Bir gündə Qərbdən Rusiya iki zərbə !
Putini diz çökdürəcək yeni plan.
Qərb dünən Rusiya üçün daha 2 gözlənilməz sürpriz etdi. ABŞ prezidenti Bayden konqresə müraciət edərək Ukrayna üçün daha 11,7 milyard dollar hərbi yardım ayrılmasını istəyib. Bu, o deməkdir ki, Rusiya yaxın vaxtlarda Ukraynada daha çox Amerikan silahı ilə qarşılamağa hazırlaşmalıdır. Belə çıxır ki, Ukraynadakı hazırkı vəziyyət ABŞ -ı qane etmir və cəbhədə kardinal dönüş edilməsinə qərar verilib. Məlum olduğu kimi oktyabrda işə düşəcək “Lend Liz” aktına əsasən Ukraynaya ayrılacaq 40 milyard dollarlıq yardım paketinin 23 milyard dolları birbaşa hərbi yardım kimi nəzərdə tutulur. Görünür, bu məbləğ müharibə meydanında istənilən əhəmiyyətli dəyişikliyi etmək üçün yetərli sayılmadığına görə, yenidən 11,7 milyard dollar ayrılması istənilib. Xatırladaq ki, bu məbləğ müharibə dövründə Ukraynaya indiyədək ayrılmış hərbi yardım həcmindən daha artıqdır. Bu isə qarşıdakı dönəmdə ABŞ-n USQ – yə aviasiyadan tutmuş, ən müasir raket-artileriya, radar sistemlərinə qədər daha böyük həcmdə hərbi yardım göndərməyə hazırlaşdığını deməyə əsas verir. Bu günlərdə Qərb ölkələrində hərbi təlim görüb geri qayıdan ukraynalı döyüşçülərin iki min nəfərinin ancaq artileriya və raket sistemləri üzrə mütəxəssis kimi hazırlanması onu göstərir ki, yeni silah tədarükü prosesində HİMARS və M 270 lərin sayında böyük artım gözlənilir. Bu gün Ukrayna verilmiş 20 HİMARS qarşısında çətin vəziyyətə düşən və böyük ölçüdə itkilər verən rus ordusu üçün yeni HİMARS komplekslərinin gəlişi, əsil fəlakət ssenarisi vəd edir. Məlumatlara görə isə yaxın günlərdə Ukrayna HİMARS-lar üçün 300 km vuran lazerlə idarə olunan ATACMS raketləri göndəriləcək. Bu isə düşmənə vurulan zərbələrin sərrastlığını, məsafəsini artırmaqla yanaşı, həm də Krım da daxil olmaqla Rusiyanın cəbhə xəttinə yaxın ərazilərində aktiv döyüş əməliyyatları aparılmasına imkan verəcək.
Putin üçün digər bir bəd xəbər isə G-7 ölkələrinin toplantısında Rusiya neftinə qoyulan qiymət həddidir. Bildirilir ki, rus neftinin alışı üçün maximum 60-40 dollar məhdudiyyət həddi nəzərdə tutulur. Bu isə o deməkdir ki, Rusiya indiki yüksək neft qiymətlərindən əldə etdiyi gəliri dekabrdan sonra itirməyə başlayacaq.
Rusiyanın gündəlik neft hasilatının 7,5 milyon barel olduğunu nəzərə alsaq, bu, ən azından gündəlik 210 milyon dollardan artıq itki demək olacaq. Eyni zamanda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen dünən bildirib ki, sentyabrın 9 – da keçiriləcək Avropa Birliyi ölkələri energetika nazirlərinin toplantısında Rusiya qazına da aşağı alış hədi Qoyulacaq. Son gəlişmələrdən qəzəblənən Rusiya isə cavab olaraq Avropaya qaz nəqlini dayandırıb. Əslində, bu yolla Qərbə təzyiq göstərib qərarını dəyişmək cəhdi enerji daşıyıcıları ixracından aslı vəziyyətdə olan Rusiyanın özünü daha çətin duruma salacaq. Çünk çətin də olsa Avropa Birliyi alternativ mənbələr hesabına qaza olan ehtiyacını ödəyir və Ursula fon der Lyayenin verdiyi məlumata görə, artıq Avropa qışa hazırlıq məqsədi ilə öz anbarlarının 80 faizini qazla doldurub.
Bu onu göstərir ki, Qərb Ukraynaya göstərilən hərbi yardımları daha da artırmaqla və Rusiyanı əsas maliyyə gəlirindən məhrum etməkl, Putini diz çökdürməyə çalışır.
Fuad Gahramanlı