KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Qərb 7 fevral seçkisini tanıdımı?

Fuad Gahramanlı: Qərb 7 fevral seçkisini tanıdımı?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
31 0

Qeyri legitimlik nədir və Qərb nə istəyir?

Bəzi dostlar soruşrlar ki, Qərb 7 fevral seçkisinin nəticəsini tanıdımı? Əvvəla indiki halda Azərbaycanla bağlı seçki nəticələrini tanımaq və tanımamaq deyilən vahid bir qərar anlayışı yoxdur. Biz yalnız seçki ilə bağlı Qərb dövlətlərinin və və institutlarının indiki dönəmdə göstərdikləri və verəcəkləri reaksiyalar əsasında onların 7 fevral seçkisinin nəticələrini legitim sayıb saymadıqlarını deyə bilərik.
Əgər Qərbin siyasətini müəyyənləşdirən əsas ölkələr və onları təmsil edən təşkilatlar, 7 fevral seçkisinin demokratik olduğunu qeyd edib İlham Əliyevə seçilməsi ilə bağlı ayrıca təbrik göndərərlərsə, bu, faktik olaraq seçkinin beynəlxalq səviyyədə legitim qəbul edilməsi anlamına gələr.

Yox, əgər belə qiymətləndirmə və təbriklər yoxdursa, bu, o deməkdir ki, Qərb 7 fevral seçkisinin Azərbaycan xalqının iradəsini əks etdirmədiyi, azad və ədalətli olmadığı qənaətindədir. Bu gün Azərbaycanda seçki ilə bağlı beynəlxalq səviyyədə rəy vermək mandatı yalnız ATƏT DTİHB – nin Uzun Müddətli Müşahidə missiyasına həvalə olunub. ATƏT missiyası adından yayılan qiymətləndirmədə isə seçkinin rəqabət mühitində keçmədiyi, əsas siyasi hüquqların, o cümlədən də sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı, tənqidi səslərin boğulduğu, kütləvi qanun pozuntuları şəraitində keçirildiyi vurğulanır. Bu isə faktiki olaraq seçki nəticələrinin qeyri legitim sayılması deməkdir. Politoloji baxımdan legitimlik iki əsas anlayışı özündə ehtiva edir, bunlar qanunilik və haqlılıqdır. Birincisi hüquqi, ikincisi isə mənəvi normadır. Bu qiymətləndirmədə hər iki pozuntu yer alıb, seçki mahiyyət etibarilə qeyri legitim hesab edilib.

ABŞ, İngiltərə və Avropa Birliyinin Diplomatik Xidməti adından yayılan bəyanatlarda ATƏT Müşahidə Missiyasının bu rəyi ilə razılaşıldığı bildirilir. Bunun yanı sıra adları çəkilən ölkələrin rəhbərləri və digər Avropa dövlətləri İlham Əliyevi ayrıca təbrik etməyiblər. Təbrik edən Macarıstan, Serbiya kimi Avropa ölkələri isə Qərbin özündə demokratik prosedurların pozuntusuna görə davamlı olaraq qınanılan və Qərb siyasi rəyini təmsil etməyən əhəmiyyətsiz ölkələr hesab olunurlar.

Bu məsələdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təbriki istisna sayılmalıdır. Çünki onun təbrik zəngi İlham Əliyevin seçkidən sonra Qərbin vasitəçilik etdiyi sülh danışıqlarında iştirak öhdəliyinin icrasını xatırlatmaq məqsədi daşıyırdı. Azərbaycan hakimiyyəti hələ seçkidən öncə bununla bağlı ABŞ Dövlət katibinin köməkçisi O’Brayenə söz veriib. O zaman Azərbaycan məqsədli şəkildə prezidenti seçkisini sülh danışıqlarından və müqaviləsindən öncəyə salmışdı ki, saxta seçkiiyə görə Qərbin daha sərt ritorikasl ilə qarşılaşmasın. Çünki sülh müqaviləsindən sonra yaranacaq yeni geosiyasi şəraitdə ölkə daxilində indiki oyun qaydalarının dəyişə biləcəyi nəzərə alınmışdı. İndi Şarl Mişel dərhal öhdəliyin yerinə yetirilməli olduğunu xatırlatmaq üçün zəng edib və diplomatik prosedur gərəyi prosesin başa çatması ilə də bağlı təbrik edib. Bu isə seçilməyi deyil, seçkinin İlham Əliyevin xeyrinə yekunlaşması anlamını verən bir qiymətləndirmədir.

İndiki halda İlham Əliyev üçün ən uyğun variant Qərb tərəfindən legitim olmasa da faktiki prezident kimi qəbul edilməsinə nail olmaqdır. Çünki onun üçün məsələnin mənəvi, hüquqi tərəfi deyil, real hakimiyyətin özü daha əsasdır. İlham Əliyev bilir ki, qarşıda Ermənistanla sülh müqaviləsinin imzalanması olduğu üçün çox güman ki, Qərb 7 fevral seçkisnin qeyri legitim olması məsələsini elə də qabartmayacaq. Çünki qeyri legitimlik məsələsi çox qabardılarsa, bu zaman İlham Əliyevin Ermənistanla imzalaması gözlənilən sülh müqaviləsinin statusu da sual altına düşə bilər.

Ancaq reaksiyalar onu deməyə əsas verir ki, bu gün Qərbin Azərbaycandakı seçki nəticələrinə yanaşmada ayrıca tənqidi münasibət bildirmədən ATƏT Müşahidə Missiyasının rəyi ilə razılaşması, yalnız Ermənistanla sülh danışıqlarını davam etdirilməsi və sülh müqaviləsinin imzalanması üçündür. Bu sülh müqaviləsindən sonra isə Azərbaycana münasibətdə tələblərin və qiymətləndirmələrin də kəskin şəkildə dəyişəcəyi gözlənilir.
AŞPA da Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi faktı da göstərdi ki, Qərb sülhdən sonra Azərbaycan hakimiyyətinin indiki şəkildə özünü aparmasına dözmək niyyətində olmayacaq. Çünki sülh müqaviləsindən sonra Azərbaycanın öz daxili siyasət standartlarını dəyişməsi Qərbə inteqrasiya prosesinin tələbinə çevriləcək. Bunun fərqində olmaq lazımdır. Rusiya ilə geosiyasi rəqabətdə Azərbaycanın inteqrasiya prosesində iştirakı Qərbin maraqlarının tələbədir, bu səbəbdən də demokratiyaya bu gün təkcə bir bəşəri dəyər deyil, həm də geosiyasi inteqrasiya və təzyiq alətidir.

P. S. Müxtəlif yutub kanallarında ayrı – ayrı sahələr üzrə ekspertlərin fəaliyyət sferalarına daxil olmayan geosiyasət haqqında danışmaları və yanlış nəticələrlə insanları çaşdırmaları sadəcə təəssüf doğurur. Anlamaq olmur ki, bu insanlar bilmədikləri , bilikləri olmayan sahə üzrə ekspert kimi danışmağı özlərinə necə rəva görürlər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir