Kürdlər silahı yerə qoydu, bu, kimin uğuru, kimin məğlubiyyətiidir ?
Dünən Suriyada ölkənin və regionun gələcəyinə təsir edəcək çox mühüm xəbər gündən oldu. Ölkənin Şimal Şərq ərazilərini nəzarətdə saxlayan PYD, indiki adı ilə SDQ lideri Fərhad Şahin (Məzlum Abdi) ilə ölkənin yeni keçici hakimiyyətinin rəhbəri Əhməd əş-Şara arasında 8 maddədən ibarət anlaşma memorandumu imzalanıb.
Bu sənədin imzalanması Tartus, Laskiiy və s. bölgələrdə “müsaidi” deyilən ərəb mənşəli ələvilərlə Suriyanın yeni hakimiyyətinin ordu birlikləri arasında qanlı toqquşmaların baş verdiyi ərəfəyə təsadüf etdi.
Əsəd rejimi devrildikdən sonra onun güc strukturlarında xidmət etmiş və insanlara qarşı işgəncə, zorakılıq törətməyə görə məsuliyyət daşıyanların bir çoxu, ölkənin Aralıq dənizi sahillərində yerləşən ələvilərin məskunlaşdığı bölgələrə sığınmışdılar. Suriya hakimiyyəti silahlarını təhvil verməyən Əsəd rejimi qalıqlarının gizləndiyi və İranla sıx bağlılığı olan bu bölgələrdə, qiyam olma ehtimalını nəzərə alaraq çox sıx hərbi nəzarət tətbiq edirdi.
Lakin, yeni Suriya ordusu hələ formalaşmadı üçün onun dövlət qaydalarının nə demək olduğunu bilməyən keçmiş cihadçı döyüşçülərdən təşkil olunmuş ordu birlikləri, Laskiiyə və Tartus ərazilərində özlərini gerilla savaşçıları kimi aparır, dinc əhaliyə qarşı görünməmis qəddarlıq edir və insanları qorxu altında saxlayırdılar. Onlar bir çox hallarda Əsəd rejiminin əsas dayağı olan ələvilərə qarşı açıq aşkar qisas mövqeyindən çıxış edidilər.
Bir tərəfdən yeni hakimiyyətin güc strukturlarının zorakı davranışına görə yerli xalqın artan narazılığı, digər tərəfdən isə hələ də öz məğlubiyyəti ilə barışmayan və revanş fürsəti axtaran İranın da qızışdırıcı təsiri ilə, adları çəkilən bölgələrdə Əsəd rejiminin zabitlərinin rəhbərliyi ilə silahlı qiyam baş verdi. 3-4 gün çəkən bu qiyam nəticəsində 1000-qədər insan həyatını itirmiş oldu.
İran çox ümid edirdi ki, bu qiyam ölkədə xaosa səbəb olacaq və mövcud Əş-Şəra hakimiyyəti ölkəyə nəzarəti itirəcək və 1920- 35-ci illərdə mövcud olmuş Müsaidi dövlətini elan edib öz nəzarətində olan bir bölgəyə sahib olacaq. Lakin yerli dinc əhaliyə qarşı çoxlu zorakılıq halları ilə nəticələnsə də, Suriya ordusu dünəndən etibarən ələvilərin yaşadığı ərazilərdə qiyamı yatıra bilib və sabitliyi təmin edib. Əhməd əs-Şara isə çıxış edərək dinc ələvi azlığa qarşı törədilmiş bütün zorakılıqların araşdırılacağını, günahkarların cəzalandırılacağını və ələvilərin heç bir ayrı seçkiliyə məruz qalmadan Suriya xalqının bir parçası olduğunu bildirib.
Qeyd edək ki, bu gün Suriya ordusu deyilən struktur, HTŞ çətiri altında Əsəd rejiminə qarşı döyüşmüş dini təmayüllü müxtəlif silahlı birliklərdən təşkil olunub. Ona görə də Əhməd əs-Şara hakimiyyəti indiki həssas dönəmdə ölkədə silahlı qiyamların qarşısını almaq və nəzarəti təmin etmək üçün əlində olan bu ordudan istifadə etməyə məcburdur. Ancaq əsas olan odur ki, indiki Suriya hakimiyyətinin normal demokratik əsaslara söykənənvə fərqli kimliklərə qarşı ayrı seçkilik etməyən, hüquq qaydalarına uyğun davranan dövlət qurmaq kimi bir istəyi və çalışamaları var.
