Fuad Gahramanlı: Rusiya Trampı məyus etdi, o, isə Putini dəli adlandırdı
Merts Qərbin verdiyi raketlərə məsafə həddinin qaldırıldığını bildirdi.
Rusiya Trampı məyus etdi, o, isə Putini dəli adlandırdı.
Rusiyanın Ukrayna müharibəsində heç bir hüdud tanımayan aqressiyası elə bir həddə çatıb ki, artıq Tramp belə öz loyallığını pozmağa məcbur olub. Dünən, o, Putini çox sayda günahsız insanı öldürməkdə və dəli olmaqda ittiham edib. Tramp ilk dəfə olaraq Putinin bütün Ukraynanı ələ keçirmək niyyətində olduğunu da bildirib. Bu, artıq o deməkdir ki, bundan sonra atəşkəs danışıqlarının nəticəsiz qalmasının bütün məsuliyyəti də Rusiyanın üzərində qalır.
Tramın 30 günlük atəşkəs təklifini rədd etdikdən sonra, Rusiya heç nəyi nəzərə almadan iki gün öncə müharibə dövründə Ukraynaya qarşı ən kütləvi hava hücumunu həyata keçirdi. Eyni zamanda Rusiyanın Ukraynanın Sumi bölgəsi ilə sərhəddə 50 minlik qoşun yığdığı və cəbhə xəttini genişləndirərək, bufer zona yaratmaq adı altında yeni işğal planları qurduğu barədə məlumatlar da yayılmaqdadır.
Bütün bunlar onu göstərir ki, Putinə Ukrayna ilə aparılan danışıqlar yalnız ABŞ-ı oyalmaq və daha sərt addımların atılmasını ləngitmək üçün lazımdır. Hətta, bu günlərdə Lavrov çox açıq şəkildə bildirdi ki, indiki Ukrayna hakimiyyəti ilə danışıqlar aparmaq olar, ancaq, bu hakimiyyət legitim olmadığı üçün onunla sülh imzalamaq olmaz. Bu bəri başdan danışıqlarlın nəticəsiz olacağını bəyan etmək, onun mənasız olduğunu deməkdir.
Lavrovun bu açıqlaması onu göstərir ki, Rusiya ilə aparılan danışıqlar heç də sülhə xidmət etmir və bu sadəcə işğalçıya əlavə vaxt qazanmağa xidmət edir. Digər tərəfdən, Rusiya dəfələrlə bildirib ki, hər hansı müvəqqəti atəşkəs təklifini qəbul etmir və davamlı sülh üçün gərək “müharibəni doğuran səbəblər” aradan qalxsın. Bu səbəblərin təməlində isə Trampın da dediyi kimi Ukraynanın tamamını işğal etmək istəyi və Kiyevib müstəqilliyini qəbul etməmək mövqeyi durur.
Rusiyanın danışıqlardaki bu mövqeyinə və son hava hücumlarına Avropanın adekvat reaksiya özünü çox gözlətmədi. Almaniyanın yeni kansleri Merts bildirib ki, ABŞ, İngiltərə, Fransa və onun ölkəsi Ukraynaya verilən silahlara qoyulan məsafə məhdudiyyətini artıq götürüblər. Bu, Almaniyanın 500 km vura bilən “Taaurus” raketlərinin Ukraynaya verilməsinin önündəki maneənin də ortadan qalxması anlamına gəlir. Kansler Merts özü isə bu barədə suala konkret cavab verməyib. Bundan əvvəl isə, o, bildirmişdi ki, təhlükəsizlik səbəbindən bundan sonra Almaniya Ukraynaya göndərəcəyi hərbi yardımlar barədə məlumatları açıqlamayacaq.
Son olaraq onu da bildirək ki, ABŞ Senatında da senator Qremin təşəbbüsü ilə hazırlanmış və 82 senatorun dəstəklədiyi sanksiya layihəsinin gündəliyə salınması gözlənilir. Xatırladaq ki, bu sanksiya layihəsinə əsasən Rusiyadan neft alan ölkələrə qarşı 500%-lik rüsum tətbiqi nəzərdə tutulur. Artıq Trampın Putinlə danışıqlarının heç bir fayda vermədiyi və məsələni uzatmağın heç bir mənasının olmadığı aydındır və belə bir səraitdə, prezident administrasiyasının bu qanunun qəbulunu ləngitməsi getdikcə daha da çətinləşir. Böyük ehtimalla bu qanun layihəsi yaxın günlərdə Senatın gündəliyinə daxil ediləcək. Əgər bu qanunun qəbul edilmiş olarsa, o zaman onun Rusiyaya vurduğu zərbə, ABŞ-n əvvəllər göstərdiyi silah yardımından heç də az olmayacaq.
Fuad Gahramanlı
Share this content:
Yorum gönder