Fuad Gahramanlı: Ramiz Mehdiyev niyə həbs olundu?
Bu həbsinin ardı olacaqmı ?
Ramiz Mehdiyev haqqında dövlət çevrilişi ittihamı ilə cinayət işi başlanması və ev dustaqlığı barədə qərar verilməsi, gözlənilməz olduğu qədər də hakimiyyət daxilində genişmiqyaslı, dərin hesablaşma olduğunu göstərir. Əlbəttə, biz Azərbaycanda bu cür ittihamların siyasi mahiyyət daşıdığını bildiyimiz üçün məsələyə yalnız rəsmi ittiham əsasında baxıb istintaqın gələcəyi qənaət əsasında qiymət verə bilmərik.
İlk diqqəti cəlb edən məqam budur ki, Ramiz Mehdiyevin həbsi Azərbaycan və Rusiya münasibətlərində yaranmış gərginliyin yumşaldığı bir dövrə təsadüf edir. O zaman ilk versiya kimi belə ehtimal etmək olar ki, Ramiz Mehdiyev məsələsi Putin–İlham Əliyev görüşündə həll olunub. Görünür, münasibətlərin gərgin olduğu dövrdə Ramiz Mehdiyevin başında durduğu Rusiya şəbəkəsinin Kremlin hazırladığı hansısa planda yer aldığı barədə Azərbaycan hakimiyyətində hansısa məlumatlar olub. İlham Əliyev də Putinlə Düşənbə görüşündə təkcə vurulmuş Azərbaycan təyyarəsinə görə təzminat istəməyib, həm də Ramizin “kəlləsini” tələb edib. Belə görünür ki, Putin də münasibətlərin yumşaldılması üçün buna razı olub. Həbsin bu görüşdən dərhal sonra baş verməsi bu versiyanı gücləndirir.
Digər bir ehtimal da bu ola bilər ki, Putinlə söhbətdə münasibətlərdəki problemlər aradan qaldırılmadığı üçün İlham Əliyev ehtiyat tədbiri kimi, Rusiyanın mümkün planlarını pozmaq məqsədilə Ramiz Mehdiyevi həbs etdirmək qərarına gəlib. Bununla da daxilindəki Rusiya şəbəkəsini qorxutmaq, onun fəaliyyət imkanlarına zərbə vurmaq istəyir. O zaman bu halda demək olar ki, Ramiz Mehdiyevin dövlət çevrilişi ilə bağlı cinayət əməli hələ bundan sonra “düzülüb-qoşulacaq”. Bu proses həm də ona görə rahat olacaq ki, müxalifətçilərdən və vətəndaş cəmiyyəti nümayəndələrindən fərqli olaraq Ramiz Mehdiyev və onun ətrafı istintaqın siyasi sifariş əsasında düzəltdiyi sübutlar barədə cəmiyyətə açıq məlumat verə bilməyəcəklər. Əksinə, yenə də dövlət başçısına sədaqətli olduqları barədə mesajlar göndərməklə İlham Əliyevin “mərhəmətinə” nail olmağa çalışacaqlar.
Bu yerdə Ramiz Mehdiyevin 15 sutka inzibati həbs olunmuş kürəkəni İlham Əliyevin azadlığa çıxdıqdan sonra kameralar önündə ağlayaraq hansı “ərdəmə” sahib olduğunu xatırlamaq lazımdır.
Digər bir versiya da bundan ibarətdir ki, ortada hər hansı bir çevriliş söhbəti olmasa da, Ramiz Mehdiyevin başında durduğu köhnə məmur oliqarxiyasının əlində korrupsiya yolu ilə toplanmış böyük miqdarda sərvət var və indi artıq heç kimə lazım olmayan bu qocanın əli ilə bu sərvətin geri alınmasına start verilib. Onun üzərinə elə ağır maddələr qoyulub ki, istənilən köhnə naziri və oliqarxı istintaqa çağıranda yəqin ki, onun dizləri əsəcək və o, da əlindəki böyük sərvətin əhəmiyyətli hissəsini verib canını “onunla iş birliyi” ittihamından qurtarmağa çalışacaq. Ona görə də indi heç kimə lazım olmayan bu qoca hakimiyyətin əlində xəzinə açarı kimi bir şeydir. Bu baxımdan hazırda baş verənlər, ölkədə kapitalın tam təmərküzləşməsi prosesini tamamlamaq üçün qurulmuş ssenarinin cəmiyyətə nümayiş etdirilən afişasıdır.
Son olaraq onu da qeyd edək ki, yuxarıda sadaladığımız üç versiyanın hər hansı birinin real olmasından asılı olmayaraq, bütün hallarda Ramiz Mehdiyevin həbsi çox sayda adamın bu cinayət işinə cəlb edilməsinə səbəb olacaq. Ona görə də indi istər hakimiyyətin kuluarlarında, istər keçmiş məmur təbəqəsi arasında, istərsə də iri biznes dairələrində dərin təşviş və qorxu hissi yaşanmaqdadır. Kimlərin səksəkə içərisində olduğunu isə yəqin ki, hər kəsin ağlında hansısa adlar var…
P.S. Başqa bir versiya da var ki, hələ o barədə yazrmıram.
Fuad Gahramanlı
Share this content:



Yorum gönder