Dünən qiyamın yatırılması fonunda, kürdləri təmsil edən (PYD) SDQ ilə imzalanmış sənəd isə ölkənin unitar yapışının qorunub saxlanılması istiqamətində atılmış çox mühüm addım sayıla bilər. Bu sənədə əsasən, SDQ silahlı gücləri hec bir fərqli statusu olmadan tam şəkildə Suriya ordusuna inteqrasiya edəcək, bu təşkilatın nəzarətində olan Fəraatın Qərbində yerləşən Hasakə, Eynül-Ərəb, Kamışlı və s. ərazilərdə bütün idarəçilik mərkəzi hakimiyyətin nəzarətinə keçəcək, neft, qaz, elektrik enerjisi hasil edən sahələr dövlətə təhvil veriləcək və.s. Bu anlaşma xəbərindən sonra və baş vermiş silahlı qiyamın yatırılmasının ardınca, Əhməd əl-Şaranın Brüsselə Suriyanın bərpa konfransına dəvət edilməsi onu göstərir ki, mövcud hakimiyyət ölkənin bütövlüyünü, daxil sabitliyi təmin edə bilməklə yanaşı, həm də beynəlxalq səviyyədə öz legitmliyini də qəbul etdirməkdədir.
Dünən SDQ rəhbəri Fərhad Şahinin (Məzlum Abdi) ABŞ-ordusunun Qətərdə yerləşən və Orta Şərqdəki bütün hərbi fəaliyyətə komandanlıq edən CENTCOM rəhbəriliyi ilə görüşərək Əhməd əş-Şara ilə görüşə gəlməsi, o deməkdir ki, artıq ABŞ-da kürdlərin silahı yerə qoymasını və yeni Suriya hakimiyyətinə inteqrasiya etməsini istəyir. Görünür Tramp hakimiyyəti artıq ABŞ uzun illər boyu himayə etdiyi SDQ-yə silahı yerə qoymaq zamanının gəldiyini bildirməklə Suriyadan öz ordusunu çəkməyə hazırlaşır.
Aydındır ki, Suriyada baş verənlər ilk növbədə Ərdoğan hakimiyyətinin çox böyük uğurudur. Çünki Türkiyənin əsas tələbi Suriyanın Şimal Sərqində kürdlərin hər hansı muxtariyyətinin olmaması və SDQ-nin silahları yetə qoyması idi. İndiki anlaşma ilə Türkiyənin bu tələbləri yerinə yetirilmiş olur. Aydındır ki, Əhməd əş-Şara hakimiyyətinin bütün olanlara rəğmən ayaqda qala bilməsinin pərdə arxasındakı əsas dayağı və strateji ağıl mənbəyi hazırkı Türkiyə hakimiyyətidir. Terrorçu başı Öcalanın PKK-nı silahı yerə qoymağa çağırmasından sonra, Türkiyə üçün ən böyük terror təhdidi qaynağı sayılan Suriyada da SDQ-nin yeni hakimiyyətə təslim olması, Türkiyənin təhlükəsizliyinin təmin olunması və regionda əsas güc mərkəzinə çevirilməsi baxımından böyük strateji uğuru sayla bilər. Bu uğurun altında isə Ərdoğan hakimiyyətinin imzası var.
Suriyada baş verənlərin faturasını Ərdoğan hakimiyyətinə kəsməyə çalışan ölkə içində və xaricində olan fürsətcillər, strateji ağıldan məhrum rəqiblər və bəzi region dövlətləri indi bu gəlişmələrdən çox məyusdurlar. İran isə bu vəziyyətdən daha çox narahatdır, çünki Türkiyə Suriyadan qaynaqlanan terror və separatçılıq təhdidini qapadaraq, Avropaya inteqrasiya xətti seçən dövlət kimi regionda əsas güc mərkəzinə çevrilməkdədir.
Fuad Gahramanlı