Şimdi yükleniyor

Fuad Gahramanlı: Putinin planı necə pozuldu?

Zelenski və Avropa liderlərinin Trampla görüşünün nəticəsi nə oldu?

Dünən Putinin planı necə pozuldu?

Dünən Vaşinqtonda Trampla Zelenski və Avropa liderləri arasında bütün dünyanın diqqətlə izlədiyi görüş keçirildi. Bu tədbirin təşəbbüskarı olan Tramp görüşdən öncə bəyan etmişdi ki, sülh danışıqlarının nəticə verməsi üçün, özünün də təklif etdiyi öncə atəşkəs razılaşması yerinə, Putinin müharibəni birdəfəlik bitirmək təklifi istiqamətində müzakirələr aparılmalıdır.

Alyaska görüşündən sonra Trampın dediklərindən belə məlum olurdu ki, Putin yalnız “ərazi mübadiləsi” formatında bütün istəkləri qəbul edildikdən sonra, Ukraynaya təhlükəsizlik təminatı verilməsinə də razılaşa bilər. Ərazi mübadiləsi deyildikdə isə işğalda olan Xarkovun 4%, Dnepropetrovsk, Nikolayev və Suminin – 1% əraziləri daxil olmaqla 5% yeri geri qaytarmaq qarşılığinda Luqansk və Donetski bütövlükdə, Zaparojye və Xersonun işgalda olan ərazilərini, ümumən usə 7% ə qədər sahənin Rusiyaya verilməsi nəzərdə tutur. Krım isə heç müzakirə edilmiir.

Ancaq Trampın özü tərəfindən irəli sürülmüş atəşkəs təklifi yerinə Putinin müharibəni birdəfəlik dayandırmaq mövqeyini müdafiə etməsindən sonra o sual da yaranır ki, bəs o zaman atəşkəs üçün 50 gün, sonra da 10 gün vaxt verməyin mənası, məqsədi nə imiş?

Dünənki danışıqlarda Almaniya kansleri Merts Putinin sülh danışıqlarını öz istədiyi formata keçirmək planını pozmaq üçün çox qətiyyətli mövqe sərgilədi. O, Trampla açıq qarşıdurmaya getmədən bildirdi ki, sülh danışıqları üçün mütləq atəşkəs lazımdır, əks təqdirdə bu real olmayacaq. Əslində, kansler Merts bununla Zelenskinin deməli olduğu sözü deyərək onu Trampla toqquşmaya getməkdən qoruyaraq, əvvəlki həll variantını -öncə atəşkəs, sonra danışıqlar və müharibəni bitirmək mövqeyini yenidən diriltmiş oldu.

Hiss olunurdu ki, Avropalı liderlər Putini sevindirməmək üçün Zelenskini Trampla toqqusmadan qorumaqdan ötrü əsas fikirləri öz adlarından deməklə bağlı öncədən razılaşmışdılar. Ona görə də Zelenski mətbuat qarşısına daha çox təşəkkür ifadələri ilə dolu qısa və ümumi sözlərdən ibarət çıxışnda Trampın eqosuna ünvanlanmış xoş sözlərlə kifayətləndi. Bu baxımdan Mertsin kəskin nitqindən sonra Makaronun dedikləri də Trampın “Putin təhlükəsizlik zəmanətinə razıdır” “kompromisini” hədəf aldı.

Makron haqlı olaraq bildirdi ki, söhbət təkcə Ukraynanın yox, bütövlükdə Avropanın təhlükəsizlik zəmanətindən gedir. Bu isə danışıqlar masasında Avropanın da iştirakını tələb edir. Yəni, bunula da Avropa liderləri ötən görüşdəki təcrübəyə əsaslanaraq Zelenskini Trampla dünənki görüşə tək buraxmadıqları kimi, indi də Putinlə görüşə tək buraxmaq istəmədikləri mesajını verdilər. Çünki Alyaska görüşündən sonra Trampın mövqe dəyişikliyi onu göstərir ki, Avropanın iştirakı olmadan Zelenski bu görüşdə təklənə bilər.

Digər tərəfdən isə, Putinin müharibənin ilkin səbəblərini aradan qaldırmaq mövqeyi, təkcə Ukrayna coğrafiyasını deyil, bütün Avropa təhlükəsizlik məkanını əhatə etdiyi üçün Makronun bu təklifi problemin mahiyyətinə uyğun məntiqli yanaşma kimi görünür.

Dünənki tədbirin nəticəsinə gəldikdə isə, aydın idi ki, Putin öncədən heç bir ərazi güzəştinə getməyəcəyi halda Zelenski ilə üçtərəfli görüşə razılıq verməyəcək. Kremlin bunla bağlı əvvəldən bəyan etdiyi mövqeyini əsas götürən Zelenski, dünən ərazi mübadiləsi məsələsini Putinlə danışmağa hazır olduğunu deməklə, əslində bu görüş baş tutmazssa buna görə Trampın Putini qoyub onu ittiham etməsinin qarşısını almaq istəyib.

Elə dünən Rusiya prezidentinin köməkçisi Yuri Usakov bildirdi ki, Trampla Putin arasında görüş əsnasında baş tutan danışığa əsasn Rusiya və Ukrayna nünayəndə heyyətləri arasında görüş keçirilməsi və nümayəndə heyətilərinin səviyyəsinin yüksəldilməsi razılaşdırılıb. Göründüyü kimi ruslar Trampın dünən Zelenski və Putin arasında görüş olacağı ilə bağlı yazdığı statusdakı nikbinliyi bölüşmürlər və onlar indiki halda yalnız nümayəndə heyətləri arasında görüşdən danışırlar.

Digər tərəfdən həm Mertsin, həm də Makaronun yuxarıda toxunduğumuz fikirləri Avropanın kollektiv iradə ilə bundan sonra da Ukraynanın yanında olacağını və Putinin öz mövqeyini Qərbə qəbul etdirə bilməyəcəyini göstərdi. Avropanın bu mövqeyi həm də Trampın Putinlə razılaşmalarının Ukrayna üzərində təzyiq yaratmasının da qarşısını xeyli dərəcədə alir. Dünənki görüşdə biz bunu da müşahidə etdik.
Fuad Gahramanlı

Yorum gönder