KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanli: Rusiyanın geosiyasi ambisiyaları və Cənubi Qafqaz labrinti

Fuad Gahramanli: Rusiyanın geosiyasi ambisiyaları və Cənubi Qafqaz labrinti

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
391 0

Cənubu Qafqazın geosiyasi konfiqurasiyasında qeyri-müəyyənlik davam etməkdədir. Rusiya yaxşı anlayır ki, təkcə Qarabağ kartından istifadə edərək, bütövlükdə regionun nəzarətdə saxlanılması getdikcə çətin olacaq. Oa görə də 3+3 formatını ortaya ataraq, özünün üstün olduğu regional birlik formatı yaratmaqla, çalışır ki, regional problemlərin dar müzakirə çərçivəsini və əməkdaşlıq mexanizmini yaratmaqla, kənar müdaxilələri də maksimum bloklaya bilsin. Görünən odur ki, hələ ki, Putinin 6 – lıq formatının yeganə dəstəkçisi hələ ki, İlham Əliyevdir. O, bu yaxınlarda Paşiniyanla məhz 6-lıq formatında danışıqlara hazır olduğunu deməklə, əslində, Ermənistana Kremlin bu layihəsini dəstəkləmək istiqamətində diplomatik təsir göstərməyə çalışır. Ancaq görünən odur ki, Moskvanın bu geosiyasi layihəsi bütün cəhdlərə rəğmən gerçəkləşə bilmir.
Bu günlərdə Moskvada səfərdə olan zaman Sergey Lavrov İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiana 6 – lıq formatına qoşulmağı təklif etsə də, hələ ki, İran da bu məsələyə isti baxdığını hər hansı formada göstərməyib. Çünki, İran yaxşı başa düşür ki, bu layihədə yer almaq Cənubi Qafqazda ona hər hansı söz haqqı tanımaq, regional nüfuzunu və təsir imkanlarını artırmaq şansı verməyəcək. Bu üzdən İran Qafqaz regionunu öz diktəsi ilə idarə etməyə çalışan Moskvanın əlində siyasi alət olub, onun maraqları üçün istifadə olunmasını özünə məqbul hesab etmir. Çünki 6 – lıq formatında Rusiya Ermənistanı, Türkiyə də Azərbaycan və Gürcüstanı özünün strateji ortağı saydığı halda, İranın maraqlarına dəstək verəcək region dövləti yoxdur. Bu səbəbdəndir ki, Azərbaycana hərbi təzyiq siyasətinə Moskvadan dəstək ala bilməyən İran bir addım geri çəkilərək anlaşma yolunu seçdi. Məlum olduğu kimi, bu günlərdə İran öz şirkətlərinə Qarabağa yük daşımasını qadağan edib və qarşılığında da Gorus-Qafan yolu ilə yüklərini gömrük yoxlaması olmadan maneəsiz daşınma hüququnu qazanıb. Bu anlaşma ikitərəfli münasibətlərin Tehranın maraqları üçün daha məqbul variant olduğunu göstərir.
Rusiyanın 3+3 geosiyasi layihəsinə təkcə İran deyil, Ermənistan da isti yanaşmır. Ermənistanın bu mövqeyi ilə bağlı Lavrov öz fikirlərini İran xarici işlər naziri Abdullahian ilə görüşdə ifadə etmişdi. Nə qədər paradoksal görünsə də, məsələ burasındadır ki, hələ ki, Azərbaycan və Türkiyənin davranışları Ermənistanı bu layihəyə qoşulmağa təşviq edir. Paşinyanın Türkiyə ilə danışıqlara hazır olduğunu deməsinə baxmayaraq, bu günə qədər Türkiyə tərəfi məsələyə müsbət reaksiya bildirməyib. Bu isə Ermənistanın daha çox Moskvadan asılı qalmasına, problemləri Rusiyanın iradəsi ilə çözmək zorunda buraxılmasına zəmin yaradır. Halbu ki, indi əsas strateji hədəf Ermənistanı Rusiyadan ayırmaq olmalıdır. Eyni yanaşma həm də Azərbaycanın mövqeyində görünür. İlham Əliyevin Paşiniyanın danışıqlar təklifini geri çevirməsi, yalnız Putin vasitəsi ilə danışmaq formatına dəstək vermək deməkdir. Nəyə görə iki ölkə məsələləri Moskva olmadan öz aralarında danışıb həll etməsinlər? Bəllidir ki, Rusiyanı bu prosesə qatmaq Kremlin regiondakı maraqlarını qorumaq anlamına gəlir. Aydın görünür ki, Moskvanın təsirini maksimum azaltmağa çalışan hazırkı Ermənistan rəhbərliyi 6-lıq formatı ilə Rusiyanın mövqelərinin güclənməsində maraqlıdeyil. Biz bunu Paşiniyanın çox vektoru xarici siyasət kursunda və ATƏT Minsk qrupunun yenidən canlandırılmağa açıq dəstək verməsində də görürük. Eyni zamanda son bir ildə Paşiniyan çox saylı xarici səfərləri bu ölkənin heç də, Rusiyanın orbitində qalmaq niyyətində olmadığından xəbər verir.
Gürcüstan isə Rusiyanı işğalçı hesab edir və onunla diplomatik əlaqələrini kəsib. Bu şərtlərlə Moskvanın Qafqazdakı iştirakına siyasi legitimlik qazandıran və onun maraqlarına xidmət edən hər hansı geosiyasi layihəni qəbul edilməz sayır. Bu ölkə Qərbə inteqrasiya kursunu bir mənalı həyata keçirir və AB və NATO – ya qoşulmağı hədəfləyib. Ona görə də Rusiyanın Türkiyədən Gürcüstanı 6 – lıq formatına qoşulmağa razı salmasını istəməsi, çox güman ki, nəticəsiz bir işdir. Ancaq maraqlıdır ki, bunu bilə- bilə bu günlərdə ABŞ-müdafiə Naziri Lloyd Austin
Gürcüstanda olarkən Tiflisin bu formatda yerinin olmaması barədə bəyanat verdi. Demək ki, burda əsas məqsəd ABŞ – n Cənubi Qafqazı heç də Rusiyanın arxa baxçası saymadığını göstərmək və regionun geosiyasi arxitekturasında iştirak etmək niyyətini nəzərə çarpdırmaqdır. Bu isə Rusiyanın Qafqazla bağlı məlum niyyətləri qarşısında Qərbin heç də etinasız qalmayacağı qənaətini yaradır.
Və son olaraq onu da deyək ki, Azərbaycan Moskvanın Cənubi Qafqazdakı satellitinə çevrildiyi üçün, Qərbin Rusiyaya qarşı hazırkı mövqeyinin yaratdığı geosiyasi fürsətləri də itirməkdədir. O üzdəndir ki, Türkiyənin Azərbaycana verdiyi dəstək regionumuzdakı qüvvələr balansına da elə bir ciddi təsir etmir.

Fuad Gahramanli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir