Şimdi yükleniyor

Fuad Gahramanlı: Ramiz Mehdiyevin çevriliş planı nə qədər real imiş? Gerçəkdənmi onu Putin satıb?

Fuad gahramanlı

 

Ramiz Mehdiyevlə bağlı məsələ nə qədər genişlənə bilər? İndi bu sual ətrafında ən müxtəlif gümanlar səslənir, kimlərin Mehdiyevlə birgə məsuliyyətə cəlb oluna biləcəyi ilə bağlı ən müxtəlif ehtimallar düşünülür. Ancaq dünən hakimiyyətin əsas saytlarından birində gedən yazıdan belə məlum olur ki, bu səs-küylü məsələnin miqyası heç də gözlənildiyi kimi böyük olmayacaq və bu işin arxasında tamam başqa niyyətlər durur.

Aydındır ki, indiki həssas məqamda rejimin informasiya siyasətini həyata keçirən əsas saytlarından birində belə bir mövzuda yazı təsadüfən peyda ola bilməz. Çünki görünən odur ki, həm Adnan Əhmədzadə, həm də Ramiz Mehdiyevlə bağlı prosesdə hər hansı rəsmi informasiya verilmir, yalnız hakimiyyətə bağı saytlar vasitəsilə ilə məlumatlar ötürülür.
Bəhs etdiyimiz bu yazıda bildirilirdi ki, sən demə, Ramiz Mehdiyevin dövlət çevrilişi planı heç də Rusiyanın işi deyil, bu məsələ yalnız onun öz təşəbbüsüdür. Bu yazıya görə 87 yaşlı qoca belə bir plan hazırlayıb, göndərib Putinə. Putin də Düşənbə görüşündə bu barədə İlham Əliyevə məlumat verib.Aydindır ki, məsələnin bu şəkildə sulandırıb təqdim edilməsi artıq onu qeyri-ciddi şəklə salmaqdadır.

Diqqət edin, bu yazıdan belə məlum olur ki, əslində ortada dövlət çevrilişi cinayəti ilə bağlı hər hansı hazırlıq, təşkilatçılıq, iş bölgüsü, iştirakçılar olmayıb. Ramiz Mehdiyev vaxtilə mənim həbsimə səbəb olmuş “Müxalifətin mitinq taktikası” kimi öz təxəyyülünün məhsulu olan bir yazı yazıb və onu da Moskvaya ötürüb. O boyda hay-küydən sonra məsələnin bu cür qoyuluşu nə qədər qeyri-ciddi görünsə də, məqsəd prosesi Ramiz Mehdiyevin hazırladığı “çevriliş planı” mətni ilə lokallaşdırıb yalnız onun özünü hədəfə çevməkdir. Həl ki, verilən məlumatlardan aydın olan budur ki, ortada mütəşəkkil dəstə halında hər hansı cinayət hazırlığı faktı yerinə, sadəcə Ramiz Mehdiyevin yazdığı bir plan, mətn var. Bu qədər həngamədə bu yazıya görəymiş.

Görünür, Ramiz Mehdiyev pensiyaya gedəndən sonra ona və yaxın çevrəsinə aid olan nəhəng varidatı almaq üçün çox cəhdlər olsa da, bu cəhdlər heç bir nəticə verməyib və qoca intriqana başa salmaq olmayib ki, bu sərvətlər özü ilə o dünyaya aparmaq üçün deyil, əsil sahibinə qaytarılmalıdır. Ona görə də dünya malından öz xoşu ilə əl çəkmək istəməyən
bu nəfsinə yenik qocanı həm cəzalandırmaq, həm də qorxutmaq üçün üstünə belə hay-küylə bərk gediblər, ağır maddələrlə yükləyiblər ki, bəlkə onu bu yolla “müdirikləşdirib” gedən ayaqda o biri dünyaya “ruhu paklanmış”, “nəfsindən” və haram malın günahlarından “arınmış” şəkildə yola sala bildilər. Bu bir növ korrupsioner rejimin bütün iri çəkili fiqurlar üçün nəzərdə tutulan daxili “dini” ayini kimi bir şeydir. Ona görə də yəqin ki, onunla indi istintaq adı altında dövlət çevrilişi planı yerinə, bu mövzuda “ruhani” söhbətlər edilir.

Həm də Ramiz Mehdiyevin üzərinə Cinayət Məcəlləsinin belə ağır maddələrinin qoyarkən fikirləşiblər ki, ona yaxın olan köhnə hakimiyyət oliqarxiyasının kolluqda gizlənmiş ağır çəkili fiqurlarını da bu yolla babat qorxudub, əlində olanları daha asanlıqla ala biləcəklər. İstintaqa çağırılacaq bu adamların qorxularından onların qarşısında qoyulacaq bütün tələblərlə razılaşacağını bildikləri üçün də, əvvəlcədən hay-küylü “dövlət çevrilişi” cinayətini Ramiz Mehdiyevin yazısı və ya planı kimi təqdim edirlər ki, adamların haqqını verib bu cinayət məsuliyyətindən azad olunmaq imkanları da olsun.

Maraqlı və paradoksal cəhət odur ki, Putin Ramiz Mehdiyevin planını qəbul etməsəydi belə, onu niyə İlham Əliyevə verib, özünün 5-ci kolonunu açıq hədəfə çevirirdi ki ? Bunu kim və hansı dövlət, hansı ağılla edər? Cırtdanın nağılı bu deyilənlərdən daha inandırıcı görünür. Düşənbə görüşündən sonra Azərbaycan diasporunun daha bir tanınmış rəhbərinin vətəndaşlıqdan məhrum edilərək deportasiya edilməsi, onu göstərir ki, Putinin Azərbaycana münasibəti heç də yaxşılığa doğru dəyişməyib.Ona görə də Ramiz Mehdiyevin planını Putinin İlham Əliyevə verməsi çiy söhbətdir.

O zaman məntiqi olaraq belə nəticə çıxır ki, haqqında danışdığımız məqalə ilə Rusiyanı Ramiz Mehdiyevin çevriliş planından kənarda saxlamaq istəyirlər. Çünki Rusiya da bu işin içində yer almış olsaydı, onda “Azərbaycansayağı” istintaqla məsələni yola vermək olmazdı — gərək ortaya real sübutlar, dəlillər qoyulsun və gerçəkdən də 5-ci kolonun fəaliyyət qabiliyyətli, ağır çəkili üzvləri də həbs olunsun. Ancaq biz görürük ki, 5- ci kalon hakimiyyətin bətnində kəşfiyyat terminologiyası ilə desək “mürgüləyən hücrələr” kimi toxunulmaz olaraq qalmaqdadır. Bütün bu cəncəlləri kənara qoymaq üçün, ehtimal ki, sonda məsələnin başını Ramiz Mehdiyevin “çevriliş planı” yazısı ilə bağlamaq nəzərdə tutulur. Bu işin yeganə “uğuru” odur ki, Azərbaycan hakimiyyəti 22 ildən sonra “operativ” davranib 87 yaşlı Ramiz Mehdiyevi Əzraildən qabaq tutub.
Fuad Gahramanlı 

Share this content:

Yorum gönder