Belə getsə İrandan dronla bərabər uzunqulaq da almalı olacaqlar.
Rusiya ordusunun uzunqulaqlardan istifadəsi müasir hərb tarixində artıq yeni bir “trenddir”. Bu barədə danışan Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev ciddi -ciddi deyib ki,
“Cəbhədə döyüş sursatı və digər texnikanın cəbhə xəttinə çatdırılmasında çətinliklər var, ona görə də nəqliyyatda eşşəklərdən istifadə normal haldır”.
Onun bu açıqlaması rus ordusunun bu günkü durumunu, müharibənin rus ordusunu necə tükəndirdiyini və ölkə rəhbərliyinin də bu acınacaqlı reallıqla barışdığını göstərir. İndi ruslar dədə- baba qaydası ilə logistika problemlərini çözməyə çalışırlar. Belə getsə ruslar İrandan dronla bərabər eşşək də almalı olacaqlar.
Biz qeyri nizami döyüş aparan hərbi qruplaşmaların Afrikada, Orta Şərqdə döyüş əməliyyatlarında pikaplardan istifadə etdiyini cox görmüşük. Ancaq heç onlar belə uzunqulaqlardan logistika problemlərini həll etmək üçün istifadə etməyə ehtiyac görməyiblər. Hətta bu gün Əfqanıstanda hakimiyyətdə olan Taliban belə ölkədə kifayət qədər uzunqulaq olmasına baxmayaraq, orduda onlardan istifadə etmir.
Ancaq 3 illik müharibə Rusiya ordusunu nə vəziyyətə gətirib çıxarıb ki, indi uzunqulağa möhtac qalıblar. Açıq aydın görünür ki, Ukrayna rus ordusunu texniki baxımdan tükəndirib, dizlərini yerə gətirib. Biz rus əsgərlərinin çəkdiyi videolarda onların nizami ordu olmaqdan daha çox, harasa basqın edən başıpozuq dəstə kimi əlinə keçən velosipedlərdə, motosiklet və qapısı – şüşəsi olmayan zədəli jiquli avtomobillərində hərəkət etdiklərini görməyə öyrəşmişik artıq.
Resursları tükənən Putin hələ də öz avantürasından əl çəkməyərək ordudakı nəqliyyat texnikası çatışmazlığını uzunqulaqlarla təmin etmək istəyir. Ölkə o vəziyyətə qoyulub ki, bir nəfər ağlı başında olan tapılmır ki, çıxıb bu rəzalətə görə hakimiyyətdən hesab tələb etsin .
Bir anlıq düşünün, uzunqulaq və dünyanın ikinci ordusu olmaq iddiası. Bu təkcə hərbi texniki gerilik deyil, həm də mənəvi tənəzzül deməkdir. Təkcə, bu da deyil, həm də Putinin idarəçiliyinin, avantürasının Rusiya kimi nəhəng potensialı olan bir ölkəni süni zəka, cip rəqabətlərinin getdiyi yeni texnologiyalar dövründə zamanın nə qədər gerisinə saldığını göstərir.
Fuad Gahramanlı