Tramp Ukraynada nə etmək istəyir və ya onun dedikləri kimin marağına uyğundur?
İndi hər kəs Trampın nə edəcəyini bir tapmaca kimi çözməyə çalışır. Siyasətin ənənəvi üslubundan kənar, sadə cümlələrlə, kəskin ifadələrlə, tamamlanmamış bir fikirdən digər fikirə atlamaqla edilən çıxışlar içərsində və bir çox hallarda isə ABŞ xarici siyasətinin oturuşmuş çərçivələrini nəzərə almadan verilən impulsiv reaksiyalar arasında əsil niyyəti, məramı anlamaq heç də asan və sadə məsələ deyil. Çünki bir çox hallarda Trampın öz komandası belə bu dolaşıqlıq içərsində nəyin sabit və əsas olduğunu tam dəqiqliyi ilə bilmiş deyil.
Ona görə də Trampın nə edəcəyini, hansı qərarlar verə biləcəyini, onun hansı məsələdə Amerika maraqlarından kənara çıxa bilməyəcəyi çərçivəsində anlamaq, təxmin etmək daha doğru olardı. Bu baxımdan onun Ukrayna məsələsində atacağı addımların rəhbəri olduğu dövlətin maraqlarını ifadə etməsi məcburi bir öhdəlik sayıla bilər. Nəzərə almaq lazımdır ki, Trampın ABŞ-n qüdrətini yüksəltməklə bağlı verdiyi vədi təkcə daxil siyasətdə atılan addımlarla yerinə yetirmək mümkün deyil, bu həm də ilk növbədə Amerikanın təhlükəsizlik və iqtisadi maraqlarının qlobal səviyyədə qorunması ilə də bağlı olan bir məsələdir.
Bəs, bu maraqlar Ukrayna məsələsində necə davranmağı, hansı istiqamətdə addımlar atmağı tələb edir ? Əvvəlcə onu qeyd edək ki, Trampın Ukrayna savaşında atəşkəsə nail olmaq tələbi heç də Ukraynanı taleyin ümidinə buraxmaq demək deyil. Bu sadəcə sülh yolu ilə Rusiya işğalını durdurmaq məqsədi güdür. Çünki cəbhədə atəşin dayanması heç də Ukraynanın işğalda olan öz ərazilərindən vaz keçəcəyi anlamına gəlmir. Əksinə, bu gün Ukrayna silah gücünə əldə etmək istədiklərini o zaman Qərbin də dəstəyi ilə Rusiyadan danışıqlar stolu arxasında tələb edə biləcək. Bu danışıqlarda Qərbin işğal edilmiş Ukrayna ərazilərinin azad edilməsi qarşılığında qoyulmuş sanksiyaları qaldırılmaq şərti Kiyevə Rusiya qarşı böyük təzyiqlər etmək imkanları verəcək. Görünür Zelenski də məhz bu nüansları nəzərə alaraq Trampın sülh danışıqlarına razılıq verib. Bu baş tutarsa, bir tərəfdə Qərbin hərtərəfli yardımları ilə müharibə yaralarını saran və hərbi sənayesini, iqtisadiyyatını inkişaf etdirən Ukrayna, o biri tərəfdə isə sanksiyalar altında iqtisadi tənəzzül yasayan, beynəlxalq təcridə məruz qalmış Rusiya olacaq. O halda zaman da Ukraynanın xeyrinə işləyəcək.
Belə görünür ki, Putin heç də Trampın atəşkəs təklifinə isti yanaşmır. Çünki Kiyevi tutmaq, NATO-nu 97-ci il sərhədlərinə qaytarmaq məqsədi ilə başlayan müharibə, o zaman öz strateji hədəfinə çatmamış dayanmış olur və üstəlik Rusiya da işğal faktına görə ağır iqtisadi sanksiyalar altında qalır. Bu müharibə Putin üçün Şərqi Avropanın sərhədlərinə dayanıb Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirmək, Rusiyanın SSR-yə aid maraq və təsir zomasını geri qaytarmaq və bundan sonra da keçmiş Sovet respublikalarını özünə tabe etdirmək üçün lazım olan geosiyasi şərtləri təmin etməli idi.
