Putinin Ukrayna ilə bağlı yeni planı
Qərb Putini Ukrayna bataqlığında boğmaqda qərarlıdır
Ukraynada geniş cəbhə xətti boyu müharibə aparan Rusiya uğradığı məğlubiyyətdən sonra taktikasını dəyişir. Putin Ukrayna boyu bütün hücum istiqamətlərindən qoşunlarını geri çəkərək onları Donbas istiqamətində cəmləməyə çalışır. İstanbuldakı Ukrayna – Rusiya danışıqlarında rusların Kiyev və Çerniqovdan geri çəkiləcəklərini bildirmələri də, bu məqsədlə deyilmişdi. Bununla da Putin aşağıdakı məqsədləri nəzərdə tutur.
1. Rusiya müharibənin gedişini lokallaşdırıb öz böyük itkilərini və uğursuzluqlarını azalda bilər. Rusiya öz səpələnmiş qüvvələrini bir məntəqədə cəmləməklə Ukrayna ordusuna qarşı daha uğurlu əməliyyat aparmaq, effektiv zərbələr vurmağı planlayır.
2. Ukrayna ordusu geri çəkilən Rusiya ordusunun arxasınca əks həmlələrə keçərək, Donbasda açıq sahə döyüşlərində cəlb olunur. Beləliklə də ukraynlar rus ordusunu məğlubiyyətə uğratmış şəhər içi müdafiə mövqeyindən çıxaraq, açıq sahədə mövqe döyüşlərinə cəlb olunurlar. Bu halda isə Putin hərbi üstünlük qazanacağını və revanş imkanı əldə edəcəyini düşünür.
3. Donetsk və Luqanskın Rusiya birləşdirilməsi məsələsinin gündəliyə gətirilməsi Putinə imkan verəcək ki, Ukraynaya təcavüzü öz xalqına Vətən müdafiəsi uğrunda müharibə kimi təqdim edib, daha çox ictimai dəstək əldə edə bilsin. Hərbi baxımdan isə, bu yolla ölkə sərhədlərini qorumaq adı altında iri səfərbərlik planı həyata keçirib ağır itkilər vermiş rus ordusunu yenidən komplektləşdirmək, əlavə rezerv hesabına gücləndirmək nəzərdə tutulur.
4. Ən nəhayət Putin Ukraynadan əliboş çıxmır və Donbası qoparmaqla Rusiyaya əlavə torpaq qazandırdığını şovinizmə yoluxmuş rus toplumuna təqdim edir. Bununla da Ukraynanın tamamının işğal edilməsi məqsədini unutdurub, guya Rusiyanın öz məqsədinə çatdığı görüntüsü yaratmağa çalışılacaq. Eyni zamanda rus xalqına daha çox adrenalin vermək üçün Gürcüstanın Osetiya bölgəsinin də eyni vaxtda Rusiya birləşdirilməsi və Çar Putinə daha böyük zəfər çələngi düzəldilməsi də gündəmdədir. Bu günlərdə qondarma Osetiya rəhbərliyinin belə bir çağırış səsləndirməsi də təsadüfi deyil.
🔸Ancaq bütün bu məsələlərin Rusiya üçün ona görə gerçəkləşməsi mümkünsüz görünür ki, Rusiyanın üzərinə çox ağır sanksiyalar qoyulub və hərbi münaqişənin uzanması nəhəng resurslar, böyük maliyyə vəsaitləri tələb edir. Putin qida qəbul etməyən kök adam kimi bədəninin olan qalan piylərini əridəndən sonra, resurslarının tükənməsi üzündən Donbasda da Ukrayna ordusuna müqavimət göstərmək iqtidarında olmayacaq. O zaman daha betər rüsvayçı məğlubiyyət Putini əzəcək. Biri var bütün Ukrayna boyu döyüşüb uduzmaq, ölkəni işğal edə bilməmək, bir də var, hətta Donbası belə əldə saxlaya bilməməmək. ABŞ və Britaniya başda olmaqla Ukraynaya maliyyə və hərbi yardımların davam etməsi və artması qarşılığında, Rusiya öz məhdud resursları ilə müharibəni uzun müddətə davam etdirə bilməyəcək. Əksinə Donbasda müharibənin uzanması Qərb üçün Rusiyanın resurslarını tükətmıyin daha effektiv formasına çevriləcək.
Bundan əlavə Ukrayna ordusunun qələbə nəticəsində artmış döyüş əzmi və on minlərlə döyüş bacarığı qazanmış peşəkar döyüşçüləri qarşısında Rusiyanın səfərbərlik yolu ilə yığdığı təcrübəsiz çağırışçılar çox zəif qalacaqlar. Təkcə Mariupol nümunəsindən görünür ki, Rusiya dəfələrlə üstün olduğu, mühasirədə saxladığı bir şəraitdə belə uğur qazana bilmirsə, demək ki, rus ordusunun döyüş qabiliyyəti qələbə çalmağa imkan vermir. Ən əsası da zaman keçdikcə sanksiyaların təsiri artacaq və Putin getdikcə öz içindən çökən Rusiyanın ağır iqtisadi böhranında çabalaya- çabalaya daha da tükənmiş olacaq.
Fuad Gahramanlı