Rusiyanın Ukraynada məğlubiyyəti Putini məsuliyyətdən yayınmaq üçün müxtəlif yollar axtarmağa vadar edir. Hələlik isə görünən odur ki, o uğursuzluğa görə öz ətrafındakıları günahkar çıxarmağa hazırlaşır. İlkin olaraq FSB – nin yüksək rütbəli zabitləri və iki generalı doğru kəşfiyyat məlumatı verməməkdə və Ukraynada təxribat sobataj fəaliyyətini təmin edə bilməməkdə günahlandırılaraq həbs olunublar. Ancaq gözlənilir ki, birazdan bu proses Rusiya ordusunun baş qərargahına və kəşfiyyat qurumlarının rəhbərləri səviyyəsinə qədər gəlib çıxacaq. Rosqvardiyanın komandan müavininin həbsi bu günahkar axtarışlarının tədricən yuxarıya doğru irəlilədiyini göstərir.
Çox böyük ehtimalla Putin hakimiyyətin davam etdirə bilmək üçün məsuliyyəti kimlərinsə üstünə atıb, özünü bu böyük məğlubiyyətin yükündən qurtarmaq istəyəcək. Bu istiqamətdə hakimiyyət daxili kütləvi həbslər, həm də Ukraynadakı məğlubiyyətdən narazı qalıb, revanş götürmək istəyən hakimiyyət daxili qruplaşmaları zərərsizləşdirmək üçün lazım ola bilər.
Revanş üçün hazırlanan qrupların isə Putinə yaxın siyasi, hərbi və iqtisadi çevrələrdə olacağı güman edilir. Çünki onlar narahatdırlar ki, Putinin hakimiyyətdə qalması beynəlxalq sanksiyaların davam etməsinə və ölkənin daha ağır duruma düşməsinə səbəb olacaq. Ona görə də hakimiyyətin yuxarı və orta eşalonunda Putinin hakimiyyətinə son qoymaq üçün çevriliş təşəbbüsləri gözlənilə bilər.
Rusiya ordusunun və kəşfiyyat qurumlarının rəhbərliyi də, müharibədən sonra özlərinin “günah keçisi” çıxarılmamaları üçün daha çevik tərpənib Putini devirə bilərlər.
Rusiya siyasətində hər zaman söz sahibi olan hərbi sənaye kompleksi də, rus ordusunu zəif hala salan korrupsiya əməllərin üstünün açılmaması üçün belə bir mümkün çevriliş planlarına dəstək verə bilər
Fuad Gahramanlı