Bu qlobal məqsədlər fonunda Ukraynanın işğal edilmiş bəzi əraziləri ilə kifayətlənmək, Putin üçün heç də uğrlu nəticə sayila bilməz. Çünki bu ərazilərin Rusiya əlində müvəqqəti qalması Moskvanın strateji məqsədlərindən heç birini təmin etmir. Əksinə, Finlandiya və İsveçin Ukrayna müharibəsi nəticəsində NATO-ya daxil.olması geostrateji baxımdan Rusiyanı indi daha cətin və təhdidlərə açıq bir vəziyyətə salıb.
Digər tərəfdən isə Putin Trampın tələbi ilə Ukrayna ilə sulh danışıqlarına başlamaqla bu ərazilərin statusunun danışıqlar predmeti olduğunu, deməli həm də mübahisəli sayıldığını qəbul etmiş sayılır. Demək ki, o halda daxildə xalqın qarşısında çıxıb işğal olunmuş Ukrayna torpaqlarını özününkü kimi təqdim etmək də inandırıcı görünməyəcək.
Təkcə bu da deyil. Bu müddətdə Tramın dünya bazarında neft qiymətlərini aşağı salması da Rusiyanın iqtisadi vəziyyətini daha da ağırlaşdırıb sanksiyaların təsirini daha da artıracaq.
Digər tərəfdən isə atəşkəsə nəzarət etmək üçün Avropa və ABŞ orduları gəlib cəbhə xəttinə yerləşərlərsə, bu, elə ad qoymadan NATO-nun yumşaq formada Rusiya ilə birbaşa təmas xəttində mövqe tutması və Rusiyanın danışıqlarda Ukraynanı yeni işğalla təhdid etmək imkanını itirməsi demək olacaq.
Ona görə də Tramp Ukrayna savaşında atəşkəs olması tələbini səsləndirəndə, bu, heç də ABŞ- n Avropanın təhlükəsizlik sistemində rol almaqdan imtina etməsi kimi başa düşülməməlidir. Bu gün Trampın NATO müttəfiqlərindən öz hərbi xərclərini ÜDM-n 5%-nə çatdırmağı tələb etməsi, Avropanı öz müdafiə qabiliyyətini daha da gücləndirməyə və Rusiya təhdidindən qorunmaq imkanlarını artirmağa vadar edir. Bu isə qlobal təhlükəsizliyin təmin edilməsində NATO-nun rolunun gücləndirilməsinə yalnız kömək edə bilər.
Bu isə həm də son nəticədə müasir və üstün texnoloji imkanlar olan ABŞ silahları üçün yeni bazarlar və alıcılar yaradaraq, Amerika ilə Avropanın hərbi əməkdaşlığını daha da gücləndirir. Sadəcə daha çox dəyərlər zəminində hərəkət edən Baydendən fərqli olaraq Tramp bu işin içinə Amerikanın ticari maraqları da qatır. Ancaq heç bir halda ortada Avropanın təhlükəsizlik təminatında iştirakdan geri cəkilmək kimi bir niyyət yoxdur. Bu baxımdan Amerikanın qlobal siyasətdəki üstün təsir imkanlarını qoruyub saxlaması, təkcə təhlükəsizlik məsələlərində deyil, həm də ticari maraqlarını təmin etməyə imkan verir.
Strateji maraqlar baxımından Rusiyanı sanksiyalar altında saxlayaraq Ukrayna ilə danışıqlar masası arxasına oturtmaq, yenə də ABŞ-n qlobal güc kimi qüdrətini göstərər. Çünki Tramp bunu xahiş minnətlə deyil, bütün dünyanın gözü qarşısında Putini yeni daha ağır sanksiyalarla və Ukraynanı daha çox dəstəkləyə biləcəyi təhdidi ilə edirsə və bundan sonra da Rusiyanın yaxın maraq dairəsi hesab etdiyi regionlarda Amerika öz maraqlarını həyata keçirirsə , burada şərtləri qəbul edən zərif tərəf kimi görünən Rusiya olacaq.
Yox, əgər Putin maksimalist iddalarla Ukrayna ilə danışıqlardan boyun qaçıracaqsa, o zaman Tramp öz sülh vədini yerinə yetirə bilməkdən ötrü Ukraynaya daha çox hərbi dəstək göstərməklə və Rusiyaya da yeni ağır sanksiyalar qoymaqla onu məğlub etməyə çalışacaq. Ona görə də heç bir halda ABŞ-n Ukrayna məsələsində oyunu yarımçıq tərk edəcəyini gözləməyinə dəyməz.
Fuad Gahramanlı