KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Qarabağı alındı, bəs sonra ?

Fuad Gahramanlı: Qarabağı alındı, bəs sonra ?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
193 0

Müxalifətin və iqtidarın Vətən təsəvvürü eynidirmi?

Avtoritarizm fərqli fikir və ideologiyalara rəğmən cəmiyyəti birləşdirən ortaq dəyərlərin yaranmasına mane olur.
Bu sırada ən təhlükəli hal dövlətçiliyin avtoritarizmin təbliğinə alət edilməsi və cəmiyyətdə rejimə münasibətlə dövlət maraqlarına münasibətin eyniləşməsidir. Azərbaycanda olduğu kimi avtoritar rejimlərdə dövlət milli iradəni təmsil edən təsisat kimi fəaliyyət göstərmək yerinə, hakimiyyətdəkilərin korporativ maraqlarına xidmət edir, qanunlar əvəzinə bir nəfərin iradəsinə tabe etdirilir və belə bir şəraitdə də cəmiyyətdə rejimə qarşı olan etirazlar bir çax hallarda dövlət maraqlarına qarşı da yönəlir. Biz bunu yaxın günlərdə Qarabağla bağlı çox ağrılı formada yaşadıq.

Niyə? Çünki Xalq politoloq deyil ki, siyasi terminləri incəliyinə qədər fərqləndirsin. Ona görə də cəmiyyət üçün bir çox hallarda hakimiyyət elə dövlət anlamında qəbul edilir. Bu baxımdan son günlər Qarabağda əldə olunan nəticələrə münasibətdə cəmiyyətimizdə bir fikir haçalanmasını gördük. İnsanlar narahatdlrlar ki, rejim geosiyasi fürsətin yaratdığı bu uğurdan istifadə edərək, öz şit və ifrata varan təbliğatı fonunda ölkəni talayan korrupsiya əməllərinı, hüquqa məhəl qoymayan zorakı mahiyyətini, gündən günə ağırlaşan sosial iqtisadi problemləri arxa plana atmağ çalışacaq, hesab verməli olduğu məsələlərə görə yenə məsuliyyətsiz davranıb insanları yoxsul, hüquqsuz hala salan siyasətini həmişəki arxayınlıqla davam etdirəcək.

Bu hakimiyyət hələ də anlamır ki, Vətən təkcə torpaq parçası demək deyil. İnsanlara torpaq həm də ona görə lazımdır ki, onun üzərində Vətən deyib qürurla yaşaya, iş tapa bilsin, pul qazanıb özünü dolandırsın, hüquqlara sahib olduğunu hiss edib ədalətə güvənsin, hüzur tapsın, baş götrüb ölkəsindən qaçmasın, xəyallarını da, arzularını da öz ölkəsi ilə bağlı qursun. Yoxsa, torpaq onun üstündəki dövlət idarələrindən it kimi qovulmaq, o torpağın üstündəki ədalətsizlikdən zinhara gəlmək, o torpağın altından çıxarılan sərvətləri oğurlayanların dəbdəbəli həyatına həsədlə baxmaq, torpağın üstündə veyil – veyil gəzib arzularını, ümidlərini diri ikən dəfn etmək üçün deyil axı. Azərbaycan hakimiyyəti xalqa belə torpağı Vətən kimi göstərmək, sırımaq istəyir.

Vətəni ancaq torpaq parçası kimi anlamaq, təqdim etmək onun insan rifahına və xoşbəxtliyinə xidmət edən maddi və mənəvi dəyərlərini nəzərə almayan ibtidai arealizmin nəticəsidir və bu cür Vətən təsəvvürü müasir dövrdə ancaq korrupsionerlərin, avtoritarlların işinə yarayır. Çünki qloballaşma dövründə müasir insan üstündə yaşadığı torpağa təkcə öz coğrafiyası kimi baxıb xoşbəxt ola bilmir, ona mütləq yaşadığı məmləkətdə rifah, hüquq, azadlıq vermək lazımdır. İndi millətlər öz Vətənlərini insana verilən dəyərə və rifah üçün saxladığı imkanlara görə önə çıxarmağa çalışırlar. Amerikanı çeşidli millətlərin Vətəni edən də məhz bu fəlsəfədir.

Vətəni sevmək niyə onun üstündə kasıb, hüquqsuz yaşamağı görməməyə, deməməyə səbəb olsun ki? Diqqət edin, Azərbaycan hakimiyyəti kimləri anti-milli hesab edir? Bu ölkənin insanını əzən, onu istismar edən, hüquqlarını əlindən alan siyasəti tənqid edənləri Qərbin adamı çıxarır, davamlı surətdə kənar çevrələrdə bağlamaq istəyir. Çünki bu Vətənin maddi sərvətlərindən, büdcəsindən, qanunlarından hamıya pay düşməsini istəyən kəslər bu rejimin quru torpaq parçası kimi təqdim etdiyi Vətən anlayışına fərqli yanaşırlar. Halbuki Vətənə ən böyük zərbə məmləkət insanını kasıb, hüquqsuz hala salıb, onu başqa millətlərin yanında əzik duruma qoyanda və yad məmləkətlərə həsədlə baxmağa vadar ediləndə vurulur.

Bu Vətən üçün Şəhid qanı nə qədər müqəddəsdirsə, onun insanın intellektindən, bacarığından, xəyal gücündən, xoşbəxt olmaq arzusundan, pul qazanmaq istəyindən, çalışmaq əzmindən də istifadə etmək bir o qədər önəmlidir. Bunu edə bilirikmi, edə bilirlərmi? Yox, bunu edə bilmədiyimiz müddətdə də Vətənə ancaq doğma torpaq kimi baxmaqda davam edəcəyik. Bunların olmadığı heç bir Vətən öz insanına xoşbəxtlik, rifah və tərəqqi bəxş edə bilmir.
Vətən o zaman tərəqqi edir, hüzur və xoşbəxtlik məkanı olur ki, onun üstündəki adamlara da Vətənin bir parçası kimi baxılır, o torpağın hər qarışı kimi insanı da dəyərli sayılır .
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir