KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: Tehran görüşü nə vəd edir Bu görüşdə kimin qazanmaq imkanı var

Fuad Gahramanlı: Tehran görüşü nə vəd edir Bu görüşdə kimin qazanmaq imkanı var

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
27 0

Bu gün Tehranda Türkiyə, Rusiya və İran prezidentləri bir araya gələcəklər. Rəsmi olaraq müzakirə olunacaq məsələlər Ukrayna taxılının Qara dənizdən daşınması, terrorizmə qarşı birgə mübarizə, qaçqın problemi, regional əməkdaşlıq məsələləri olacaq.
Ancaq bu görüşün əsas məqsədi ABŞ-prezidenti Baydenin İsrail və Səudiyyə Ərəbistanına səfərindən sonra üç ölkənin bölgədə geosiyasi tarazlığın öz əleyhlərinə dəyişməsini əngəlləməkdir. Öncə onu deyək ki, Suriyada və Qafqazda Türkiyənin maraqları Rusiya və İranla toqquşduğuna görə təhlükəsizlik məsələsində üçlü razılaşmanın olacağı mübahisəli görünür. Bu görüşdə Ərdoğanla Putin arasında Qara dənizdən Ukrayna taxılının daşınması ilə bağlı razılıq əldə olunması daha real görünür. Çünki Ukraynadan gətiriləcək taxılın əsas alıcısı Rusiyanın az saylı silah müştərilərindən sayılan Misir olduğuna görə, bu məsələdə Putinin güzəştə getməsi mümkündür. Taxıl daşınmasında razılıq əldə etmək regionda Türkiyənin diplomatik – siyasi gücünü artıracaq bir hadisə ola bilər. Ancaq Türkiyənin əsas marağı Baydenin səfərindən sonra İsrail və Səudiyyə Ərəbistanı başda olmaqla regionda anti İran koalisiyasının güclənməsindən istifadə edib Suriyada güzəştlər qoparmaqdır. Rusiyanın Ukraynada məğlubiyyətə doğru getdiyi və Türkiyənin NATO – da mövqeyinin gücləndiyi hazırkı şəraitdə Moskva və Tehran Ərdoğanın İsrail və Səudiyyə Ərəbistanı koalisiyasına dəstək verə biləcəyindən çox narahatdırlar. Ona görə də gözlənilir ki, Ərdoğan bu kartı istifadə edərək Rusiya və İrana təzyiq edib Suriya və Qafqazda ölkəsi üçün daha çox paya tələb edəcək.
Rusiya və İranın isə əsas marağı Orta Şərqdə ABŞ-n himayəsi ilə yaradılan İsrail və Səudiyyə öncüllüyündəki koalisiyaya qarşı birgə müqavimət göstərmək və Xəzər hövzəsinə Qərbin daxil olmasını əngəlləməkdir. Həm Rusiya, həm də İran bu məsələdə Türkiyədən dəstək almaq istəsələr də, Türkiyənin belə bir ittifaqa dəstək vermə ehtimalı sıfır səviyyəsindədir. Rusiyanın Suriyadan öz ordusunun əsas hissəsini geri çəkməsi, Cənubi Qafqazda və Xəzər hövzəsi regionunda əvvəlki təsirini itrdiyi bir şəraitdə əsas ümidi İranı qızışdırıb qabağa vermək və birgə Xəzəri Qərb üçün qapalı hövzəyə çevirməkdir. Aydın görünür ki, qarşıdakı dönəmdə həm enerji resurslarına, həm də ki, Şərq Qərb nəqliyyat dəhlizinə görə Xəzər hövzəsi regionunun geostrateji əhəmiyyəti xeyli dərəcədə artacaq və yeni geosiyasi toqquşmanın episentrinə çevriləcək. Ancaq İqtisadi sanksiyaların çox zəiflətdiyi Rusiya və İranın bu məsələdə problemi ondadır ki, onlar nə resurs rəqabətində, nə də ki, region ölkələri ilə tarixi ziddiyyətlərə görə Qərbə qarşı etibarlı və davamlı koalisiya qura bilməyəcəklər. Rusiyanın patronalığı altında yaradılmış Kollektivi Təhlükəsizlik Şurası Ukrayna müharibəsində necə ki, Rusiyanın yanında durmadı, heç nəyə yaramadı, eləcə də bu dəfə də Moskva və Tehranın anti-Qərb bloku yaratmaq səyləri də boşuna gedəcək.
Bütün bunlar nəzərə alaraq demək olar ki, bu toplantıdan ən uduşlu çıxmaq şansı yenə Türkiyəyə aiddir. Türkiyənin mövqeyi bu məsələdə həm də regional tarazlığa təsir göstərəcəyinə görə, Qərb müttəfiqləri də qardaş ölkənin tələblərinə daha həssas yanaşmalı olacaqlar. Ona görə də Türkiyə bu vəziyyətdə hamıdan onun maraqlarını nəzərə almağı istəyəcək bir üstün durumdadır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.