Şimdi yükleniyor

Fuad Gahramanlı: Putinin ümidləri necə boşa çıxdı? Səudiyyə Ərəbistanındakı danışıqlar niyə iflasa uğradı ?

Fuad gahramanlı

ABŞ və Rusiya nümayəndəliərinin ər-Riyadda keçirilmiş görüşü gözlənildiyi kimi nəticəsiz başa çatdı. Avropa Birliyi və Ukrayna bu danışıqların nəticəsini tanımayacağını bildirəndən sonra, əslində bu görüşü keçirməyin də bir mənası qalmamışdı. Ancaq həm Rusiya, həm də ABŞ diplomatik təşəbbüsün və qərar vermə hüququnun onlara məxsus olduğu görüntüsü yaratmaqdan ötrü, Ukrayna və AB -nin etirazlarına rəğmən bu mənasız görüşü keçirdilər. Hər iki tərəf bu görüşün boş və əhəmiyyətsiz olduğunu etiraf etməmək üçün, görüşdən sonra guya iki tərəfli münasibətləri müzakirə etdiklərini bildirdilər.

Ancaq elə bu görüş tərəflərin istəyinin əksinə olaraq Rusiyanın tutduğu mövqeyə görə savaşın diplomatik yolla çözümünün real olmadığını bütün dünyaya göstərdi. Lavrovun görüşdən sonra işğal olunmuş Ukrayna ərazilərinin geri qaytarılmasını istisna etdiklərini və Avropa ölkələrinin ordularının təhlükəsizlik təminatı məqsədi ilə təmas xəttinə yerləşdirilməsinə razı olmayacaqlarını deyəndən sonra, Trampın qərarı ilə gerçəkləşən danışıqlar təşəbbüsü də iflasa uğramış kimi görünür.

Hər kəs gördü ki, Rusiya danışıqlar masasına ona görə oturub ki, hərbi yolla nail ola bilmədiyini masa arxasında əldə etsin və öz işğalına legitimlik qazandırsın. Rusiya üçün sülh danışıqlarına razı olmaq, öz işğalçı tələblərini qəbul etdirmək anlamına gəlir. Lavrovun açıqlamasından da aydın görünür ki, Avropa ölkələrinin Ukraynanın təhlükəsizliyinə təminat verməsinə qarşı çıxmaqla Rusiya öz gələcək işğal niyyətlərinin qarşısını kəsəcək şərtləri də qəbul etmək istəmir. Aydındır ki, bu halda heç bir davamlı sülhdən söhbət gedə bilməz.

Bu şərtlər daxilində aparılan danışıqlar isə qarşılıqlı kompromislərə əsaslanan sülhə deyil, Rusiyanın qalib gəlməsinə və Ukraynanın təslim olmağının rəsmiləşdirilməsinə xidmət edər ancaq. Zelenski bununla bağlı dünən İstanbulda olarkən bildirdi ki, “biz heç rus ordusu Kiyev ətrafında olanda onların ultimatiumunu qəbul etməmişik, indi onun qəbulunu kimsə bizdən gözləməsin”.

Məhz, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında görüşlərin keçirildiyi bir vaxtda Zelenskinin Türkiyəyə səfər edərək Ankarnı da sülh müzakirələrinə daxil etməsi, çox mühüm addımdır. Zelenski Türkiyəni Ukraynanın təhlükəsizliyinə təminat verən ölkələr arasında gördüyünü dilə gətirməklə, ABŞ-n hazırkı mövqeyi nəticəsində yaranan boşluğu doldurmağa çalışır. Bu baxımdan Zelenskinin bu səfəri Türkiyəyə onun Avropa təhlükəsizlik sistemində rolunu və əhəmiyyətini artıran geosiyasi dəyər də qazandırır.

Ərdoğanın mətbuat konfransında Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə etməsi isə Tramp adminstrasiyasının indiki siyasəti fonunda Kiyevin mövqeyini xeyli gücləndirir. Bu Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmamaq və Tramp adminstrasiyasının mövcud reallıqla barışmaq mövqeyinə qarşı, Türkiyənın Ukraynaya verdiyi açıq siyasi dəstək hesab olunur.

Bu arada Avropa Birliyinin də transatlantik ittifaq daxilində baş verən mövqe fərqliliklərinə rəğmən qətiyyətli mövqe nümayiş etdirməsi, Rusiya ilə ABŞ arasındakı danışıqların gələcək perspektivlərini də sual altına almış olur. Avropanın bu kollektiv dəstəyi Ukraynaya öz ərazi bütövlüyünü sülh sərti kimi müdafiə etməyə və təhlükəsizlik təminatı tələb etməyə imkan verir.

“Politiko” nəşrinin məlumatına görə Avropa Birliyi yaxın zamanlarda Ukraynaya 6 milyard avro dəyərində əlavə hərbi yardım paketi elan etməyə hazırlaşır. Bu həm də, AB -nin yeni yaranmış hazırkı situasiyada real addımlar atmaq imkanlarını da nümayiş etdirir və bu baxımdan çox önəmlidir. Almaniya xarici işlər naziri Annelina Berbok isə bildirib ki, AB savaş müddətində Ukraynanın ehtiyaclarını təmin etmək üçün çox böyük maliyyə ayrirmaq planları üzərində işləyir. Eyni zamanda öz mövqeyində qətiyyətli görünən AB -nin Rusiyaya qarşı yeni 16 – cı sanksiya paketini də elan edəcəyi gözlənilir. AB-nin bu sahədə imkanlarının nə miqyasda olduğunu təsəvvür etmək üçün deyək ki, əgər, AB ölkələri hərbi xərclərini əlavə olaraq 3 faiz artıb onu ÜDM-nin 5 faizinə çatdırsalar, bu 800 milyard dollarlıq büdcə demək olar. Göründüyü kimi AB bu sahədə Ukraynanın bütün ehtiyaclarını qarşılaya biləcək böyük maliyyə gücünə sahibdir.

Son olaraq qeyd edək ki, Rusiyanın danışıqlar yolu ilə öz işğalını dünyaya və Ukraynaya qəbul etdirməklə bağlı bütün ümidləri boşa çıxmış görünür. Zelenskinin simasında Ukraynanın qətiyyətli mövqeyi və Avropa Birliyinin öz dəyərlərinə və təhlükəsizlik məsələsinə münasibətdə geri çəkilməməsi və Kiyevə öz dəstəyini artırması, hər kəsin hesablaşmalı olduğu bir reallıq yaradıb. Bunu nəzərə almadan atılan hər bir addım iflasa məhkumdur.

Yorum gönder