Fuad Gahramanlı: Rusiya İlham Əliyevi necə Lukaşenkoya çevirmək istəyir?
Narışkinin səfəri və Azərbaycan hakimiyyəti üçün geosiyasi tələ.
Hakimiyyət üçün təhlil:
Narışkinin Bakı səfəri ilə bağlı fikirlərimizi ötən təhlil yazımızda ətraflı yazmışdıq. Ancaq kifayət qədər müzakirələrə səbəb olan bu səfərin daha ilginc bir tətəfi diqqətdən kənar qalıb. Narışkin nəyə görə Azərbaycan hakimiyyəti ilə “sistemdənkənar müxalifətə” və Qərbə qarşı mübarizə aparmaq istiqamətində apardığı məxfi müzakirələri qayıtdıqdan sonra rəsmi məlumat şəkilində ictimailəşdirdi?
Bu məqam Rusiyanın Azərbaycan hakimiyyəti ilə münasibətdə nə qədər səmimi olduğunu, əsas niyyətini də üzə çıxarır. Bir qayda olaraq diplomatik müzakirələrdə danışılan məsələlər o zaman ictimailəşdirilir ki, bu yolla tərəflərdən biri digərinə təzyiq etməyə çalışır. Xüsusi xidmət orqanları isə diplomatlardan fərqli olaraq öz danışıqlarını, müzakirə etdikləri mövzuları heç vaxt açıq şəkildə bildirmirlər, ən yaxşı halda ümumi, bəzən də iz azdırıcı məlumatlarla kifayətlənirlər. Bu halda Narışkininn
öz səfəri haqqında qalmaqal yaradacağı əvvəlcədən bilinən sözü gedən məlumatı paylaşması ciddi sual yaradır. Hesab edirəm ki, bu sual təkcə müxalifəti deyil, elə Azərbaycan hakimiyyətini də düşündürməlidir.
İndiki məqamda Narışkinin “sistemdənkənar müxalifətə” və Qərb təsirinə qarşı Azərbaycan hakimiyyəti ilə birgə mübarizə aparacaqlarını deməsi heç də təsadüfi deyil və bununla Rusiya İlham Əliyev hakimiyyəti ilə Qərb arasında onsuz da zəifləmiş dialoq imkanlarına zərbə vurmaq, Azərbaycanı Kremlin geosiyasi tələsinə salmaq məqsədi güdür. Çünki bu məlumatdan sonra Azərbaycan hakimiyyətinin demokratiya düşmənçiliyinin təkcə onun avtoritar mahiyyəti ilə bağlı olmadığı, həm də birbaşa Rusiyanın planlarını əks etdirdiyi qənaəti yaranmış oldu. Rusiya bunu açıq ifadə etməklə Azərbaycan hakimiyyətini Qərbə öz vassalı kimi təqdim edib İlham Əliyevin də Lukaşenko kimi Kremlə bağlı olduğunu nümayişkəranə şəkildə göstərməyə çalışır. Bu baxımdan Narışkinin səfəri ilə bağlı verilən məlumat Azərbaycan hakimiyyətini geosiyasi tələyə salıb Qərblə dialoq, anlaşma imkanlarını məhv etmək məqsədi daşıyırdı.
Görünən odur ki, Azərbaycan hakimiyyəti də duza gedirmiş kimi Moskvanın təhriklərinə həvəslə əməl edir və bununla da Putin tərəfindən necə oyuna gətirildiyinin fərqində deyil. Putin narahatdır ki, Ukrayna müharibəsində vəziyyəti indikindən daha ağır olarsa, o zaman müttəfiqləri onu düşdüyü məğlub duruma görə tərk edə bilərlər. Ona görə də indidən elə vəziyyət yaratmağa çalışır ki, müttəfiqlərinin geri yolu bağlansın və gələcəkdə onlardan kimsə Paşinyanın yolunu getməsin. Yəni onların da Lukaşenko kimi Qərbələ yolları bağlansın və türklər demiş Putinin “kader arkadaşına” çevrilsinlər. Bu baxımdan İlham Əliyevin həl ki, Lukaşenkodan fərqli olaraq geriyə yolu var və əgər, o, istəsə həl də geri addım ata bilər. Ancaq Narışkinin səfəri haqqında məlumat da daxil olmaqla Rusiya rəsmilərinin son açıqlamaları da onu göstərir ki, Kreml münasibətləri daha çox gərginləsdirməklə İlham Əliyevin Qərbə yolunu bağlamağa və onu da Lukaşenko ilə eyni vəziyyətə salmağa çalışır.
İlham Əliyevə isə elə gəlir ki, o , Qərbə qarşı daha sərt ritorika seçdikcə, olkə daxilində repressiyaları gücləndirdikcə Qərb demokratiya , siyasi məhbusların azadlığı kimi tələblərindən geri çəkiləcək və beləliklə də, o , xüsusi imtiyaz sahibi olaraq münasibətləri öz şərtləri əsasında tənzimləyə biləcək . Və əslində İngiltərə kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun bu günlərdə Bakıya etdiyi səfərin məqsədi də Azərbaycanın indiki mövqeyinin Qərbin yeni dünya düzəni və Rusiya ilə bağlı strateji planlarına zərər verdiyini İlham Əliyevin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Rusiya isə Riçard Murun bu səfərindən dərhal sonra Narışkini tələsik Bakıya göndərilməsi inu göstərir ki, Putin İlham Əliyevin qlobal geosiyasi prosesləri nəzərə almayan mövqeyindən Qərblə geosiyasi savaşda oz maraqları üçün istifadə etməyə çalışır. Moskva bir tərəfdən İlham Əliyevi indiki siyasətində israrlı olmağa həvəsləndirir, digər tərəfdən də xüsusi informasiya siyasəti ilə Qərbə göstərir ki, Azərbaycan hakimiyyəti Kremlin iradəsini yerinə yetirir.
Kremlin geosiyasi tələsinə düşdüyünün fərqində olmayan Azərbaycan hakimiyyəti öz siyasətində israr etdikcə, Qərbdə Putinə olan mənfi münasibəti də üzərinə çəkmiş olur, özünə qarşı daha kəskin, sərt beynəlxalq təzyiqlərə rəvac vermiş olur. Xatırladaq ki, Lukaşenko bu il ərzində iki dəfə üst-üstə 80-ə qədər siyasi məhbus buraxsa da, onun bu addımına Qərbdən nəinki heç bir müsbət reaksiya gəlmədi, əksinə, bu günlərdə onun da Putin kimi həbs olunması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət olundu. Çünki artıq Lukaşenko üçün çox gecdir və o , öz qəddar davranışları, sərt üslubu ilə Qərblə bütün körpüləri yandırmış hesab olunur.
Bu baxımdan bu yazını daha çox hakimiyyətə ünvanlayaraq yazdım və təklif edirəm ki, onlar da Narışkinin səfəri haqqında verilən məlumat və digər Rusiya rəsmilərinin Azərbaycanı Qərblə daha çox qarşıdurmaya sövq edən bəyanatları barədə dərindən düşünsünlər.
Share this content:
Yorum gönder