Fuad Gahramanlı: Rusiya Azərbaycanı yenidən işğal edə bilərmi ?
Bu təhlükə ilə siyasi müxalifətə münasibət arasında nə əlaqə var?
Dünən İstanbulda Ukrayna və Rusiya arasında keçirilən danışıqlar gözlənildiyi kimi nəticəsiz başa çatdı. Rusiya mediasının yazdığına görə ruslar atəşkəs üçün yenə də kapitulyasiya anlamına gələn şərtlər irəli sürüblər. Bu şərtlərə işğal olunmuş 4 vilayətin və Kırımın Rusiya ərazisi kimi tanınması, Kiyevə edilən xarici hərbi yardımların dayandırılması, Ukrayna ordusunun sayının azaldılması, yeni bir səfərbərliyin olmaması, atəşkəsdən bir ay sonra yeni seçkilərin keçirilməsi öhdəliyinin götürülməsi və s. kimi qəbul edilməz tələbələr var.
Əslində, mövzuya bu məsələdən başlamaqda məqsədim heç də dünənki danışıqlar barədə yazmaq deyil. Bu proses Rusiyanın Ukrayna məsələsinə hansı niyyət və iddalarla yanaşdığını göstərir. Aydın görünür ki, Rusiya, hətta müharibə bataqlığına saplanıb qaldığı indiki çətin vəziyytində, üzləşdiyi beynəlxalq təcrid şəraitində və iqtisadi böhranın dərinləşdiyi vəziyyətində belə, öz imperiya iddalarından vaz keçmir. Bu anormalllıq onu göstərir ki, əgər Rusiya bu müharibədən öz hərbi və iqtisadi gücünü tam itirməmiş çıxa bilsə , o mütləq Mərkəzi Asiya və Cənubi Qafqazda öz itirdiklərini geri qaytarmağa çalışacaq.
Bu günlərdə Rusiya prezidentinin müşaviri Andrey Kobyakov çox açıq şəkildə bildirdi ki, SSR hüquqi baxımdan buraxılmış sayılmır. Onun bu sərsəm görünən fikirləri heç də şəxsi qənaət deyil və Putin rejiminin keçmiş SSRİ ərazisinə imperialist baxış və iddalarını ifafə edir. Bundan əvvəl də Putin özü də bu ərazidə yaranmış dövlətləri “kvazi dövlətlər” adlandıraraq onların müstəqilliyini ciddi qəbul etmədiyini nümayiş etdirmişdi.
Bu onu göstərir ki, İlham Əliyevin Moskva ilə münasibətlərin necə olmasından asılı olmayaraq, Azərbaycan üçün də yaxın gələcəkdə Rusiya təhlükəsi çox realdır. Əgər, bu gün Avropa bu təhlükəyə qarşı silahlanırsa, İngiltərə öz ordusunu müharibə rejiminə keçirdiyini bildirirsə, Azərbaycan və digər postsovet ölkələri üçün əcəl zəngi çoxdan çalınır. Bu real təhlükənin narahatlığını hiss etməmək məsuliyyətsizlik olardı.
Belə bir təhlükə qarşısında Azərbaycan cəmiyyətinin vahid müqavimət potensialını gücləndirmək və xalqın dəstəyini qazanmağa çalışmaq yerinə, ölkədə repressiyaları gücləndirmək, hər hansı islahatlara getmədən korrupsioner sistemi qoruyub saxlamağa çalışmaq, təkcə ölkənin inkişafını ləngitmir, həm də xarici təhlükə qarşısında milli müqavimət potensialımızı da zəiflədir. Qarabağ savaşı da göstərdi ki, cəmiyyət və onu təmsil edən siyasi qüvvələrin ekstremal vəziyyətlərdə milli məsələlərdə həmrəylik nümayiş etdirməsi nə qədər önəmlidir.
Xüsusi ilə ölkədə hər şeyin bir adam iradəsindən asılı olduğu və milli iradənin əzildiyi, repressiyalar yolu ilə siyasi müxtəlifliyin və fərqli fikirlərin boğulduğu səraitdə, tək adam hakimiyyətinin bərqərar olduğu şəraitdə kənar təhlükə o bir nəfəri hədəf götürməklə də ölkənin taleyini həll etməyi mümkün saya bilər. Bunu görmək bu qədərmi çətindir? Əgər hakimiyyət rasional yanaşa bilsə, bu, ölkə ilə yanaşı, həm də elə onun öz təhlükəsizlik məsələsidir.
Məsələn bu gün Ermənistanda Rusiya anlayır ki, artıq Pasinyan olmasa belə, ölkənin indiki siyasi kursunu davam etdirə biləcək yeni siyasi elita və demokratik inistutlar var. Bu vəziyyət eyni zamanda həm də Pasinyanın Rusiya qarşısında təhlükəsizlik qarantiyası hesab olunur. Ona görə də, bu gün Azərbaycanda da siyasi müxalifətə, demokratik inistutlara münasibət, ölkənin kənar təhlükələr qarşısinda milli müqavimət potensialına birbaşa təsir göstərən milli təhlükəsizlik məsələsi olmaqla yanaşı, həm də Rusiyanın müdaxilə planlarının qarşısını almağın ən rasional yoludur. Bu, həm də Rusiya təhlükəsi qarşısında Azərbaycanın demokratik Qərbin dəstəyinə daha çox güvənə bilməsinin əsas şərtlərindən biridir.
Fuad Gahramanlı
Share this content:
Yorum gönder