Rusiyanın Çindən hərbi yardım, hərbi texnika istəməsi elə-belə məsələ deyil. Rusiya rəhbərliyi başa düşməyə bilməzdi ki, belə bir xahiş mütləq ictimailəşəcək. Rusiya hər nə qədər Çini öz müttəfiqi kimi təqdim etsə də, bilir axı (ən azı bilməlidir) Çin həm də Rusiyanın çox ciddi potensial rəqibidir və Rusiya daha ciddi zəifləyəndə həlledici zərbəni elə Çindən alacaq. Rusiya rəhbərliyi Çindən hərbi yardım istəyərkən onu da başa düşürdü ki, bu xahişlə ən azı Çin qarşısında Rusiyanın zəifliyini etiraf etmiş olur. Deməli, məntiqlə köməyə çox ciddi ehtiyacları olub ki, Çindən belə bir xahişi ediblər.
Çindən kömək istədilər. Çin də bu məlumatı sızdırdı. Beləliklə, indi artıq bütün dünya bilir ki, Rusiyanın rəsmi statistikada, rəqəmlərdə ifadə olunan gücü sadəcə kağız üzərindədir, gerçəkliyi ifadə etmir.
Rəsmi rəqəmlərə görə, Rusiyanın guya 12 mindən artıq tankı, 30 mindən artıq zirehli texnikası var. Qalan silahlarını sadalamıram. Bu rəqəmlər düz olsaydı, Rusiyanın Ukraynada itirdiyi tanklar ümumi tanklarının cəmi 3, zirehli texnikasının isə 4 faizi qədər olmalı idi (hazırkı itkilərin Rusiyanın gerçək hərbi gücünün nə qədərini əhatə etdiyini ayrıca yazıda yazaram). Hərbi texnikasının cəmi 3-4 faizini itirən bir dövlət potensial rəqib dövlətdən hərbi yardım istəyib, özünü zəif göstərərdimi? Təbii ki, yox.
Beləliklə, Ukraynanın sayəsində indi artıq bütün dünya bilir ki, Rusiyanın rəsmi rəqəmlərdə ifadə olunan gücü reallığı ifadə etmir. Korrupsuya, avtoritarizm, saxtakarlıq Rusiya ordusunu o qədər zəiflədib ki, dünyanın heç ən güclü 20 ordusu arasında da olmayan (Ukrayna ordusu dünya orduları reytinqində 22-cidir) bir ordu ilə savaşın hələ 18-ci günündə artıq Rusiya xarici hərbi yardıma ehtiyac duyub.
Rusiyanın Çindən hərbi yardım istəməsi başqa bir həqiqəti də ortaya qoydu. Bir daha təsdiq olunur ki, Rusiyanın ətrafında yaratdığı müxtəlif ittifaqlar da (KTMT, MDB, Avrasiya İttifaqı), dostlar, müttəfiqlər də kağız üzərində imiş.
Gerçək sınaq məqamı gələndə məlum oldu ki, Rusiya diplomatiyası da ordu rəhbərliyi kimi rus xalqını aldatmaqla məşğul olub. Rusiyanın bircə güvənilər, babat dostu yox imiş. Ukrayna ilə birlikdə bütövlükdə mütərəqqi bəşəriyyəti də qarşısına almış Rusiyanın yanında yalnız Lukaşenko və Bəşər Əsəd var. Onların da zərəri faydasından qat-qat çoxdur. Rusiya xalqına bundan böyük pisliyi heç kim edə bilməzdi. Ancaq “nəyi, nə zaman, necə etməyi bilən” tək adam hakimiyyəti Rusiya xalqına bu pisliyi də etdi.
Ali Kerimli