Trampın masası üstündə İrana qarşı hərbi seçənək də daxil olmaqla bütün variantlar var.
Ancaq, o da ola bilər ki, Tramp bu cür təhdidlərlə İranı nüvə danışıqlarına vadar etməyə və ABŞ-n şərtləri ilə razılaşmağa məcbur etmək istəyir. Çünki İran rəhbərliyi bununla bağlı Trampın göndərdiyi məktuba və ABŞ-la danışıqlar təklifinə rədd cavabı vermişdi. İran yalnız sanksiyaların götürülməsi qarşılığında uranın zənginləşdirilməsi fəaliyyətini dayandıra biləcəyini bildirib. ABŞ isə nüvə silahı ilə bağlı fəaliyyəti dayandırmaqdan əlavə, İranın uzaq mənzilli raket və dron proqramlarının ləğvini, regiondakı proksi qüvvələrə dəstəyinin dayandırılmasını da tələb edir.
Böyük ehtimalla Tramp bu mövzunu Putinlə bu gün gözlənilən telefon danışığında müzakirə edəcək. O, bir qayda olaraq Putinin rəyinə xüsusi önəm verdiyi üçün, yəqin ki, İranla bağlı ata biləcəyi addımları da onunla müzakirə edəcək. O da ola bilər ki, Tramp ənənəvi taktikasına uyğun olaraq İranın vurulmasının an məsələsi olduğu təəssüratını yaradaraq Putinlə danışıqlarda əlini gücləndirməyə çalışır. Ehtimal etmək olar ki, o, bu yolla Putini Ukraynada atəşkəsə razı sala biləcəyinə ümid edir.
Fuad Gahramanlı